19 May 2024, Bazar

Tariximizə general-adyutant Hüseyn xan Naxçıvanski adı Kəngərlilər nəslinin dördüncü generalı kimi yazılıb. Təbii ki, bir insanın bu qədər yüksək bir rütbəyə – general-adyutant rütbəsinə yüksəlməsi heç də asan olmur. Bu mənada Böyük Rusiya İmperiyasının milli müstəmləkələrinin birindən çıxmış Hüseyn xan Naxçıvanskinin də bu zirvəyə yüksəlməsi asan olmamışdı. Bu gün fəxrlə “Əlahəzrətin general-adyutantı” adlandırdığımız Hüseyn xan Naxçıvanskinin həyat yoluna nəzər salanda görürük ki, “velikorus” şovinizmi Xan Naxçıvanskini dəfələrlə ən ağır vəzifələrdə sınamışdı. Və təbii ki, Xan Naxçıvanskinin hərb olimpinin zirvəsinə doğru gedən yolunda ilk qanlı sınaq meydanı Mancuriya (Port-Artur) müharibəsi olmuşdu. 

XX əsrin əvvəllərində dünyanın nüfuz dairələrinə bölüşdürülməsi uğrunda gedən müharibəyə Yaponiya da qoşulmuşdu. Yarımçıq da olsa, burjua çevrilişinin baş verdiyi Yaponiyanın iqtisadi maraqlarını önə çəkməklə Uzaq Şərqdə Rusiyaya qarşı mübarizədə ondan istifadə etmək ABŞ və İngiltərənin də marağında idi. Tarixə 1904-1905-ci illər rus-yapon müharibəsi kimi düşən Mancuriya və Koreya uğrunda müharibə bu strateji ərazilərə yiyələnmək istəyənlərin imperiya maraqlarından irəli gəlirdi. O dövrdə Rusiya imperiyasının hərbi naziri olmuş A.N.Kuropatkinin Uzaq Şərqdə müharibə tərəfdarı olmamasına baxmayaraq, müharibə tərəfdarı olan dövlət katibi Bez­obrazovun rəhbərlik etdiyi qrupun mövqeyinin çar tərəfindən qəbul edilməsi, təbii ki, Rusiyanın müharibədə, bəlkə də, məğlubiyyətinin əsas səbəbi idi. Çünki birinci qrupdan fərqli olaraq, ikinci qrupdakılar hərbi imkanları deyil, əldə olunacaq gəliri hesablayırdılar.

Nəticədə isə Rusiyanı bir addım qabaqlayan Yaponiya 1904-cü ilin fevralında rusların hücumunu gözləmədən hücuma başlamışdı. Əslində, əsas vəzifəsi imperator taxt-tacının qorunması hesab edilən Süvari qvardiyasının bir neçə ən yaxşı zabitinin döyüşən ordu alayına köçürülməsi heç də bəzi tədqiqatçıların qeyd etdiyi kimi, “Vətənə sadiqliyini ifadə edən Süvari qvardiyasının döyüşə can atması” ilə deyil, ordudakı boşluqların doldurulması məqsədilə edilmişdi.
Bu mənada qafqazlı olan və Qafqaz insanının xarakterinə bələd olan Süvari alayının komandir köməkçisi polkovnik Hüseyn xan Naxçıvanskiyə dağlılardan ibarət qeyri-nizami 2-ci Dağıstan Süvari alayının formalaşdırılmasının tapşırılması da təsadüfi sayıla bilməz. 2-ci Dağıstan Süvari alayının da tərkibinə daxil olduğu Qafqaz Süvari briqadasına digər bir qafqazlı – gürcü əsilli general-mayor knyaz Orbeliani rəhbərlik edirdi. Dağlı xalqlarından ibarət bir Süvari alayına məhz azərbaycanlı bir polkovnikin niyə komandir təyin edilməsini başa düşmək üçün hələ XIX əsrin sonlarında Qafqazda yaşamış, “Qafqaz. Rus işi və tayfalararası məsələlər” adı ilə ümumiləşdirilən məqalələr silsiləsini yazmış Veliçkonun dağlılar haqqında fikirlərinə diqqət yetirək. O yazırdı: “Rusiya ilə nisbətən yaxın keçmişdəki uzun sürən və bəzən də uğursuz mübarizəni Dağıstan camaatı unutmamışdır. Hərb işinə və döyüşməyə onlar qismən təbii həvəsə görə, qismən isə yerli şəraitin təsiri altında tarixən öyrəşmişlər”. Daha sonra müəllif yazır ki, Dağıstanı və dağlıları idarə etmək üçün inzibatçı və mücərrəd adam yox, sözün geniş mənasında, onlara real surətdə baxan naturalist, yerli həyat hadisələrinin bilicisi olan bir adam lazımdır.
Məhz bu cür xarakterə malik olan Hüseyn xan Naxçıvanski 1904-cü il mart ayının 16-da Dağıstan Süvari alayının formalaşdırıldığı məntəqəyə – Petrovska gəldikdən sonra avarlardan, darginlərdən, laklardan və Andiy camaatından ibarət olan Süvari alayının təşkilinə nail olmuşdu. Könüllülərin sayının 200 nəfərdən artıq olması nəzərdə tutulmuş alaya daxil olmaq üçün müraciət edənlərin sayının bundan ikiqat artıq olmasında da polkovnik Xan Naxçıvanskinin şəxsi nüfuzu xüsusi əhəmiyyət kəsb edirdi.
Beləliklə, qısa zaman kəsiyində formalaşdırılan Qafqaz Süvari briqadasının, o cümlədən 2-ci Dağıstan Süvari alayının tərkibi 1904-cü il mart ayının 25-də təsdiq olunmuşdur. Hüseyn xan Naxçıvanskinin həyatının və hərbi fəaliyyətinin tədqiqatçısı Rudolf İvanovun “Əlahəzrətin general-adyutantı” kitabında heyəti rəsmiləşdirən Əlahəzrət əmrində qeyd edilir: “Təyin edilirlər: Ordu süvarisində sayılan, Əlahəzrət Prins Aleksandr Petroviç Oldenburqski nəzdində olan general-mayor knyaz Orbeliani – Qafqaz Süvari briqadasının rəisi; Leyb-qvardiya Süvari alayının polkovniki Xan Hüseyn Naxçıvanski – 2-ci Dağıstan Süvari alayının komandiri; Leyb-qvardiya Əlahəzrət Qusar alayının polkovniki Plautin – Tersk-Kuban Süvari alayının komandiri”.
Cəmisi bir ay ərzində formalaşdırılan qeyri-nizami 2-ci Dağıstan Süvari alayı 17 aprel 1904-cü ildə Mancuriyaya yola düşmüşdür. Yaponların Port-Artur qalasına basqını ilə başlayan qanlı müharibədə Hüseyn xan Naxçıvanskinin rəhbərlik etdiyi Süvari alayı təkcə öz üzərinə düşən vəzifəni yerinə yetirmirdi, həm də düşmən qüvvələrini aşkar etmək üçün kəşfiyyat atışmalarından tutmuş ildırımsürətli hərbi hücum taktikasınadək bir çox vəzifələri həyata keçirirdi. 1904-cü ilin 13-22 avqust tarixlərində baş vermiş qanlı Laolyan döyüşlərində Xan Naxçıvanskinin rəhbərlik etdiyi alayın yaponlara qarşı göstərdiyi qəhrəmanlıq müharibə tarixinə qızıl hərflərlə yazılmışdır. “Piyada və süvari qaydasında hərəkət edərək pulemyot atəşlərinin köməyi ilə Xan Naxçıvanskinin düşmən qüvvələrini yarıb keçməsi” Mancuriya ordusunun baş komandanı general-adyutant Kuropatkinin nəzərindən yayınmamışdı. Məhz bu fədakarlığına və qəhrəmanlığına görə Hüseyn xan 1904-cü il noyabr ayının 3-də “Müqəddəs Anna” döyüş ordeninə layiq görülmüşdür. Hüseyn xan Naxçıvanski qılınclı və bantlı 4-cü dərəcəli “Müqəddəs Vladimir” ordeninə, 2-ci dərəcəli “Müqəddəs Stanislav” ordeninə də məhz Port-Artur müharibəsindəki misilsiz rəşadətinə görə layiq görülmüşdür.
Tədqiqatçı R.İvanov müharibənin gedişində bir çox hallarda Xan Naxçıvanskinin nəinki 2-ci Dağıstan Süvari alayına, hətta, ümumilikdə, Qafqaz Süvari briqadasına rəhbərlik etməsi haqqında məlumatlar da aşkara çıxarmışdır. Bunun isə səbəbini tədqiqatçı Tersk-Kuban alayında komandanlığa qarşı baş vermiş itaətsizlik halları ilə bağlayır. Maraqlıdır ki, eyni ağır şəraitdə vuruşan, daha ağır hərbi əmrləri yerinə yetirən və itaətsizliyə daha meyilli olan xalqlardan ibarət 2-ci Dağıstan Süvari alayında bu hallara rast gəlinməmişdir. Bu isə Hüseyn xan Naxçıvanskinin yüksək sərkərdəlik məharətinin və səriştəsinin nəticəsi olmuşdur.
Və məhz bu müharibə Hüseyn xan Naxçıvanskiyə Ali Hərbi Ordenin kavalerliyini bəxş etmişdi. Hərbçi andına və çar taxt-tacına sadiqliyini sübut edən Xan Naxçıvanskiyə Rusiyanın müharibədə məğlub olmasına baxmayaraq, ən yüksək hərbi mükafat – IV dərəcəli Müqəddəs Şəhid və Qazi Georgi ordeni təqdim edilmişdi. Bu orden isə nəinki hər bir zabitin, Rusiya imperatorlarının belə, qürurla daşıdıqları bir orden idi.
Beləliklə, Port-Artur müharibəsi Rusiya imperiyası üçün nə qədər uğursuz bitsə də, Xan Naxçıvanski üçün o qədər uğurlu olmuşdur. Hərb olimpinin zirvəsinə gedən yolda ilk sınaq olan bu müharibədə Hüseyn xan Naxçıvanski məğlub ordunun qalib sərkərdəsi kimi özünü göstərə bilmişdir.

Elnur KƏLBİZADƏ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR