18 May 2024, Şənbə

26 İyun Silahlı Qüvvələr Günüdür. 95 il bundan əvvəl – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Milli Ordu­muzun əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” elan edilmişdir.
Güclü, qüdrətli ordusu olmayan dövlət öz müstəqilliyini qoruyub saxlaya bilməz. Dövlətin dövlət olması üçün mütəşəkkil ordunun formalaşması ən vacib amillərdən biridir. Çünki hər bir müstəqil dövlət öz güclü ordusu ilə tanınır, nüfuz qazanır. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Milli Ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində ulu öndəri­mizin rəhbərliyi ilə Naxçıvanda başlanmışdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sen­tyabrın 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında Nax­çıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qo­runmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edildi və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verildi. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərək demişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün sentyabrın əvvəlində… bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil silahlı qüvvələr yaratmaq prosesinə başladıq. Biz burada Azərbaycanın Milli Ordusunu yaratdıq”.
1991-1993-cü illərdə ölkəmizdə hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində ordu quruculuğu da diqqətdən kənarda qalmışdır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra ordu qurucu­luğu sahəsində də əsaslı dönüş yaradıldı. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin təşkili prosesi yeni vüsət almış, ordu quruculuğu prosesi vacib və zəruri məsələ kimi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Hərbi intizamın möhkəmləndirilməsi, hərbi hissələrin siyasiləşmiş qüvvələrdən, qeyri-peşəkar kadrlardan təmizlənməsi istiqamətində uğurlu addımlar atılmış və nəticədə, XX əsrin 90-cı illərinin əvvəllərində özfəaliyyət kimi idarə olunan hərbi birləşmələr nizami orduya çevrilmişdir.
Ümummilli lider ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən etibarən şəxsən hərbi hissələrdə olur, xidmətin təşkili ilə maraqlanır, ordunun inkişafının yeni metodlarını işləyib hazırlayırdı. 1994-cü ildə ulu öndər Heydər Əliyev Ağcabədi rayonundakı hərbi hissədə olarkən jurnalistin ona ünvanlandığı “Hörmətli prezident, cəbhə bölgələrinə səfərinizin məqsədi nədir?” sualını belə cavablandırmışdır: “Məqsəd odur ki, yerlərdəki vəziyyəti özüm şəxsən görüb öyrənmək istəyirəm. Ali Baş Komandan kimi Müdafiə Nazirliyindən məlumat alıram, briqada komandirləri ilə bilavasitə əlaqə saxlayıram. Eyni zamanda vəziyyəti özüm şəxsən görüb, tanış olub, aydınlaşdırmaq istəyirəm. Əsgərlərlə, zabitlərlə görüşərək onların əhval-ruhiyyəsini öyrənirəm. Çalışıram, öyrənim ki, onların döyüş ruhu nə səviyyədədir. Bunların hamısı mənim üçün həm orduya rəhbərlik etmək, müdafiəni etibarlı təşkil etmək, həm də torpaqlarımızın azad olunması planlarını hazırlamaq üçün çox lazımdır”.
Sonrakı illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradılmış, hərbi hissələr komplektləşdirilmişdir. Bu dövrdə hərbi təhsil məsələləri də diqqətdən kənarda qalmamış, ulu öndər 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında fərmanlar imzalamışdır. Bir sözlə, 1993-cü ildən sonra ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq səhif­ə­lərindən birini Milli Ordunun yaradılması təşkil etmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Hazırda Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artmasına və nəticə etibarilə, ordumuzun güclənməsinə şərait yaratmışdır. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü, 2011-ci ildə isə dövlət müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilən hərbi paradlar zamanı müstəqil dövlətimizin güclü, qüdrətli ordusunun imkanları bir daha nümayiş etdirildi. Azərbaycanda ən müasir, güclü ordu yaradılmasının qarşıya qoyulan başlıca hədəflərdən olduğunu bildirən Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər”.

Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə hərbi sənaye kompleksinin fəaliyyətinin gücləndirilməsi müxtəlif növ hərbi texnikaların, zirehli maşınların və atıcı silahların istehsalına səbəb olmuşdur.
Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Ötən 18 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı məqsədilə mühüm tədbirlər görülmüşdür. Belə ki, bu dövrdə 164 obyekt, o cümlədən 16 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 49 müxtəliftəyinatlı digər obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Yüksəklikdə yerləşən ən ucqar dağ postları elektrik enerjisi ilə təmin edilmişdir. Hazırda Naxçıvan şəhərindəki hərbi şəhərcikdə zabit-gizirlərin ailələrinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə 60 mənzilli yaşayış binasının inşası aparılır.
Dövlət başçısı muxtar respublikada yerləşən hərbi hissələrdə yaradılan şəraiti, burada ordu quruculuğu sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın müdafiə potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda istənilən hərbi vəzifəni icra etməyə qadirdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ordunun qüdrəti təkcə ona verilmiş texnika və silah-sursatın həcmi ilə ölçülmür. Ordu o zaman qüdrətli olur ki, orada milli ruhlu, vətənpərvər şəxsi heyət xidmət etsin. Müasir hərb sənətini bilən peşəkar zabit heyəti yaradılmadan ordunu idarə etmək, qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirmək mümkün deyil”. Bu gün muxtar respublikamızda hərbçi kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Çünki peşəkar zabit kadrları olmadan ordunu idarə etmək, müəyyən olunmuş döyüş tapşırıqlarını yerinə yetirmək mümkün deyil. Hazırda Heydər Əliyev adına Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirir, Naxçıvan torpağının yetirmələri olan generalların layiqli davamçıları kimi yetişirlər.
Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin qüdrətini təmin edir. Eyni zamanda bu birlik orduda xidmət edən şəxsi heyətə mənəvi güc, xalqa isə inam və etibar verir. Son 17 ildə muxtar respublikamızda xalq-ordu birliyinin real nümunəsi yaradılmışdır. Naxçıvanlılar əlamətdar günlərdə, bayramlarda əsgərlərimizi heç vaxt yaddan çıxarmır, onlara mənəvi dəstək verirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərhəd bölgələrində, düşmənlə üz-üzə mövqelərdə xidmət edən əsgər və zabitlərlə görüşü artıq ənənə halını almışdır. Bu görüşlər şəxsi heyətin vətənpərvərlik hisslərini, mübarizlik əzmini daha da artırır.

Orduda xidmət etmək Azərbaycanın hər bir vətəndaşının şərəf borcudur, iftixarıdır. Bu gün 95 illik yubileyini qeyd edən Azərbaycan Silahlı Qüvvələrində mətin, qəhrəman, qəlbi Vətən sevgisi ilə alışıb-yanan oğullar xidmət edirlər. Hər bir azərbaycanlı ordumuza ümid bəsləyir, ona arxalanır və etibar edir. Bu ümidin və etibarın əsasında isə ümumxalq inamı dayanır. Bu gün Azərbaycan əsgəri yaxşı bilir ki, onu böyük və şərəfli bir missiya gözləyir: işğal altındakı torpaqlarımızda üçrəngli zəfər bayrağımızı qaldırmaq!

“Şərq qapısı”

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR