18 May 2024, Şənbə

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında “Xilaskarlıq missiyası” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev bildirmişdir ki, müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin nurlu şəxsiyyəti, parlaq əməlləri dünya durduqca nəsillərə örnək olacaq fenomenal fəaliyyət nümunəsidir. 1944-cü ildən 1969-cu ilədək dövlət təhlükəsizlik orqanlarında fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyev sovet rejiminin yaratdığı son dərəcə böyük çətinliklərə baxmayaraq, yeri gələndə həyatını təhlükə altına atmaq bahasına da olsa, Azərbaycanın mənafelərini hər şeydən uca tutmuş, bu yolda qətiyyətlə, əzmlə mübarizə aparmışdır. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbərlik etməyə başlayan dahi şəxsiyyət geridə qalmış bir respublikanı qısa müddətdə geniş tərəqqi yoluna çıxarmış, dünyada tanıtdırmışdır. Dahi rəhbər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982) bütün sahələrdə ölçüyəgəlməz uğurlar qazanılmışdır. 1982-87-ci illərdə daha yüksək vəzifədə – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə də ulu öndər Azərbaycanın yüksəliş və tərəqqisi naminə möhtəşəm fəaliyyətini qətiyyətlə davam etdirmişdir.

Bildirilmişdir ki, 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra ağır blokada şəraitində yaşayan Naxçıvana gələn xalqımızın böyük oğlu Heydər Əliyevi xalq böyük coşqunluqla qarşıladı. Həmin vaxt Naxçıvan son dərəcə ağır bir şəraitdə yaşayırdı. Müdrik rəhbər Heydər Əliyevin Naxçıvana qayıdışı xalqın əsl nicatına çevrilmişdir. Hamı dahi şəxsiyyətin timsalında böyük xilaskarını tapdı. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur. Ulu öndərimiz 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Həmin vəzifədə işlədiyi iki ilə yaxın müddətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanı erməni işğalından qorumuş, onun müdafiəsini təmin etmiş, qədim diyarımızı hərtərəfli inkişaf yoluna çıxarmışdır. Beləliklə, ulu öndərin 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi ilə ictimai-siyasi həyatda fəal iştirakı muxtar respublikanın tarixində böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkə üçün son dərəcə önəmli bir hadisəyə çevrilmişdir.
“1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. İstiqlala qovuşmuş xalq ürəkdolusu sevinməyə macal tapmamış ağır problemlər mən-gənəsinə düşdü. Artıq 1993-cü ilin yazında Azərbaycan okeanda üzən sükansız tənha gəmiyə bənzəyirdi. Çətin vəziyyətə salınmış xalq düşdüyü ağır böhrandan xilas yolları arayır, nicat üçün çarpışırdı”, – deyən təşkilat sədri qeyd etmişdir ki, belə bir vaxtda xalq yeganə düzgün, müdrik yolu seçdi – dünya şöhrətli siyasi xadim, böyük dövlət xadimi Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.
1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi gerçəkləşdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə Sədr seçildi. Beləliklə, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdış günü olan 15 iyun müstəqillik tariximizə “Milli Qurtuluş Günü” kimi yazıldı. 1993-cü ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində qərinələrə sığmayan son dərəcə böyük işlər görmüşdür.
Tədbirdə Yeni Azərbaycan Partiyası fəallarından Elvin Məmmədov, Emin Mehbalıyev, Uğur İsgəndərov və başqalarının çıxışları olmuşdur. Çıxışlarda bildirilmişdir ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Qədim Naxçıvan da özünün əsl intibah dövrünü yaşayır. Bütün bunlar isə ulu öndərin əbədiyaşar təliminin həyati gücünün möhtəşəm-liyinin əks-sədasıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR