19 May 2024, Bazar

Dünən AMEA Naxçıvan Bölməsində keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubileyinə həsr olunmuş konfransda məruzə edən bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə 26 İyun – Azərbaycan Respublikasının Silahı Qüvvələri Günü münasibətilə konfrans iştirakçılarını təbrik etmişdir.
Akademik İsmayıl Hacıyev bildirmişdir ki, Azərbaycanın 5000 illik dövlətçilik tarixində ordu hər zaman dövlətin əsas atributlarından biri olmuşdur. Azərbaycanlılar tarixin müxtəlif dönəmlərində öz cəngavərlikləri, döyüşkənlikləri ilə ad qazanmış, Azərbaycan dövlətçiliyinin qorunması naminə mətinliklə mübarizə aparmışlar. Azərbaycanda hərb ənənələri haqqında geniş məlumat verən natiq vurğulamışdır ki, geostrateji mövqeyinə görə böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Xalq Cümhuriyyətinin yarandığı gündən dövlətçiliyin atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. O zaman qəbul edilən “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan xarici müdaxilələrdən müdafiə olunmaq, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Beləliklə, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. 1920-ci ilin aprelində Azərbaycanın sovet işğalından sonra Milli Ordunun ləğv edilməsinə, azərbaycanlıların sovet dövründə ordunun ikinci və üçüncü dərəcəli məsələlərinə cəlb olunmasına baxmayaraq, XX əsrin 70-ci illərində bu tarixi ədalətsizliyə son verilməsi istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən ciddi addımlar atılmış, milli hərbçi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. 
Qeyd olunmuşdur ki, müstəqillik dövründə ilk ordu quruculuğuna ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvandan başlanılmışdır. Ölkə miqyasında peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyulmuşdur. Məhz həmin vaxtdan ordu quruculuğuna peşəkar prinsiplərlə yanaşılmış, silahlı qüvvələr pərakəndəlikdən xilas edilmiş, ordudakı siyasiləşməyə son qoyulmuşdur.
Akademik vurğulamışdır ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən müasir və güclü ordu hesab olunur. Bu gücün təməlində isə xalq-ordu birliyi dayanır.
Məruzə ətrafında AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli çıxış etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR