07 May 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin anadan olmasının 70 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə İsmayıl Hacıyevin “Şöhrət” ordeni, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi isə milli elmimizin inkişafında xüsusi əməyi olanların fəaliyyətinə verilən yüksək dəyər, gənc elm adamları üçün isə böyük stimul oldu.

Əslində, akademik İsmayıl Hacıyevi böyükdən-kiçiyə hər birimiz yaxşı tanıyırıq. Hər şeydən öncə, hər zaman fəal ictimai mövqeyi ilə seçilən vətənpərvər ziyalı, sadə, səmimi bir insan kimi. Bununla yanaşı, düşündük ki, Azərbaycan elminə mühüm töhfələr vermiş dəyərli akademikimizlə belə bir xüsusi gündə söhbətimiz oxucularımız üçün də maraqlı olar.

– İsmayıl müəllim, əvvəla, icazə verin, sizi 70 illik yubileyiniz və yüksək dövlət təltiflərinə layiq görülməniz münasibətilə kollektivimiz və çoxsaylı oxucularımız adından təbrik edim.

– Çox sağ olun, təşəkkür edirəm.

– Əslində, sizi geniş auditoriyaya tanıtmağa ehtiyac yoxdur. Ancaq istərdik ki, İsmayıl Hacıyevi böyük elmə aparan yola birlikdə nəzər salaq.

– 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsində oxuduğum zaman tələbələr Tələbə Elmi Cəmiyyətinin xəttilə elmi-tədqiqat işlərinə cəlb edilirdilər. Oxuduğum 126-cı qrupun tələbələrinin də bir qismi bu işə xüsusi maraq və səy göstərirdilər. Bu işdə mənə professor Süleyman Məmmədov və dosent Əsgər Süleymani rəhbərlik edirdilər. Süleyman Məmmədovun rəhbərliyi ilə hazırladığım elmi məruzəyə görə Ümumittifaq nişanına layiq görüldüm. Və beləliklə, Tələbə Elmi Cəmiyyəti tələbəlik illərimdən başlayaraq məni elmə aparan yol oldu. Həmin illərdə bütün tələbələr yox, ancaq fərqlənmə diplomuna namizəd ola biləcək tələbələr diplom işi mövzusu götürə bilərdilər. Bu sahədə mənə Əsgər Süleymani rəhbərlik edirdi. Yaxşı yadımdadır ki, yazacağım diplom işi üçün çox əhəmiyyətli olan Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyası və Voroşil Qukasyanın (o bizə Toponimika fənnini tədris etmişdi və milliyətcə udi (udin) idi) AMEA-nın “Xəbərlər”ində nəşr olunmuş məqaləsini akademiyanın əsaslı kitabxanasından öz adına götürüb istifadə üçün mənə vermişdi.
Orta məktəbdə işlədiyim illərdə də elmə marağım azalmamışdı. İlk elmi məqaləni yazıb əlyazma formasında “Tarix, ictimaiyyət və coğrafiya” jurnalına göndərmişdim. Nəşr olunacağına o qədər də inamım yox idi. 1977-ci il idi. Məqaləni jurnalın 3-cü nömrəsində dərc etmişdilər və bir nüsxəni poçt vasitəsilə mənə göndərmişdilər. Bu məndə özünə­inamı artırdı. Ali məktəbdə işlədiyim illərdə elmə marağım bir qədər də artdı, bu həm də ali məktəbdə elmi-tədqiqatla məşğul olmaq tələbindən irəli gəlirdi.

– İsmayıl Hacıyev təkcə akademik kimi yox, həm də əsl pedaqoq kimi tanınır. İstərdik, pedaqoji fəaliyyətiniz haqqında da danışasınız.

– Atam Muxtar Hacıyev uzun illər müəllim işlədiyindən, belə bir ailədə tərbiyə aldığımdan pedaqoji fəaliyyətin bəzi cəhətləri ilə az-çox tanış idim. Orta məktəbdə də çox savadlı, tədris etdiyi fənni şagirdlərə sevdirməyi bacaran İsrafil Hacıyev, Dövlət Məmmədov, Ramiz Səfərov, Səyyad Məmmədov, Maral Əbdüləzimova kimi müəllimlərdən öyrənməyə çalışmışam. Xoşbəxtlikdən ali məktəbdə oxuyarkən ən nüfuzlu və savadlı müəllimlər bizə müxtəlif fənlərdən dərs deyirdilər.
Heç vaxt yadımdan çıxmayan belə bir faktı xatırladım. Elmi işimlə əlaqədar təhsil aldığım Pedaqoji İnstituta getmişdim. O vaxt tələbə yoldaşım Tarix fakültəsinin dekanı idi. İkinci mərtəbədə foye ilə gedərkən professor Süleyman Məmmədovun dərs dediyini gördük. Auditoriyanın qapısı açıq idi. Mane olmamaq üçün sakitcə salam verib ötdük. Bir qədər uzaqlaşmışdıq ki, Süleyman müəllimin səsini eşidib geri döndük. O bizi auditoriyaya dəvət etdi. Təvazökarlıqdan uzaq olsa da, onda hər ikimiz elmlər doktoru, professor idik. O, qürurla keçmiş tələbələri kimi bizi Tarix ixtisasında ali təhsil alanlara nümunə göstərdi.
Ümumiyyətlə, müəllim-pedaqoq bütün fəaliyyəti ilə bu ada layiq olmalıdır. İlk növbədə, tədris etdiyi fənni yaxşı bilməli, daim öz üzərində çalışmalı, yenilikləri tətbiq etməyi bacarmalıdır. İndiki informasiya bolluğu şəraitində müəllimin məsuliyyəti birə-beş artır. Tələbələr, yetirmələri isə müəllimlərin barometri, göstəriciləridir. Müəllimi, onun savadını və pedaqoji keyfiyyətlərini şagird və tələbədən yaxşı bilən olmaz. Əsl pedaqoq ola bilmək hər müəllimə nəsib olmayan xoşbəxtlikdir. Müəllimlik dövründə buna nail olmağa çalışmışam.

– Tarixi bilmək hər ziyalının borcudur. Maraqlıdır, tarixi bir elm sahəsi kimi özünə fəaliyyət istiqaməti olaraq seçməniz nədən qaynaqlanır?

– İlk növbədə, yaşadığım coğrafi ərazidən. Anadan olduğum Culfa rayonunun Xanəgah kəndi öz tarixi abidələri ilə məşhurdur. Əyilməzlik simvoluna çevrilmiş Əlincə qalası, Xanəgah Türbə Kompleksi, Əmirxan türbəsi... bu kənddədir. Həmin abidələr illərdir ki, bizə “tarix dərsi deyir”. Lakin bu, vacib amil olsa da, heç də tam əsas deyil. İnsanın marağı, dünyagörüşü, qabiliyyəti, ona təsir imkanları da vacib amillərdəndir. Hər halda mənim tarixçi olmağımda bu, əsas qaynaqdır, mühüm amildir.
Burada tarix müəllimlərimin də böyük təsiri olub. Şirin müəllimin, Dövlət müəllimin bu sahədəki əməyi və təsirini minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm. Ali məktəbi bitirib tarix müəllimi oldum. Lakin sonradan işlədiyim sahə məni tarixi bir elm sahəsi kimi seçməyə sövq etdi. Təbii ki, burada üstün rol oynayan amillərdən biri də özümün marağım idi. Maraq və məqsəd insanı həmişə istiqamətləndirir.

– Naxçıvanın tarixi və AMEA Naxçıvan Bölməsi... Bu tarixi nə qədər öyrənə bilmişik?

– Sovetlər Birliyi dövründə “SSRİ tarixi” adı ilə, əsasən, Rusiya tarixi tədris olunurdu. Buna qarşı çıxanlar olsa da, bir çox halda bunu açıq şəkildə, cəsarətlə deyə bilmirdilər. Azərbaycan tarixi müstəqil fənn kimi keçilmirdi. Naxçıvanın tarixindən isə heç söhbət açmaq olmazdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edənə qədər Naxçıvan tarixinə neçə əsər – kitab, yaxud monoqrafiya həsr olunmuşdu? Bu, barmaqla sayılacaq qədər idi. 70-90-cı illərdə Naxçıvandakı Elmi Mərkəzin elmi potensialı da buna imkan vermirdi.
Dövlət müstəqilliyinin qazanılması bütün sahələrdə olduğu kimi, bu sahədə də yeni imkanlar yaratdı. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təklifi ilə Azərbaycan Prezidenti, qüdrətli dövlət xadimi Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi yaradıldı. Bölmənin yaradılmasına həsr olunmuş müşavirədə ulu öndər Heydər Əliyev Naxçıvan tarixindən bəhs edərkən demişdir: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi – həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”.
Göründüyü kimi, AMEA Naxçıvan Bölməsi bu diyarı hərtərəfli öyrənmək üçün, xüsusilə tarixini tədqiq etmək üçün yaradılmışdır. Bu istiqamət AMEA Naxçıvan Bölməsinin qarşısında duran prioritet sahədir. Bu illərdə Naxçıvanın tarixi əhatəli araşdırılmışdır: həm qədim dövrü, həm də orta əsrlər, yeni və ən yeni dövrü.
Bu istiqamətdə ilk addım “Uluslararası qaynaqlarda Naxçıvan” adlı beynəlxalq simpoziumun keçirilməsi oldu. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə keçirilən bu simpozium Naxçıvan tarixinin öyrənilməsinə ciddi stimul verdi. Beynəlxalq simpoziumdakı giriş sözündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanımızın tarixi, ilk növbədə, vahid, bütöv Azərbaycan xalqının tarixi deməkdir. Bununla belə, tariximiz xalqımızın yaşadığı, dövlətimizin tarix boyunca fəaliyyət göstərdiyi ərazilərin də tarixi deməkdir... Bu mənada, biz Naxçıvana dair simpozium keçirməyi də, bütövlükdə, Azərbaycan tarixinin, milli mədəniyyətimizin araşdırılmasına müəyyən kömək göstərmək, bir növ təkan vermək kimi başa düşürük və bunu özümüzün anamız Azərbaycan qarşısındakı əsas vətəndaşlıq borclarımızdan hesab edirik”.
Ali Məclis Sədrinin müxtəlif məsələlərlə bağlı tarixi sərəncamları Naxçıvan tarixinin öyrənilməsinə səbəb olmuş, onlarla kitab və monoqrafiyalar, ümumiləşdirici əsərlər, xəritə və atlaslar hazırlanmış, konfranslar keçirilmiş, onların material­ları nəşr olunmuşdur. Naxçıvanın tarixinin müxtəlif problemlərinə aid dissertasiyalar müdafiə edilmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasının elmi müəssisələrində, ali və orta məktəblərində çalışan 35-ə yaxın tarix üzrə fəlsəfə və elmlər doktoru AMEA Naxçıvan Bölməsinin nəzdində olan Dissertasiya Şurasında müdafiə etmişlər.
Naxçıvan tarixinə aid bütün dövrləri əhatə edən üçcildlik “Naxçıvan tarixi” və yüzlərlə elmi məqalələr yazılıb nəşr edilsə də, bunu bitmiş hesab etmək olmaz. Bu sahədə xeyli elmi-tədqiqat problemləri mövcuddur ki, müxtəlif mərhələlərdə onlar da tədqiq ediləcəkdir.

– Gənc tarixçilərin hazırlanmasında AMEA Naxçıvan Bölməsinin rolunu necə qiymətləndirmək olar?

– AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələri əhəmiyyətlilik dərəcəsinə görə ümumiləşdirsək, ikisini xüsusi olaraq qeyd etməliyik: biri, Naxçıvan diyarının hərtərəfli öyrənilməsi, digəri isə yüksəkixtisaslı elmi kadrların hazır­lanması.
Gənc tarixçilərin hazırlanması yüksəkixtisaslı elmi kadrlar arasında mühüm yer tutur. AMEA Naxçıvan Bölməsi yaranarkən elmi kadrların ümumi potensialı buna imkan vermirdi. Bir sıra kadrlar Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrində, yaxud institut və universitetlərin bazasında məqsədli olaraq hazırlanırdı. Elmi potensialımız artdığından Azərbaycan Respublikası Nazirlər Kabineti bizə belə bir səlahiyyət verdi və 2006-cı ildən AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə fəlsəfə doktoru, 2013-cü ildən isə elmlər doktoru müdafiəsini həyata keçirən Dissertasiya Şurası yaradıldı. Bundan sonra gənc kadrların hazırlanması işi ilə bilavasitə burada məşğul olmağa başladıq. 15 il ərzində Müdafiə Şurasında 126 fəlsəfə doktoru və elmlər doktoru hazırlandı. Bunların arasında gənc tarixçilər üstünlük təşkil edir.

– Dövlət siyasətinin bəhrəsi olaraq yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, Elmin İnkişafı Fondu və Naxçıvanşünaslıq Mərkəzi kimi qurumlarla AMEA Naxçıvan Bölməsinin birgə əməkdaşlığı nəticəsində geniş elmi tədqiqatlar aparılır. Bu əlaqələrin əhəmiyyəti barədə də fikirlərinizi öyrənmək istərdik.

– Çox böyük əhəmiyyətlilik səviyyəsi nəzərə alınaraq bu qurumlar birbaşa muxtar respublika rəhbərinin təşəbbüs və göstərişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında yaradılmışdır. Təbii ki, AMEA Naxçıvan Bölməsi bu qurumlarla qarşılıqlı əməkdaşlıq edir, onların fəaliyyətində yaxından iştirak edir. Bölmə əməkdaşlarının bir sıra fundamental əsərləri Elmin İnkişafı Fondunun vəsaiti hesabına nəşr olunur. Naxçıvanşünaslıq Mərkəzi isə öz tədbirlərini daha çox bizim bölməmizin elmi potensialına istinad edərək həyata keçirir. Bir sözlə, istər Bilik Fondu, istərsə də Elmin İnkişafı Fondu ilə Naxçıvan Bölməsinin əlaqələri məhsuldar elmi fəaliyyətə müsbət təsir göstərir.

– Bir ziyalı kimi Naxçıvanda elmin inkişafı ilə bağlı hansı arzularınız var?

– Ən böyük arzum bu potensialdan səmərəli istifadə etməkdir. Bildiyimiz kimi, muxtar respublikanın elm və təhsil müəssisələrində və digər qurumlarında çoxsaylı fəlsəfə və elmlər doktoru çalışır. Bunlar arasında 7 nəfər AMEA-nın üzvü, 30 nəfərə yaxın elmlər doktoru, 250 nəfərdən çox fəlsəfə doktoru vardır. Elm adamları başqa sahələrin nümayəndələri kimi, hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Ancaq bu da etiraf olunmalıdır ki, heç də bütün elm adamları öz potensiallarından lazımi səviyyədə istifadə etmirlər. Göstərilən dövlət qayğısı müqabilində üzərimizə düşən vəzifə aktiv elmi fəaliyyət göstərərək muxtar respublikamızın əldə etdiyi nailiyyətləri müxtəlif əsərlər vasitəsilə beynəlxalq aləmə təqdim etmək, beynəlxalq qrant layihələrində layiqincə təmsil olunmaqdır.
Ən böyük arzularımdan biri isə Naxçıvanda “Alimlər Evi”nin yaradılmasıdır. Bütün beynəlxalq dini tədbirlərin, konfrans və simpoziumların keçiriləcəyi bina mərkəz funksiyasını yerinə yetirə bilər.

– İsmayıl müəllim, sonda 70 yaşın müdrikliyinin qazandırdığı zəngin həyat təcrübəsindən, elmin zirvəsindən boylanaraq oxucularımıza nə demək istərdiniz?

– Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən siyasət böyük uğurlara, elmi nailiyyətlərə yol açır. Xoşbəxtəm ki, bu uğurlu yolun yolçularından biri də mənəm. Ötən illər ərzində əldə etdiyimiz bütün uğurlarımızın əsasında biz elm adamlarına göstərilən yüksək dövlət qayğısı dayanır. Fəaliyyətim boyunca bir neçə dəfə fəxri adlara və mükafatlara layiq görülmüşəm. Yubileyimin yüksək səviyyədə qeyd olunması, təltiflərə layiq görülməyim 70 illik ömür yolumun unutmayacağım səhifələri oldu. Fəaliyyətimə verilən yüksək qiymətə görə ölkə başçısına və Ali Məclisin Sədrinə minnətdarlığımı bildirir, bundan sonra da bilik və bacarığımı muxtar respublikamızda elmi kadr potensialının hazırlanması, yeni elmi tədqiqatların, elmi nəşrlərin həyata keçirilməsi işinə sərf edəcəyəm.

– Maraqlı müsahibəyə görə minnətdarıq.

 Gülcamal TAHİROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR