19 May 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi,  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. 

Vurğulanıb ki, akademik Cəlal Əliyev görkəmli alim olmaqla yanaşı, həm də həqiqi elmi təşkilatçı, nüfuzlu ictimai xadim və vətənpərvər ziyalıdır. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olan akademik onlarla monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. Hazırda nəinki ölkəmizdə, ölkəmizdən kənarda da 300-ə qədər alim və tədqiqatçı məhz Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə tədqiqatlar aparır. Çoxillik gərgin elmi fəaliyyəti dövründə o, 100-dən artıq yüksək ixtisaslı kadrlara rəhbərlik edib, onların yetişməsində, Azərbaycanda biologiya elminin inkişafında ciddi rol oynayıb. Onun elmi fəaliyyəti, əsasən, ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib. Akademik Cəlal Əliyev təkcə elmi həyatda deyil, ölkəmizin ictimai-siyasi həyatında da hər zaman öz yeri və rolu olan ziyalılardan olub. Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi də akademikin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmuş Əməkdar elm xadimi, akademik Cəlal Əliyevi nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da yaxşı tanıyırlar.

Elmi konfransda AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitu­tunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov “Akademik Cəlal Əliyevin həyatı, elmi və ictimai fəaliyyəti”, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli “Akademik Cəlal Əliyev: elmi-təşkilati fəaliyyəti və elmi məktəbin banisi”, Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov “Dünya biologiya elminə böyük töhfələr vermiş alim”, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Baş direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Bəhruz Bayramov “Torpağa məhəbbət və xeyirxahlıq toxumu səpən alim” mövzularında məruzələr ediblər. 
Elmi konfrans zamanı görkəmli akademikin həyat yolu haqqında slayd nümayiş olunub.
Qeyd edək ki, AMEA Naxçıvan Bölməsində akademik Cəlal Əliyevin 85 illik yubileyi ilə əlaqədar alimin çap olunmuş əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

Elnur KƏLBİZADƏ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR