19 May 2024, Bazar

Azərbaycan ədəbiyyatında romantik lirikanın banisi, vətənsevər şair Məhəmməd Hadi vaxtilə ürəkağrısı ilə: “Yox millətimin xətti bu imzalar içində” deməklə Vətəninin də sivil ölkələr sırasında olmasını arzu edirdi. Bu təkcə bir şairin yox, bütün millətin arzusu idi. Bu gün azad və müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı dünyanın ən nüfuzlu qurumlarında – Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında və digərlərində qürurla dalğalanır. Azərbaycan xalqı müstəqil ölkəsini təmsil etmək və öz xəttini dünya imzaları içində görməkdən fəxarət hissi keçirir.

Məlum olduğu kimi, 1993-cü ildə Azərbaycan xaos və özbaşınalıq burulğanında, ümummilli böhranın məngənəsində boğulurdu. Xalqımız yenicə qazandığı müstəqilliyini itirmək, ölkəmiz parçalanaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə dayanmışdı. AXC-Müsavat cütlüyü özünün naşılığını və təcrübəsizliyini, dövlət idarəetməsində acizliyini dərk edərək hakimiyyətdən getmək məcburiyyətində qalmışdı. Bu zaman Azərbaycan xalqı yeganə düzgün qərarını qəbul etdi. Öz müdrik oğlunun, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə gəlməsini təkidlə tələb etdi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. Hərbi xidmətdə belə olmamış mülki şəxs tərəfindən idarə edilən ordu dövlətin deyil, hər biri müxtəlif xarici dövlətlərə xidmət edən ayrı-ayrı siyasi qüvvələrin əlində cəmlənmişdi. İqtisadi böhran zəminində hətta çörək növbələri ölkənin hər yerində adi bir hala çevrilmişdi. Həmin dövrdə, 1992-ci ildə mən tələbə idim. Bir çörək almaq üçün 227, 316-cı sıralarda gözləməyim hələ də yadımdadır.

Müharibə cəbhəsindəki ardıcıl məğlubiyyətlər nəticəsində torpaqların kəndbəkənd işğal edilməsi, hakimiyyət uğrunda mübarizələr, qeyri-qanuni silahlı dəstələrin özbaşınalığı ölkə daxilində xaosun yaranmasına səbəb olmuşdu. Belə bir çətin və mürəkkəb məqamda ulu öndər Heydər Əliyev xalqın çağırışına biganə qala bilməzdi; dahi rəhbər cəsarətlə çox ağır missiyanı – müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək, əbədiliyə çevirmək və Azərbaycanı inkişaf etdirərək dünya birliyinə qovuşdurmaq vəzifəsini öz öhdəsinə götürmüşdür.
Ümummilli lider Heydər Əliyev ən çətin və məsuliyyətli məsələni – Azərbaycan neftiylə bağlı danışıqların aparılmasını cənab İlham Əliyevə həvalə etdi. Buna qədər həm eks-prezident Ayaz Mütəllibov iqtidarı, eləcə də AXC-Müsavat cütlüyü Xəzər neftinin dünya bazarına çıxarılması üçün xarici şirkətlərin investisiya və texnologiyalarının cəlbi ilə əlaqədar heç bir real və xalqın maraqlarını təmin edən nəticəyə nail ola bilməmişdilər. Bu həm də cənab İlham Əliyev üçün ilk və ən böyük sınaq idi. “Neft xalqa xoşbəxtlik də, fəlakət də gətirə bilər. Çalışmalıyıq ki, Azərbaycan nefti xalqın firavanlığına xidmət etsin” devizi ilə fəaliyyətə başlayan cənab İlham Əliyev çox çətin və mürəkkəb danışıqlar mərhələsinə başladı. O, nəyin bahasına olursa-olsun, etimadı doğrultmağa çalışırdı. Gərgin keçən danışıqlar 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” adlanan və Vətənimizin gələcək dinamik inkişafına hesablanmış möhtəşəm müqavilənin imzalanması ilə nəticələndi. Beləliklə, cənab İlham Əliyev Azərbaycan neftinin xalqımızın rifahına xidmət etməsinə öz töhfəsini vermiş oldu.
Gənclərlə iş və idman sahəsinin cənab İlham Əliyevə həvalə edilməsi növbəti sınaq mərhələsi idi. Ümummilli liderin gənclər və idman siyasətini uğurla davam etdirən cənab İlham Əliyev fəaliyyətində özünəməxsus prinsipiallıq nümayiş etdirərək ölkədə bir-birinin ardınca müasir idman qurğuları ilə təchiz edilmiş olimpiya idman komplekslərinin, stadionların inşasına nail olmuşdur. Müxtəlif idman növləri üzrə milli komandaların beynəlxalq yarışlarda iştirakına hərtərəfli şərait yaradılmışdır. Bütün bunlar idmançılarımızın Avropa və dünya birinciliklərində qızıl, gümüş və bürünc medallar qazanmaları, üçrəngli bayrağımızı qaldıraraq himnimizi səsləndirmələri kimi ümumvətəndaşlıq qürurunun yaşanması ilə nəticələnmişdir. Həmin məqsədyönlü siyasət bu gün də uğurla həyata keçirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferalar kimi, bədən tərbiyəsi və idman sahəsini də əhatə edir. Bu səbəbdəndir ki, nailiyyətlər ildən-ilə artmaqdadır.
Prezident İlham Əliyev ölkə başçısı olduğu zamandan bütün sahələrdə Heydər Əliyev ideyalarını uğurlu yaradıcılıqla gerçəkləşdirir.
Gənc nəslin təhsil və tərbiyəsi ilə bağlı məsələlər ölkəmizin gələcəyi baxımından dövlətin strateji məqsədlərindəndir. Milli təhsil modelinin gerçəkləşməsi, təhsil infra­strukturunun müasir tələblər səviyyəsində modernləşdirilməsi, tədrisin inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsindən bəhrələnməklə milli köklərdən qaynaqlanan prinsiplər üzərində qurulması 2003-2013-cü illər ərzində bu sahədə görülən işlərin yalnız bir qismidir.
Cənab İlham Əliyevin imzaladığı rəsmi dövlət sənədlərinin, sadəcə, statistikasına nəzər salsaq, burada milli mədəniyyətin və mənəvi dəyərlərin qorunmasına ayrılan diqqətin böyüklüyünün şahidi olarıq.
Tarix sübut etmişdir ki, elmə, onu aşılayan təhsilə diqqət və qayğı göstərən dövlət başçıları nəinki milli-iqtisadi, elmi-mədəni yüksəlişi təmin edir, eyni zamanda ümumbəşəri mədəniyyət xəzinəsinə, dünya elminə öz töhfəsini vermiş olur. Ölkə Prezidentinin təhsilə strateji sahə kimi önəm verməsi, proqram xarakterli çıxışları milli dəyərlərin yaşadılmasında təhsil sisteminin potensialını səfərbər etmək məqsədinə xidmət edir.
Müasir dövrdə bütün dünyada təhsil sistemi islahatlar dövrünü yaşayır. Yalnız bilik və savadın deyil, həm də dərin mənəviyyata malik bütöv şəxsiyyətin formalaşması qlobal humanitar islahatların ana xəttini təşkil edir. Dünyagörüşü məhdud, mənəviyyatı kasad olan insanlar cəmiyyətdə yaranan problemlərin başlıca səbəbkarlarıdır. Elmin və mənəvi dəyərlərin bir-birini tamamlaması daxilən zəngin olan bütöv bir şəxsiyyətin formalaşmasını mümkün edir. Müasirliklə tarixin varisliyi prinsipinə əməl olunması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu vəzifənin yerinə yetirilməsində isə milli ensiklopediyanın hazırlanması önəmli rol oynayır.
Ölkə Prezidenti kimi fəaliyyətinin ilk dövrlərində cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” verdiyi sərəncamlar mənəvi həyatımızda əlamətdar bir hadisədir. Ona görə ki, bu mühüm sərəncamlarla, ilk növbədə, xalqımızın keçdiyi tarixi inkişaf yolunun yenidən, obyektiv şəkildə tədqiqinə şərait yaradılmış, Azərbaycan adının ucalığı öz zəngin mədəniyyəti və qədim qəhrəmanlıq tarixi ilə milli ideologiya əsasında bir daha təsdiqlənmişdir. Bundan başqa, Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin mənəvi xəzinəmizi təşkil edən əsərlərinin latın qrafikası ilə dövlət hesabına nəşr edilməsinə başlanılmışdır. Bütün türk dünyasının, bəşər mədəniyyətinin abidələri sayılan incilər, fəlsəfi, ədəbi fikrin nümunələri, bəşəriyyətin klassik irsi, dünya ədəbiyyatı çox yüksək keyfiyyətli poliqrafik dizaynla, böyük tirajla dövlət hesabına mütəmadi çap olunaraq oxuculara çatdırılır. Böyük səy və zəhmət tələb edən bu işin yerinə yetirilməsi ölkə rəhbəri cənab İlham Əliyevin ölkənin ziyalılar, mədəniyyət xadimləri və elmi ictimaiyyətinin nümayəndələri ilə görüşündə verdiyi vədin zamanında və tam məsuliyyətlə həyata keçirilməsinə bariz nümunədir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası 21 il ərzində çox böyük və şərəfli inkişaf yolu keçmişdir. Bu gün ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP çox geniş beynəlxalq əlaqələrə malikdir. Azərbaycan gənclərinin partiya sıralarına axını isə bu siyasi təşkilatın perspektivdə daha böyük nailiyyətlər qazanacağına əminliyi artırır. YAP-ın yenilikçi qüvvə olmasını şərtləndirən digər vacib amil isə partiya sıralarında Azərbaycanın sağlam, intellektual gənclər ordusunun olmasıdır. Təsadüfi deyil ki, bu gün partiyamızın 650 mindən çox üzvünün, təxminən 40 faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə gənclərə xüsusi diqqət və qayğı göstərir və bu, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının təminatçısı kimi çıxış edir. Qeyd edək ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər partiyanın müxtəlif zamanlarda keçirdiyi qurultayların məhsuldar nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkiləri isə sözügedən sübutlara bariz nümunədir.
Ordu hər bir dövlətin mövcudiyyət qarantıdır. Ordu quruculuğu istiqamətində müdrik rəhbər Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davan etdirilir. Artıq Azərbaycan hərbi-sənaye gücünü və potensialını artıran bir ölkədir. Hərbi zavodlarımızda 750 adda məhsul istehsal edilir. Bu fakt ölkəmizin hərbi qüdrətinin ən bariz göstəricisidir.
2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəmiz 2013-cü ildə 25 milyard dollara çatmışdır. Respublikada bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluq minimuma endirilmişdir. Müqayisə üçün bildirək ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizədək azalmışdır. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir.
Artıq ölkə başçısının göstərişi ilə qaçqın və məcburi köçkünlərin çadır düşərgələri ləğv olunmuşdur. Bu gün 31 min ailə, 140 min qaçqın və məcburi köçkün rahat mənzillərdə yaşayır. Demək olar ki, məcburi köçkünlər üçün salınmış bütün qəsəbələrin açılışında Prezident cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Birmənalı şəkildə qeyd etməliyik ki, elə bir dövlət rəhbərini göstərmək olmaz ki, öz yubileyini qaçqın və məcburi köçkünlərlə birgə qeyd etsin. Bu yalnız ulu öndərin həyat və siyasi məktəbini keçən, xalqını, Vətənini sevən, onun müstəqilliyini qoruyan, bayrağını uca tutan, bütün dünyada tanıtdıran cənab İlham Əliyevə xasdır.
Bu gün respublikamızın hər yerində parklar, meydanlar, xiyabanlar, yaşıllıq zolaqları salınır, kənd­lərə yollar çəkilir, küçələr genişləndirilir, yeni, müasir işıq sistemləri quraşdırılır, yaşayış massivləri abadlaşdırılır, ən ucqar yerlər belə, qazla təmin olunur, yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə ocaqları, mədəniyyət müəssisələri inşa edilir.
Ölkədə həyata keçirilən layihələr, icra olunan dövlət proqramları konkret siyasətin nəticələridir və bu siyasət qazandırdığı uğurlarla biz vətəndaşları sevindirir, işıqlı gələcəyə inamımızı daha da artırır. Demək olar ki, Dağlıq Qarabağ problemindən başqa, ölkədə heç bir məsələ həll olunmamış qalmır. Əminik ki, bu münaqişənin həllində də istəyimizə nail olacağıq. Tarixin inkişafı və gedişatı, bir tərəfdə güclənən Azərbaycan, digər tərəfdə gündən-günə zəifləyən, yoxsullaşan Ermənistan – bütün bunlar reallıqdır. Və bu reallıqları cənab İlham Əliyev yaradıb – öz siyasətiylə, öz ira­dəsiylə. Demək olar ki, Ermənistan bütün beynəlxalq və regional layihələrdən təcrid edilib.
Qarşıda duran infrastruktur layihələrdən bəhs edən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır. Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq”.

Yekun olaraq qeyd edək ki, ölkədə milli birliyi qoruyub saxlamaqdan, bu xoş güzəranımızın və əmin-amanlığımızın daimiliyindən ötrü xalqına, Vətəninə yeni-yeni zəfərlər qazandıran dərin təcrübəli, enerjili, görkəmli siyasətçi cənab İlham Əliyevin bu ilin ok­tyabr ayında keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyini birmənalı şəkildə dəstəkləməliyik və yalnız xalqın lideri İlham Əliyevə səs verməliyik!

Kamal CAMALOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR