19 May 2024, Bazar

Ulu öndər Heydər ƏLİYEV: Mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin.

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcək, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: 44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siya­si-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərdi? Hər şeydən əvvəl, tarixlik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu.

Xalqların tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Tarix sübut edir ki, vətənpərvər və xarizmatik lideri olmayan xalqın milli iradəsini ortaya qoyaraq həqiqi müstəqilliyə qovuşması mümkün deyil.
XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev xalqını həqiqi müstəqilliyə qovuşdurmuş, onun mənafeyi uğrunda əzmlə mübarizə aparmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndəri­mizin Azərbaycana rəhbər seçilməsi ölkəmizin parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq müstəqilliyimizi gerçəkləşdirmiş, böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi aşağıdakı fikirlər milli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin dolğun ifadəsidir: “44 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Bu həyat özünü nədə göstərdi? Hər şeydən əvvəl, tarixlik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infra­struktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu”.

XX əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı strukturlarının günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Ölkəmizin təbii sərvətləri digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Belə bir tarixi şəraitdə sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı düşdüyü çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmışdır. O, dahiyanə uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. Artıq 70-ci illərdən etibarən dahi şəxsiyyətin məqsədyönlü siyasəti nəticəsində SSRİ hökuməti Azərbaycanda xalq təsərrüfatının inkişafı məqsədilə 5 xüsusi qərar qəbul etmişdi. 14 illik zaman kəsiyində Azərbaycan Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye respublikasına çevrilmişdir. Xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları istehsalı 2,3 dəfə artmışdır. Eyni zamanda ittifaq miqyasında istehsal olunan neft-mədən avadanlığının 70, elektrik mühərriklərinin 12, elektrik-qaynaq avadanlığının 10, məişət kondisionerlərinin 100, soyuducuların 6, ipək xammalın 12 faizi Azərbaycanın payına düşmüş, 300-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilmişdi. Kimya və maşınqayırma sahələri tamamilə yenidən qurulmuş, mərkəzləşmiş vəsait hesabına o dövr üçün yeni olan elektrotexnika, radiotexnika, kosmos, aviasiya, hesablama texnikası təmayüllü yeni obyektlər yaradılmışdı. Azərbaycan 14 milyon tona qədər neft istehsal etdiyi halda, Bakıda 30 milyon ton neft emalı gücünə malik sənaye kompleksinin yaradılması böyük uzaqgörənliklə gələcəyə hesablanmışdı.
Bu dövr həm də Azərbaycan elminin və təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərimizin təşəbbüsü, qətiyyəti və iradəsi nəticəsində 700-dən çox məktəb binası tikilmişdir. Bu illərdə respublikadakı ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.
Ulu öndər Heydər Əliyev ordu quruculuğu işinə, azərbaycanlılardan ibarət milli zabit kadrlarının yetişdirilməsinə də qayğı ilə yanaşmış, bu sahənin formalaşması üçün bütün siyasi və iqtisadi potensialı səfərbər etmişdir. O zaman Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilmiş, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapmışdır. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
Ümummilli liderimizin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soykökə qayıdışın yeni mərhələsinə doğru aparılan proseslərin başlanğıcıdır. Dahi şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. “Dədə Qorqud”, “Babək”, “Nəsimi” filmlərinin çəkilməsi, 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması tariximizin, milli dəyərlərimizin, milli mədəniyyətimizin qorunması istiqamətində atılan mühüm addımlar idi. Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən bu tədbirləri yalnız və yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, siyasi lider reallaşdıra bilərdi.
1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdir. Naxçıvan şəhərində şüşə və alüminium qablar zavodları, alt trikotaj fabriki, tütün fermentasiya və ət-süd kombinatları, Ordubad və Şərur rayonlarında konserv zavodları tikilərək istismara verilmişdi. Ümumilikdə, regionun inkişaf perspektivlərini artırmaq məqsədilə 250-dən çox müxtəliftəyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunmuş, hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində 35 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir. Muxtar respublikanın şəhər, rayon və kəndlərində məktəb binaları, xəstəxanalar, suvarma tədbirlərini yaxşılaşdırmaq məqsədilə 20-dən artıq su anbarı tikilmişdir.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Azərbaycanı həmin illərdə də diqqətdən kənarda qoymayan ümummilli liderimiz bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəltmişdi. Nəticədə, Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində ittifaq dövlətləri Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi.
Sovetlər Birliyi dönəmində sadalanan bu işləri görmək üçün nə tələb olunurdu? Təbii ki, ilk növbədə, xüsusi cəsarət, idarəçilik qabiliyyəti və ən nəhayət, mənsub olduğu xalqa tükənməz sevgi. Çünki 15 müttəfiq respublikanın hər birinin rəhbəri öz ölkəsi üçün maliyyə vəsaitlərinin ayrılmasını, böyük layihələrin öz respublikalarında gerçəkləşdirilməsini istəyirdi. Bu cür rəqabətdə qalib gəlmək, dövlət və xalq üçün taleyüklü pro­qramlar icra etmək isə, təbii ki, yalnız Heydər Əliyev kimi uzaqgörən, fenomenal bir şəxsiyyətin timsalında mümkün idi.
Ümummilli liderimizin keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycan naminə həyata keçirdiyi tədbirlər bugünkü müstəqilliyimizin təməl daşlarıdır. Ötən əsrin 90-cı illərində ölkəmizin parçalanmaq, vətəndaş müharibəsi, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zaman da ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etdi, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat verdi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında ulu öndərimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilmiş, üçrəngli bayrağımız ilk dəfə olaraq ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin 1990-cı il 17 noyabr tarixli iclasında qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır. Naxçıvandan başlanan bu yol sonrakı dövrdə bütün Azərbaycanın nicat yoluna çevrildi. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə Azərbaycanın müstəqilliyi naminə atılan addımları yüksək dəyərləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Ölkəmizin müstəqilliyinin bünövrəsi də məhz o illərdə qoyulmuşdu. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Beləliklə, ulu öndər Heydər Əliyev bütün dövrlərdə, çalışdığı bütün vəzifələrdə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq, həmişə Azərbaycan xalqını müdafiə edirdi. Doğma Azərbaycanın inkişafına səy göstərirdi. Bunun nəticəsində bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan çox sürətlə inkişaf edir”.
Müstəqillik illərində ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən yeni Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdur.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf konsepsiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. 2003-cü ilin prezident seçkilərində Azərbaycan xalqı Heydər Əliyev yolunun davamına səs vermişdir. Azərbaycan cəmiyyəti ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi müstəqilliyinin və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı cənab İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Bu gün ölkəmiz Ümumi Daxili Məhsulun artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri insanların firavan həyatının təmin olunmasına xidmət edir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 10 ildə dövlət büdcəsi 15 dəfədən, hərbi xərcləri 20 dəfədən, valyuta ehtiyatları 18 dəfədən çox artsın. Azərbaycanda ötən dövrdə maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 49 faizdən 6 faizə enmiş, 1 milyondan çox yeni iş yeri açılmışdır.
Dövlət başçısı bu məsuliyyətli vəzifəni daşıdığı müddətdə bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insana qayğı və diqqət üzərində qurmuş, sosialyönümlü siyasət strategiyası həyata keçirmişdir. Görülən işlər ölkə­mizi günü-gündən irəliyə doğru aparır. Artıq Azərbaycan beynəlxalq arenada söz sahibidir. Bizim ölkəmizlə hesablaşırlar. Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə reallaşdırıla bilməz. Ölkəmizin işğal altında olan torpaqlarının azad ediləcəyi, ərazi bütövlüyünün təmin olunacağı gün uzaqda deyil. Dövlət başçısının siyasi iradəsi, qətiyyəti hesabına bu problem də tezliklə öz həllini tapacaqdır.
Bu gün ulu öndər Heydər Əliyevin qurucu­luq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Təkcə bir faktı qeyd edək ki, 1993-cü illə müqayisədə 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalının həcmi 84,6 dəfə, sənaye məhsulunun həcmi 152,6 dəfə, əsas kapitala investisiya qoyuluşlarının həcmi 486,1 dəfə, muxtar respublika büdcəsinin gəlirləri 1664,5 dəfə artmışdır. Bu dövrdə 199 məktəb binası, 456 inzibati bina, 525 səhiyyə və mədəniyyət obyekti tikilərək və ya əsaslı bərpa olunaraq istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlər hesabına muxtar respublikada orta həyat göstəriciləri xeyli yaxşılaşmış, 2012-ci ildə muxtar respublikada orta aylıq əməkhaqqı 1993-cü ilə nisbətən 28,3 dəfə artmışdır. Görülən tədbirlər nəticəsində son 20 ildə 77 min 941 yeni iş yeri açılmışdır. Hazırda muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Bütün bunlar bir daha təsdiq edir ki, ümummilli liderimiz Heydər Əliyev təkcə qüdrətli Azərbaycan dövləti yaratmamış, eyni zamanda bu dövlətin gücünün əsrlərlə qorunmasını təmin etmişdir. Azərbaycanı Heydər Əliyev siyasi xəttinin daha böyük uğurları, nailiyyətləri gözləyir. Çünki xalqımız Heydər Əliyev yolu ilə gedir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bu gün Azərbaycan, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Bu inkişafın təməli 1993-2003-cü illərdə qoyulmuşdur. 2003-cü ildə Azərbaycan xalqı mənə etimad göstərərək, əslində, Heydər Əliyev siyasətinə öz dəstəyini vermişdir. 2008-ci ildə də Azərbaycan xalqı bir daha əmin oldu ki, Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və bundan sonra da yaşayacaqdır”.

“Şərq qapısı”

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR