18 May 2024, Şənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyun ayının 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuş, ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri kimi 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri müəyyənləşdirilmişdir. Qanunda dövlət qulluğu və dövlət qulluqçusu anlayışlarının mahiyyəti göstərilmiş, dövlət qulluğunun prinsipləri, habelə dövlət qulluqçusunun hüquq və vəzifələri öz əksini tapmışdır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra ölkəmizdə müasir dövlət qulluğu ənənələri formalaşmağa və təşəkkül tapmağa başlamış, bu qanundan irəli gələn onlarla normativ hüquqi akt qəbul edilmişdir. Həmçinin dövlət başçısının fərman və sərəncamları ilə respublikada idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edən yeni qurumlar yaradılmış, onların fəaliyyət prinsiplərini müəyyən edən əsasnamələr və qaydalar təsdiq edilmişdir. Eyni zamanda dövlət qulluğuna qəbul üçün müsabiqənin keçirilməsi, sınaq müddəti ilə staj keçilməsi, dövlət qulluqçularının attestasiyası, icbari sığortası, hakimiyyət səlahiyyətinin icrasına, qulluq stajına, ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavə haqqın verilməsi kimi məsələlər nizama salınmış, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilmişdir. Bu sənədlər dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin yaratmış, müvafiq icra və nəzarət mexanizmini formalaşdırmışdır.

Dövlət qulluqçularının fəaliyyətinə nəzarətin həyata keçirilməsində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyətə malikdir. Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanuna görə, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalıdır.
Dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Dövlət qulluqçusunun qarşısında qoyulan əsas vəzifə xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməkdən, vətəndaşların hüquq və azadlıqlarını qorumaqdan, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir. Ona görə də dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Bununla yanaşı, hər bir dövlət qulluqçusu informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.
Bu gün muxtar respublikamızda da çevik dövlət idarəçilik sisteminin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdiril­miş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır.
Hər bir qurumun səmərəli fəaliyyəti həmin qurumun fəaliyyəti üçün yaradılmış şəraitdən çox asılıdır. Fəaliyyətə başladıqdan sonra qısa müddət ərzində komissiya üçün hərtərəfli iş şəraiti yaradılmış, yeni inzibati bina tikilərək lazımi texniki avadanlıqlarla təchiz edilmişdir. Yaradılan yüksək şərait dövlət qulluğuna qəbul imtahanlarının mərkəzləşmiş qaydada, müasir informasiya texnologiyalarından istifadə etməklə elektron formada aparılmasına, dövlət qulluğuna qəbulun şəffaflıq, obyektivlik və ədalətlilik prinsipləri əsasında keçirilməsinə imkan verir.
Dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət edənlərin sayı ildən-ilə artır. Belə ki, fəaliyyətə başladığı 2010-cu ildən bu günədək komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 4 müsabi­qə keçirmişdir. Həmin müsabiqələr­­də iştirak etmiş 955 namizəddən 308-i müvəffəqiyyət qazanmış, onlardan 194-ü işlə təmin olunmuşdur. 2013-cü ilin 14-21 may tarixlərində keçirilmiş müsabiqənin test mərhələsində iştirak etmiş 273 namizəddən 99-u müvəffəqiyyət qazanmışdır ki, onların da müsahibə mərhələsi davam etməkdədir. Onu da qeyd etmək lazımdır ki, komissiya tərəfindən dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanları – Daxili İşlər, Vergilər nazirlikləri və digər təşkilatlar üçün 9 test imtahanı da keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə hazırda test imtahanlarının keçirilməsi və dövlət qulluqçularının reyestrinin aparılması üçün daha mükəmməl proqram təminatının hazırlanması üzrə işlər davam etdirilir.
Ötən müddətdə komissiya tərəfindən sahə üzrə normativ hüquqi aktların izahı və dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunması ilə bağlı sistemli tədbirlər görülmüş, vəzifə və funksiyalarına uyğun olaraq, dövlət qulluqçularının attestasiyası keçirilmişdir. Attestasiyalarda iştirak edən 1588 dövlət qulluqçusunun 1042-nin nəticələri qənaətbəxş olmuşdur. Nisbətən zəif nəticə göstərən dövlət qulluqçularına tövsiyələr verilmiş və onların bir il sonra təkrar attestasiyadan keçirilməsi nəzərdə tutulmuşdur. Əsas məqsəd muxtar respublikada dövlət qulluğu siyasətinin həyata keçirilməsində daha böyük uğurların əldə edilməsi, dövlət qulluqçularının fəaliyyətinin stimullaşdırılması və müasir idarəçilik sisteminə inteqrasiyanın sürətləndirilməsidir.
Muxtar respublikada dövlət qulluqçularının peşəkarlığının artırılması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə hər il onlarla dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə yenilikləri öyrənmək, çalışdıqları idarə və müəssisələrdə tətbiq etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almağa, habelə ixtisasartırma kurslarına göndərilirlər.
Dövlət orqanlarının və dövlət qulluqçularının işinin daha səmərəli təşkili üçün elektron xidmətlərin göstərilməsi, elektron hökumətin formalaşdırılması ən vacib məsələlərdən biridir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edir. Fərmanın imzalanması muxtar respublikada elektron hökumətin formalaşdırılması istiqamətində görülən işləri daha da sürətləndirmişdir. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 80-ə yaxın dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanmışdır. Həmçinin nazirlik tərəfindən 34 dövlət orqanı tərəfindən göstərilən elektron xidmətlərin reqlamentləri təsdiq edilmiş, reyestr kodları verilərək internet saytlarında yerləşdirilmişdir. Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına, məmur-vətəndaş əlaqələrinin yüksək səviyyədə qurulmasına səbəb olmuşdur.

Dövlət qulluğunun təkmilləşdirilməsinin və yeniləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltməkdən, onların normal yaşayışını və sosial rifahını təmin etməkdən ibarətdir. Bu gün muxtar respublikamızın dövlət orqanlarında 2 min nəfərdən çox dövlət qulluqçusu çalışır. Hər bir vətəndaş kimi, dövlət qulluqçuları da dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmuşlar. Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, ölkəmizin inkişaf və tərəqqisinə öz töhfəsini verməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR