19 May 2024, Bazar

Ötən 10 ildə bu kursun layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyev növbəti seçkidə də xalqın etimadını qazanacaq

2003-cü ildə dostlarımızı da, düşmənlərimizi də ən çox düşündürən bu idi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu qoruyub saxlamaq mümkün olacaqmı? Azərbaycan xalqının müdrikliyinə, cənab İlham Əliyevin intellektinə, bacarığına bələd olan dostlarımız bunun mümkünlüyünə inanırdılar, əmin idilər. Düşmənlərimiz isə belə bir ümidlə yaşayırdılar ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanı qoruyub saxlamaq, dahi şəxsiyyətin siyasi kursunu davam etdirmək üçün gərək elə bu titanik siyasi liderin az qala özü qədər müdrik, uzaqgörən olasan. Əslində, burada bir həqiqət vardı. Çünki Azərbaycan bəlalardan xilas edilsə də, ölkənin iqtisadi resursları hərəkətə gətirilsə də, beynəlxalq siyasəti düzgün qurulsa da, vətəndaş həmrəyliyinə nail olunsa da, hələ təhlükə sovuşmamışdı. Ermənilər yenə güc göstərir, Azərbaycanda layihələrin yarımçıq qalması üçün bütün güclərini səfərbər edirdilər. Bu, faktdır ki, Bakı-Tbilisi-Ceyhan neft-boru kəməri layihəsinin reallaşmaması üçün düşmənlərimiz son ana qədər çalışdılar.

Həmin narahat və gərgin dövrdə ümummilli liderimiz Heydər Əliyev prezidentliyə namizədliyini geri götürməsi ilə bağlı Azərbaycan xalqına müraciət etdi. Ulu öndər memarı olduğu Azərbaycanın gələcək inkişafının, əbədiliyinin təmin olunmasını ən layiqli yetirməsi İlham Əliyevdə görürdü. Ulu öndər yarımçıq qalmış ideyalarının, planlarının, işlərinin xalqın dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. Çünki onun enerjisinə, intellektual səviyyəsinə, siyasi dünyagörüşünə bələd idi. Xalqımız düzgün addım ataraq 2003-cü ildə böyük ruh yüksəkliyi ilə Heydər Əliyev siyasi kursuna səs verdi və cənab İlham Əliyevi Azərbaycanın Prezidenti seçdi.

Cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən başlayaraq xalqa Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirmək məqsədini açıqladı, ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının prinsipial müddəalarına əsaslanan bir sıra mühüm sənədlər imzaladı. Həmin sənədlərdə yeni dövr üçün ölkənin iqtisadi yüksəlişinin və əhalinin sosial şəraitinin yaxşılaşdırılmasının konkret mexanizmləri göstərilmiş, reallaşdırılacaq tədbirlərin hansı prinsiplərə və bazaya əsaslanacağı müəyyənləşdirilmişdi. Ötən müddətdə görülən işlərin miqyasına diqqət yetirəndə, bununla əlaqədar statistik rəqəmlərə nəzər salanda ölkə Prezidentinin vədinə layiqincə əməl etdiyi aydın olur.
Dövlət başçısı son 10 ildə ölkə iqtisadiyyatının daha da güclənməsinə, regionlarımızın dinamik inkişafına, qeyri-neft sektorunun neft sektorundan asılılığının aradan qaldırılmasına xüsusi diqqət yetirmişdir. Bu da təsadüfi deyil. Cənab İlham Əliyevin dediyi kimi, güclü iqtisadiyyat bir nömrəli məsələdir, çünki möhkəm iqtisadiyyat olmadan heç bir siyasi layihə reallaşa bilməz...
Ölkə Prezidentinin məqsədyönlü fəaliyyəti nəticəsində, ilk növbədə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, mövcud imkanlardan Azərbaycan xalqının rifahı naminə maksimum istifadə müasir tariximizin son 10 illik dövrünü səciyyələndirən ən xarakterik xüsusiyyətlərdəndir.
Yeri gəlmişkən, bəzi faktları diqqətə çatdırmaq istərdim. Təkcə bu faktlar ölkə başçısının fəaliyyətinə real qiymət vermək üçün kifayətdir: artıq neçə illərdir ki, Ümumi Daxili Məhsulun artım tempinə görə Azərbaycan dünyanın lider ölkələrindəndir. Bu gün Azərbaycanın büdcəsi Cənubi Qafqazın digər iki dövlətinin birgə büdcəsindən bir neçə dəfə artıqdır. Ümumi Daxili Məhsulun həcmi 70 milyard ABŞ dolları həcmində olan respublikamız Cənubi Qafqaz regionunun iqtisadiyyatında 80 faizlik paya sahibdir.
Ölkə iqtisadiyyatına indiyədək 140 milyard dollar məbləğində sərmayə qoyulmuş, valyuta ehtiyatlarımız 48 milyard ABŞ dollarına çatmışdır. 40 mindən artıq yeni müəssisə, bir milyon yüz mindən çox iş yeri açılmış və beləliklə də, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enmişdir. Maaşlar, təqaüdlər mütəmadi olaraq artırılır, dövlətin ayırdığı sosial yardımlar çoxalır. Əhalinin sovet dönəmində banklara qoyduğu əmanətlər dövlət vəsaiti hesabına özlərinə qaytarılmışdır. Ötən müddət ərzində dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, strateji valyuta ehtiyatları 29,1 dəfə, qeyri-neft sektorunda Ümumi Daxili Məhsul istehsalı 2,4 dəfə, adambaşına düşən Ümumi Daxili Məhsul istehsalının həcmi 2,7 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,6 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə, tikinti sektoru 3,8 dəfə, əsas kapitala yönəldilmiş investisiyaların həcmi isə 4 dəfə artmışdır. Azərbaycan rəqabətədavamlılığa görə dünyada 46-cı yerdədir.
MDB məkanında məhz Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuran ilk dövlət olaraq dünyanın maraqla öyrəndiyi “İnkişafın Azərbaycan modeli”ni formalaşdırmış və inkişaf etmiş ölkələr sırasına qoşulmaq məramını elan etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət başçısının rəhbərliyi ilə Ali Məclis Sədrinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində önəmli yer almış parlaq səhifələrdir. Blokada şəraitində yaşamasına baxmayaraq, sürətlə qurulub-tikilən, müasirləşən Naxçıvanın düşmən sərhədində alınmaz qalaya çevrilməsi ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə mühüm töhfədir.
Ulu öndərin bünövrəsini qoyduğu inkişaf prosesində Şərur rayonu mühüm yer tutur. Ötən əsrin 70-80-ci illərində Şərurun iqtisadiyyatı çiçəklənmiş, bölgə muxtar respublikanın iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Sovet dönəmində burada kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Müstəqillik dövründə isə ümummilli liderin Naxçıvana, o cümlədən Şərura göstərdiyi yüksək diqqət və qayğı nəticəsində rayonun həyatında yenitipli iqtisadiyyat möhkəm şəkildə bərqərar olmuşdur.
Şərurlular ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu yeni müstəvidə inkişaf etdirməsindən hədsiz məmnundurlar. Onlar dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Şərur rayonuna da gəlməsini, burada bir sıra sosial obyektlərin açılış mərasimlərində iştirak etməsini xoş təəssüratlarla xatırlayırlar. Şərur Rayon Mərkəzi Xəstəxanasının binası 2007-ci ildə, Şərur Olimpiya İdman Kompleksi 2009-cu ildə, Yengicə və Maxta kənd tam orta məktəblərinin yeni binaları 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmişdir.
Şərur şəhərində son bir neçə ildə on illərə bərabər quruculuq-abadlıq işləri aparılmışdır. Rayon mərkəzində hər addımda bir-birindən gözəl tikililərlə rastlaşırsan.
Artıq kəndlərin siması da sürətlə dəyişir. Burada möhtəşəm sosial obyektlər, yaraşıqlı evlər tikilir, kommunikasiya xətləri müasirləşdirilir. Çətin təbii şəraitə malik olan sərhəd dağ kəndlərinə gedən yolların yenidən qurulması bu ərazidə yaşayan insanlara dövlətimizin başçısı tərəfindən göstərilən misilsiz qayğıdır. Ümumiyyətlə, rayonda görülən işlər çoxdur və onların hamısı haqqında bir yazıda danışmaq mümkün deyil. Bura qədəm qoyan hər bir qonaq da bunu görür, hiss edir.
Şərur, əsasən, kənd təsərrüfatı rayonudur və aqrar sahənin inkişafı üçün əlverişli şərait var. Keçmişdə də Şərur özünün bol taxılı, tərəvəzi və meyvələri ilə tanınırdı. Bu imkanlar bu gün də Şərurda mövcuddur. Göstərilən sahələrin inkişafı üçün rayonda əməli işlər görülür. Əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edilərək taxıl zəmiləri, tərəvəz sahələri və meyvə bağları xeyli genişləndirilmişdir. Nəticədə, məhsul istehsalı artmış, əhalinin gəlirləri çoxalmışdır.
Prezident İlham Əliyev ötən 10 il ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən müddətdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olmuşdur. Odur ki, Yeni Azərbaycan Partiyasının V Qurultayı faktiki olaraq çox mühüm bir missiyanı – 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası prezidentliyinə namizədi müəyyən etdi.
Bu, son 10 il müddətində Prezidentin fəaliyyətinin xalq tərəfindən bəyənilməsi, dəstəklənməsi və hakimiyyətinin davam etdirilməsinə təkidin təsdiqidir. Xalqın güclü dəstəyi bütün hakimiyyətlərin olduğu kimi, prezident hakimiyyətinin də uzunömürlük fenomenidir.
“Xalq prezidenti seçir, prezident də xalq qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır”, – deyən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi və bütün zamanlarda öz qüvvəsindədir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Cənab İlham Əliyev Azərbaycanda siyasi qüvvələrin və əksər partiyaların birmənalı şəkildə qəbul etdikləri, ən çətin sınaqlardan mətanətlə və üzüağ çıxmış liderdir. Ölkə başçısı müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.
Məhz buna görə də Yeni Azərbaycan Partiyasının V Qurultayının qərarı, bütövlükdə, xalqımızın iradəsinin ifadəsidir. Təbii ki, xalqımız qarşıdan gələn prezident seçkilərində yenə də Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verəcəkdir. Çünki Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevin ölkəmizə uğurla rəhbərliyi nəticəsində qazandığımız hər bir uğur bu siyasətin davam etdirilməsini zəruri edir.
Odur ki, bu il keçiriləcək prezident seçkilərində də şərurlular yekdilliklə dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər. Hər bir şərurlunun qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır:
Yalnız İlham Əliyevlə!

Əmir BABAYEV
Yeni Azərbaycan Partiyası
Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR