18 May 2024, Şənbə

Son illər muxtar respublikamızda müasir infrastrukturun yaradılması, turizmin inkişafı istiqamətində böyük işlər görülmüşdür. Nəticədə, artıq bir neçə ildir ki, muxtar respublikamıza il ərzində 300 mindən çox turist gəlməkdədir. Muxtar respublikamızın əsrarəngiz təbiəti, buradakı inkişaf turistlərdə dərin təəssürat yaradır. Bu günlərdə Almaniyadan redaksiyamızın elektron ünvanına həmin təəssüratların ifadəsi olan məktub daxil olmuşdur. Bu məktubun maraqlı olacağını nəzərə alaraq oxucularımıza təqdim edirik.

Hörmətli redaksiya!
2013-cü il mayın 22-dən 26-dək Naxçıvan Muxtar Respublikasına olan səfərimi xatırlayarkən demək istəyirəm ki, mən unikal tarixi abidələrdən, landşaftın müxtəlifliyindən və Naxçıvandakı insanların qonaqpərvərliyindən təəccüblənmişəm.
Türkiyədən sərhədi keçdiyim andan Bakıya səfər etməyi planlaşdırmışdım. Ancaq Naxçıvanda gördüyüm qonaqpərvərlik, gözəl mənzərələr məni bir neçə gün orada qalmağa vadar etdi.
Bələdçim əvvəlcə məni Naxçıvan şəhərinin tarixi abidələri olan əzəmətli Möminə xatın və Nuh türbələrinə apardı. Möminə xatın türbəsi öz dəqiq quruluşu və şəbəkə formalı dekorasiyası ilə məni heyrətləndirdi. Mən yenidən bərpa olunmuş Xan Sarayına da baş çəkə bildim. Uzun zamandan bəri xalçalara və qədim İpək Yolu ərazisinin kilimlərinə maraq göstərdiyim üçün Xalça Muzeyi mənim üçün səyahətin ən zövqlü məqamı idi. Naxçıvandakı bütün muzeylərə ödənişsiz səfər etdim və çoxlu ətraflı məlumat verən dostcanlı heyət tərəfindən qarşılandım.
Mənim üçün, həqiqətən, inanılmaz bir müşahidə Araz çayı boyunca Ordubada asta dəmir yolu səyahəti idi. Yaxınlaşdıqca Ordubad təpələri rəngarəng qırışları olan dağ yamaclarına çevrilirdi. Dağlarla əhatələnmiş tarixi şəhər olan Ordubaddan çox təsirləndim.

Növbəti gün Batabata getdik. Kiçik bir ərazidə müxtəlif iqlim və landşaftın şahidi olmaq mənim üçün möcüzəli idi. Biz yuxarı qalxdıqca hava daha da sərinləşirdi. Batabatdakı bulağın suyu o qədər sərin idi ki, mən əlimi bir neçə saniyədən çox həmin bulağın suyunda saxlaya bilmədim. 
Digər bir heyrətamiz yer tənəffüs yollarında problem olan insanlar üçün əvəzolunmaz təbii sağlamlıq ocağı Duzdağ idi.
Qədim kənd olan Qarabağlarda çoxlu meyvə bağları gördüm. 14-cü əsrdə tikilmiş abidəni də ziyarət etdim.
Əlincə qalasını və Haçadağı unutmaq olmaz. Çay içmək üçün bizi dağa yaxın olan evlərdən birinə dəvət etdilər. Mən Naxçıvan əhalisinin böyük qonaqpərvərliyini gördüm.
Səfər etdiyim yerlərin hamısında keçmişlə müasirliyin vəhdəti açıq-aydın görünürdü. Naxçıvanın kənd­ləri, qəsəbələri şəhər görkəmindədir. Naxçıvan şəhəri isə müasir Avropa şəhərlərindən seçilmir. Sizin dövlətiniz insanların yaxşı yaşayışı üçün hər cür şərait yaradıb. Belə dövlətlə yalnız fəxr etmək olar. Ən önəmli cəhətlərdən biri də Naxçıvanda insanların təhlükəsiz şəraitdə yaşamasının təmin olunmasıdır. Naxçıvanı hər bir turist üçün də ideal məkan kimi dəyərləndirirəm. Muxtar respublikanın çoxlu gəzməli-görməli yerləri, qədim tarixi abidələri, müasir otelləri, restoranları, rahat yolları vardır. Mən dostlarıma və tanışlarıma Naxçıvana səyahət etməyi tövsiyə etmişəm.
Mənim üçün Naxçıvanda keçirdiyim vaxt unudulmaz idi və ümid edirəm ki, bir gün ora geri qayıdacağam.

Liebervirt Daniela
Almaniya vətəndaşı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR