18 May 2024, Şənbə

Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır.

Akademik Cəlal Əliyev

Elmdə yüksək pillələr qət etmək hər alimə nəsib olmur. Belə bir mərtəbəyə çatmaq xüsusi istedad və gərgin əmək tələb edir. Yüksək istedad sahibi olan akademik Cəlal Əliyev müasir Azərbaycan elminin ən tanınmış nümayəndələrindən biridir. Onun şərəfli ömür yolu elmə xidmətin ən parlaq nümunəsidir.

Akademik Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində Azərbaycan və dünya siyasətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əlirza Əliyevin ailəsində dünyaya göz açmışdır. Cəlal Əliyev 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini və 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirdikdən sonra həmin universitetin Bitki fiziologiyası kafedrasında laborant işləmişdir. Alim 1954-cü ildən Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmış, 1962-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki fiziologiyası, Azərbaycan Elmlər Akademiyası Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrinə rəhbərlik etmiş, 1981-1990-cı illərdə isə Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuşdur. Bu dövrdə alim nəinki bitkiçilik sahəsində, habelə biologiyanın başqa sahələrində də elmi işlərin müasir dünya səviyyəsinə qaldırılmasına, bölmənin uzun illərin geriliyindən çıxmasına və intensiv elmi fəaliyyətə başlamasına nail olmuşdur.

Tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərən, özünün bütün qüvvə və bacarığını həmişə çətin problemlərin həllinə sərf edən görkəmli alim 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik, 1971-ci ildə isə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Akademik Cəlal Əliyev 65 ildən artıqdır ki, kənd təsərrüfatı bitkilərinin, ələlxüsus da buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsasları və onun praktik seleksiyada tədqiqi ilə məşğul olur.
Alimlik fəaliyyəti xalq qarşısında xidmətin ən uca məqamlarından biridir. Öz nəcib əməlləri, xeyirxah elmi işləri ilə insanlara bolluq və firavanlıq gətirmək isə ikiqat şərəfdir. Ömrünü kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına və keyfiyyətin yaxşılaşdırılmasına sərf edən görkəmli alim Cəlal Əliyevin tədqiqatlarının da əsas məqsədi ölkədə məhsul bolluğuna nail olmaqdır. Onun elmi fəaliyyətində bitkilərin optiki-bioloji quruluşu, fotokimyəvi-fotofiziki proseslərlə fizioloji və məhsuldarlıq prosesləri arasındakı əlaqənin öyrənilməsi və məh­suldarlığın molekulyar mexanizminin tədqiqi mühüm yer tutur.
1970-ci illərə qədər Azərbaycanda əkinçi­lik sahəsində müəyyən elmi-tədqiqat işləri görülsə də, taxıl istehsalını artırmaq, əkinçi­liyin digər problemlərini həll etmək mümkün olmamışdı. Dünyada ilk dəfə olaraq akademik Cəlal Əliyev fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsi barədə tədqiqatlar aparmış, bitkilərin fiziologiyası və biologiyanın yeni istiqamətləri – fiziki-kimyəvi biologiya, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaratmışdır. Alimin tədqiqatları əsasında məhsuldar, yüksək keyfiyyətli, xəstəliklərə, zərərvericilərə, əlverişsiz hava şəraitinə davamlı buğda sortları yaradılmış, yüksək keyfiyyətli məhsul alınmasını təmin edən fizioloji və biokimyəvi əsaslar işlənib hazırlanmışdır.
Kənd təsərrüfatı istehsalının səviyyəsinin yüksəldilməsinə daim qayğı ilə yanaşan akademik vaxtilə çox haqlı olaraq göstərmişdi ki, kənd təsərrüfatının inkişaf etdirilməsində həlledici amillərdən biri daha yüksək məhsuldar sortların yaradılıb istehsalata tətbiqindən və toxumçuluğun təşkilindən ibarətdir. Onun uzaqgörənliklə qarşıya qoyduğu bu məqsəd, sözün əsl mənasında, reallığa çevrilmiş, yüksək məhsuldarlığa malik yeni sortların yaradılması, istehsalata tətbiqi bir-birinin ardınca həyata vəsiqə qazanmışdır. Azərbaycan Respublikası üzrə “Bitkilərin genetik ehtiyatları” və “Seleksiya” pro­qramlarının rəhbəri, seleksiyaçı alim, akademik Cəlal Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü elmi axtarışlar nəticəsində 10 mindən artıq ən qiymətli taxıl sortlarının genefondu toplanmış, bitki seleksiyası üzrə əldə edilən nailiyyətlər əsasında 70-ə yaxın yüksək keyfiyyətli məhsuldar sortlar yaradılmışdır. Hazırda bu sortlar ölkəmizin geniş ərazilərində becərilir. Bəzi sortlar təkcə Azərbaycanda deyil, Türkiyədə, Özbəkistanda və Türkmənistanda da taxıl əkinində istifadə olunur. Görkəmli akademikin yaratdığı “Tale-38”, “Qırmızıgül-1”, “Qobustan”, “Bərəkətli-95”, “Nurlu-99”, “Ruzi-84”, “Qiymətli 2/17”, “Əlincə-84” və onlarca digər buğda sortları Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində özünün məhsuldarlığı və məhsulunun keyfiyyəti ilə digər sortlardan fərqlənir.
Elm təcrübə ilə təkmilləşir. Akademik Cəlal Əliyevin çoxşaxəli elmi fəaliyyəti də axtarışlarda, laboratoriyalarda və açıq təbiətdə aparılan sınaq təcrübələrindən keçmişdir. Bu gün mübaliğəsiz demək olar ki, bitki seleksiyası sahəsində Azərbaycanda, eləcə də dünyada Cəlal Əliyev məktəbi formalaşmışdır. Cəlal Əliyevin seleksiya proqramı zəngin və hərtərəflidir. Bu proqram daim fəaliyyətdə və inkişafda olan bir sistemdir. Dünyanın məşhur seleksiyaçı alimləri də öz tədqiqatlarında Cəlal Əliyevin elmi yaradıcılığından, uzaqgörən məsləhətlərindən bəhrələnmişlər. Professor Silva Benival görkəmli alim haqqında demişdir: “Əgər Nobel mükafatı müəyyən bir işin nəticələrinə görə verilirsə, akademik Cəlal Əliyevin kompleks şəkildə apardığı tədqiqatların hər bir istiqaməti bundan yüksək qiymətə layiqdir”.
Mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zərurəti ölkəmiz müstəqillik qazandıqdan sonra daha da aktuallaşmış, akademik Cəlal Əliyev seleksiya proqramında bu istiqamətlərə xüsusi diqqət yetirmişdir. Bunun üçün o, hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük vermişdir. Belə ki, xalq seleksiyası tərəfindən seçilmiş, Azərbaycanda uzun müddət əkilən, üstəlik təbii seçmə nəticəsində yerli şəraitə uyğunlaşan davamlı buğda genotipləri müasir intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər yaradılmışdır. Hələ ötən əsrin 90-cı illərində onun gərgin əməyi və şəxsi təşəbbüsü ilə hazırlanmış “Azərbaycanın bitki genetik ehtiyatları üzrə ölkə pro­qramı” yüksək qiymətləndirilmiş, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) qəbul edilmiş, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun üzvü seçilmişdir.
Müdriklərin fikrinə görə, elm öz mənbəyi etibarilə əbədidir, fəaliyyətində nə zamanla məhdudlaşıb, nə də məkanla, həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur. Elm sərhəd tanımır və bütün insanlığa xidmət göstərir. Elmi yaradan insanlar isə fərqli xalqlara və dövlətlərə mənsub olurlar. Bu mənada elm vəzifəsinə görə bəşəri, mənşəyinə görə isə milli səciyyə daşıyır. Bəşəriliklə milliliyin vəhdəti isə akademik Cəlal Əliyevin zəngin elmi fəaliyyətinin əsas qayəsini təşkil edir.
Akademik Cəlal Əliyev daim axtarışda olan elm xadimidir. Onu “böyük elm fədaisi” adlandırmaq daha düzgün olardı. O, ölkəmizdə və xarici mətbuatda çap olunmuş 600-dən çox elmi məqalənin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Elmi Cəmiyyətinin sədri, Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin, Amerikanın Bitki Bioloqları Cəmiyyətinin, Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun üzvü, Azərbaycanda Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunun prezidentidir. Bütün bu vəzifələr görkəmli alimin elmi irsinin çoxşaxəli istiqamətlərini müəyyən edir.
Hər bir təsərrüfat sahəsinin inkişafında başlıca amil ixtisaslı kadrların mövcudluğudur. Milli kadrların yetişdirilməsi akademik Cəlal Əliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Uzun illərə söykənən zəngin elmi təcrübəsi və çoxşaxəli yaradıcılığı sayəsində Cəlal Əliyev Azərbaycan elmində nüfuzlu mövqe qazanmış böyük bir elmi məktəbin banisi və rəhbəridir. Akademikin ustad himayəsi, müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300-ə yaxın gənc dissertasiya müdafiə edərək alim adını qazanmışdır. Görkəmli akademikin rəhbərliyi altında hazırlanmış yüksək ixtisaslı kadrlar hazırda ölkəmizin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində uğurla fəaliyyət göstərirlər. Həmçinin onun rəhbəri olduğu elmlər namizədləri, elmlər doktorları, professorlar Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, Kanada və Yaponiya kimi inkişaf etmiş ölkələrin tanınmış universitetlərində, elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərməklə dünya elminə yeni töhfələr verməkdədirlər. Əməkdar elm xadimi Cəlal Əliyev öz elmi tədqiqatları və yetirmələri ilə Azərbaycan elmini dünyaya tanıtdırmışdır.
Akademik Cəlal Əliyevin keçdiyi alimlik yolu çox şərəfli və mübariz olmuşdur. O, təkcə alim kimi deyil, həm də bir insan olaraq insanlığın zirvəsində dayanmaqdadır. Azərbaycan elminin təəssübkeşi öz böyük nüfuzundan istifadə etməklə bir çox hallarda haqsızlıqlarla üzləşən elm adamlarına arxa, dayaq olmuş, onlara hər cür yardım göstərmişdir. Bu, böyük insanlara xas olan əlamətlərdən biridir. Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığındadır. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun, özündən razılıq hissini büruzə verməmiş, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirməmiş, əməyinə verilən yüksək qiymətləri alimlər ordusunun uğuru saymışdır.
Bu gün də akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi, diqqət və qayğısı nəticəsində bioloq alimlərimiz tərəfindən bitkilərin həyat fəaliyyətinin, onların abiotik və biotik stress amillərinə cavab reaksiyalarının tədqiqi, bitkilərin müxtəlif xəstəlik, zərərvericilər və alaq otlarından səmərəli mühafizəsi üçün inteqrir bitki mühafizəsi sisteminin elmi əsaslarının hazırlanması və tətbiqi istiqamətində hərtərəfli tədqiqat işləri aparılır. Botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində, molekulyar-genetik mexanizmlərin öyrənilməsinə həsr olunmuş və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş bu elmi-tədqiqat işləri beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan elminin inkişafı üçün yorulmaz fəaliyyət göstərən Cəlal Əliyevin xidmətləri ölkə iqtisadiyyatının inkişafında əsas hərəkətverici qüvvədir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə akademik Cəlal Əliyevin zəngin elmi irsindən geniş istifadə olunur. Onun bitkiçilik sahəsində apardığı elmi-tədqiqat işləri, əldə etdiyi məhsuldar toxum sortları əkinçilik sahəsində məhsul bolluğunu təmin edən əsas amillərdəndir.
Akademikin xalqımız qarşısında böyük xidmətlərindən biri də onun fəal ictimai-siyasi mövqeyidir. O, müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Ölkənin daxili və xarici siyasətini dəstəkləyən ziyalı təbəqəsinin ön sırasında gedən Cəlal Əliyevin dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilməsi də akademikin ictimai-siyasi fəaliyyətinin, seçicilər arasında nüfuzunun göstəricisidir. Alim Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi komitələrin işində, elm, təhsil, kənd təsərrüfatı, ekologiya və digər sahələrlə bağlı qanun layihələrinin hazırlanmasında fəal iştirak etmiş, qaçqın və məcburi köçkünlərlə görüşərək onlara maddi və mənəvi dayaq olmuşdur. Bu gün də görkəmli alim Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsində dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasəti müdafiə edir və bu istiqamətdə yorulmadan çalışır.
Akademik Cəlal Əliyevin ictimai-siyasi fəaliyyətinin əsasında vətənpərvərlik, mənsub olduğu xalqa əməllə, işlə sədaqət nümunəsi dayanır. Bu gün dünya şöhrətli alim fəal ictimai xadim və böyük vətənpərvər kimi yorulmaz fəaliyyət göstərir, Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Akademik Cəlal Əliyevin həmmüəllifi olduğu “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı” kitabı 2003-cü ildə rus, ingilis, alman və fransız dillərində nəşr olunmuşdur. 2006-cı ildə isə alimin “Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır” kitabı işıq üzü görmüşdür. Hər iki kitab Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran mühüm tarixi mənbələrdir.
Cəlal Əliyevə məxsus ciddi prinsipiallıq, elmi gələcəyi görmə qabiliyyəti onun şəxsi xarizması və qayğıkeşliyi ilə vəhdət təşkil edir. Alimin əməyi xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Elmin inkişafında və ictimai-siyasi həyatda fəal iştirakına görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatı – “İstiqlal” ordeni, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, 2013-cü ildə isə “Şərəf” ordeni ilə təltif olunmuşdur. Bu il akademikin 85 illik yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Cari ilin iyun ayında Bakı şəhərində alimin yubileyinə həsr olunmuş “Akademik Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları – 2013” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın 37 ölkəsindən 300-dən çox mütəxəssis iştirak etmiş, müxtəlif mövzularda elmi müzakirələr aparılmış, akademikin zəngin elmi irsinə bir daha nəzər salınmışdır.
İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə mənalı olur, xatırlanır, qürur doğurur. Əməkdar elm xadimi, millət vəkili, akademik Cəlal Əliyev də belə mənalı bir ömür yaşayaraq həyatını Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə sərf edibdir. Cəlal müəllim bu gün ömrünün müdriklik zirvəsindədir. Bu həm də Azərbaycan elminin keçdiyi mübarizələrlə dolu təkamül prosesinin zirvəsidir. Azərbaycan elminin nüfuz və fəxr simvolu olan akademik Cəlal Əliyev bu gün də bərəkətli Vətən torpağına məhəbbət, xeyirxahlıq toxumu səpir. Bu səbəbdən onun əldə etdiyi elmi nailiyyətlər, rəhbərliyi ilə yaradılan yeni sortlar, yazdığı qiymətli əsərlər, qurduğu elmi məktəb, zəngin buğda genefondu Azərbaycan xalqının milli sərvətidir.

85 illik yubileyini qeyd edən akademik Cəlal Əliyev xalq və tarix qarşısında ömrünün 85 illik hesabatını qürurla, yüksək məsuliyyət və iftixar hissi ilə verir. 85 ilin zirvəsindən baxdıqda göz önünə elmə həsr olunmuş mübariz və kəşməkəşli bir ömür, cənnət timsalı bir Vətəndə ucsuz-bucaqsız taxıl zəmiləri gəlir, çörək ətri hiss edilir. Adı bolluq, bərəkət rəmzinə çevrilən Cəlal Əliyevin zəngin elmi irsi və ictimai-siyasi fəaliyyəti bundan sonra da ölkəmizin və elmimizin tərəqqisinə xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR