19 May 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibətilə Babək Rayon Mədəniyyət Evində konfrans keçirilmişdir.
Konfransda Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü ölkəmizin hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd edilir.
Qeyd olunmuşdur ki, siyasi baxışlarından asılı olmayaraq, mütləq əksəriyyət etiraf edir ki, ötən əsrin ortalarında, 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımızı milli müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcı olmuşdur. Haqq-ədalət uğrunda mübarizəni özünün həyat amalına çevirmiş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla ədalətli və qanunpərəst rəhbər olduğunu təsdiqləmişdir.

İqtisadi islahatlar bütün cəmiyyətlərin və dövlətlərin sosial-siyasi inkişafını müəyyənləşdirən əsas amillərdən biridir. Tam qətiyyətlə söyləmək mümkündür ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətdə respublikada sosial-iqtisadi tərəqqi ən yüksək səviyyəyə çatmışdır. 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən görkəmli dövlət xadimi Heydər Əliyevin atdığı ilk addımlardan biri məhz respublika iqtisadiyyatının inkişafının sürətləndi­rilməsi ilə bağlı olmuşdur.

Ötən əsrin 70-ci illərinin səciyyəvi cəhətlərindən biri də kənd təsərrüfatında aparılmış köklü islahatlarla əlaqədar idi. Bu islahatlar qısa vaxt ərzində Azərbaycanın bütün regionlarında böyük dəyişik­liklərə gətirib çıxarmış, əhalinin gün-güzəranı nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına da böyük diqqət yetirilmiş, şəhərlə kənd arasında mövcud olan sosial fərqlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Həmin illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış, xalqımızın rifahının yaxşılaşdırılmasına, sağlamlığının möhkəmləndirilməsinə, mədəniyyətimizin yüksəlməsinə xidmət edən yüzlərlə sağlamlıq ocaqları, teatr və muzeylər, idman mərkəzləri, sosial-iaşə müəssisələri fəaliyyət göstərməyə başlamışdır.
Qeyd olunmuşdur ki, bu illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu yaradılmış, burada xeyli sənaye obyektləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilərək istifadəyə verilmişdir.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi formasiyaya keçidin ağır şərtləri ilə qarşılaşmalı oldu. Ölkədə iqtisadiyyatın, demək olar ki, bütün sahələrində tənəzzül dövrü başlandı. Qeyri-sabitlik, dövlət idarəetmə aparatının səmərəli fəaliyyət göstərməməsi bu böhranın daha da dərinləşməsinə gətirib çıxardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz qorunub saxlanılmış, ölkədə iqtisadi böhranın aradan qaldırılmasına xidmət edən qəti və düşünülmüş addımlar atılmış, Azərbaycan yerləşdiyi regionun ən güclü, ən inkişaf etmiş ölkəsinə çevrilmişdir.
Sonra çıxışlar olmuşdur.

Səbuhi HÜSEYNOV

*   *   *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında “14 iyul 1969-cu il – zirvəyə yüksəlişin başlandığı gün” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Baba­yevin məruzəsi dinlənilmişdir. Qeyd edilmişdir ki, 1969-cu ilin 14 iyulu respublikamızın tarixində dönüş günü kimi yadda qalmışdır. Ölkəmizin mədəni, iqtisadi yüksəlişi, xalqımızın rifah halının yaxşılaşdırılması, indiki müstəqil dövlətimizin təməlinin qoyulması məhz həmin gündən başlanmışdır.
Həmin gün xalqımızın böyük oğlu, müdrik şəxsiyyət, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlmişdir.
Ümummilli liderimiz Heydər Əliyev doğma Vətəni Azərbaycana və millətinə ürəkdən bağlı olan, onları ürəkdən sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən rəhbər idi. Onun müdrik, uzaqgörən və səriştəli rəhbərliyi nəticəsində respublikamız nəinki Sovetlər Birliyində yüksək göstəricilərə nail olmuş, həm də dünyada tanınmış və özünün hazırkı müstəqilliyini təmin etmişdir.
Heydər Əliyevin idarəçilik üslubu böyük bir məktəb idi. Onun natiqlik məharəti, adamlarla ünsiyyəti, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadrlara qayğı və tələbkarlıq göstərmək üslubu, çətin məsələləri həll etmək üçün qısa vaxtda çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı həmişə heyrət doğururdu.
İndi açıq başa düşülür ki, ulu öndər Heydər Əliyev o vaxtlar həyata keçirdiyi böyük tədbirlərlə, əslində, müstəqilliyimizin təməl daşını qoyurmuş. Respublikamızda hərbi məktəblərin təşkili, azərbaycanlıların hər il ittifaqın tanınmış ali məktəblərinə göndərilməsi, iqtisadi müstəqilliyin təmin olunması məhz indiki dövlət müstəqilliyimiz üçünmüş.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu uğurlu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi olan Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respublikamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənmişdir. Bu gün muxtar respublikamız da böyük tərəqqi yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Doğma diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən quruculuq tədbirləri muxtar respublikamızın hərtərəfli inkişafına təkan verir. Bütün bunlar 1969-cu ilin 14 iyulundan başlanan yolun, siyasi xəttin bəhrələridir.
Sonra məruzə ətrafında YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, partiya fəallarından Məmməd Məmmədov və Xanım Əhmədova çıxış etmişlər.

Cəfər ƏLİYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR