19 May 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına əsasən, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi gün – 9 iyul “Azərbaycan diplomatlarının peşə bayramı” kimi təsis edilmişdir. Həmin tarixdən başlayaraq, hər il iyul ayının 9-da Azərbaycanda diplomatik xidmət əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.
Xarici siyasət kursu hər bir dövlətin inkişafı üçün beynəlxalq əlverişli mühitin təmin olunmasına xidmət göstərən strateji resursdur. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət kursu ölkənin strateji maraqları əsasında yenidən qurulmuş, ölkəmizdə balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsinə başlanmışdır. Dahi şəxsiyyətin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına və mövqeyinin dəstəklənməsinə nail olunmuş, dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər yaradılmış, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikasının xarici siyasətinin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirən ümummilli liderimiz demişdir: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin...”

Ümummilli liderin müəllifi olduğu xarici siyasət kursu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılmasını təmin etməklə regional səviyyədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq, ölkəmizin xarici dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərinin qurulub inkişaf etdirilməsi Azərbaycan diplomatiyasının qarşısında duran başlıca vəzifələrdəndir. Dövlət başçısının dediyi kimi: “Bizim diplomatiyamız çox çevik olmalıdır. Biz bölgədə və dünyada baş verən proseslərə çox operativ şəkildə reaksiya verməliyik. Eyni zamanda öz təkliflərimizi verməliyik. Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə – nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa – həyata keçirilə bilməz...”
Ölkəmizin Cənubi Qafqazda lider dövlətə çevrilməsi, transmilli enerji və kommunikasiya layihələrinin mərkəzi və təşəbbüskarı olması, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması cənab İlham Əliyevin uğurlu diplomatiyasının bariz təcəssümüdür. 2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini toplayaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Təhlükəsizlik Şurasına sədrlik etməsi diplomatiyamızın təntənəsidir.
Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasi xətt Naxçıvan Muxtar Respublikasına da öz müsbət təsirlərini göstərmiş, muxtar respublikanın xarici əlaqələri genişlənmişdir. Bu gün muxtar respublika ilə əlaqə qurmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. 2009-cu il oktyabrın 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün və 2012-ci ildə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin görüşünün Naxçıvanda keçirilməsi muxtar respublikamızın həyatında əlamətdar hadisəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasında, may ayında isə Avstriyanın Ştiriya Federal Əyalətində işgüzar səfərdə olmuşdur. Ötən ilin iyun ayında Acarıstan Muxtar Respublikası nümayəndə heyəti və bu ilin fevralında isə Gürcüstan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlmişdir.
Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində də təmsil olunur. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi vasitəsi ilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən muxtar respublika həm də Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir. 2012-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının həmsərhəd və digər dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini və Naxçıvan Muxtar Respublikasının bu münasibətlərdə yaxından iştirakını nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə 2005-ci ilin 31 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında” Fərman imzalamışdır.
İdarənin yaradılmasında məqsəd Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin həyata keçirilməsini və bununla əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini təmin etməkdir. İdarə öz fəaliyyətində Naxçıvanda tarixən mövcud olmuş zəngin diplomatiya təcrübələrinə söykənir. Beş min illik tarixə və şəhər mədəniyyətinə malik Naxçıvan şəhəri bizim eranın X əsrində Naxçıvan şahlığının, XII əsrdə qüdrətli Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olmuş, Azərbaycan dövlətçiliyinin, siyasi və diplomatik münasibətlər sisteminin formalaşmasında mühüm mərhələ təşkil etmiş və diplomatiya tariximizə böyük töhfələr vermişdir. Naxçıvan xanlarından Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan xanlığın xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, Kalbalı xan isə XVIII əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi məşhurlaşmışdır.
1921-ci ildə imzalanan və Naxçıvanın muxtariyyət statusunu rəsmiləşdirən Moskva və Qars müqavilələri beynəlxalq münasibətlər sistemində mühüm rol oynamış, muxtar respublikanın diplomatiya tarixində önəmli yer tutmuşdur. Azərbaycandan ərazi cəhətdən ayrı düşmüş Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının xarici işlər naziri Bəhram xan Naxçıvanski, Naxçıvan SSR-in Təbrizdəki ilk konsulu – mühacir diplomat İsmayıl bəy Camalbəyov, mahir diplomat bacarığı ilə Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında çox böyük xidməti olan Behbud ağa Şahtaxtinski, İbrahim Əbil­ov kimi görkəmli diplomatlar Naxçıvanın diplomatiya tarixində silinməz izlər buraxmış şəxslərdir.
Bu gün də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində peşəkar kadrların seçilməsinə, ixtisaslarının artırılmasına və təkmilləşdirilməsinə daim diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq Azərbaycan Diplomatik Akademiyasında və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edərək bilik və bacarıqlarını artırırlar. Hazırda Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-nəzarət buraxılış məntəqələrində viza sektorları fəaliyyət göstərir. İdarədə çalışmış 19 əməkdaş hazırda Azərbaycan Respublikasının Türkiyə, İran, Pakistan, İordaniya, Tacikistan, Qazaxıstan, Malayziya, Bolqarıstan və Litvadakı diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...” Bu fikirləri əldə rəhbər tutan idarənin kollektivi bundan sonra da peşəkar kadr kimi yetişəcək, ölkəmizin milli və siyasi maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərəcəklər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR