19 May 2024, Bazar

Ekskursiyalar zamanı təqdim olunan məlumatlar turistlərin yaddaşında əsas təəssüratları formalaşdırır. Bu baxımdan ekskursiyaların təşkili zamanı turistlərə təqdim olunması zəruri hesab edilən obyekt və informasiyalar haqqında yaxşı bilik və peşəkarlıq tələb olunur.

Müasir Naxçıvanın turizm cazibədarlığı xeyli yüksəkdir. Diyarımızın tarixiliyinin qorunub saxlanılması ilə yanaşı, onun müasirliyə qovuşması ilə muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin də sayı artmaqdadır. Ötən dövrdə muxtar respublikamızda turizm infra­strukturu yaradılması və turizmin inkişafı istiqamətində qəbul edilmiş mühüm qərarlar artıq öz bəhrəsini verməkdədir. İndi hər gün restoranlarda, bazar və marketlərdə çox sayda əcnəbi turistlərə rast gəlməkdə, otellərimizdə artan işgüzarlığı görməkdəyik. Bölgəmizə gəlmiş bu turistlər maraqlı yerlər görmək, naxçıvanlıların həyat tərzi, məşğuliyyəti, mədəniyyəti ilə tanış olmaq məqsədilə gəzintiyə çıxır və ya onlar üçün xüsusi şəhər ekskursiyaları təşkil olunur. Buna görə də əsas səyahət məqsədi tanışlıq olan turistlərə təqdim edilən bütün əlavə xidmət və informasiya bu təəssüratları daha da dərinləşdirən amillərdəndir. 

Muxtar respublikamıza gəlmiş turistlər Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu dərhal görürlər. Sirr deyil ki, əcnəbi turistlər ölkəmizin neftlə zəngin olduğunu bilirlər. Amma dünyada Azərbaycan kimi neftlə zəngin olan ölkələr də vardır ki, burada neft gəlirlərinin əhalinin ümumi rifahına, abadlığa və müasir infrastruktur yaradılmasına sərf olunması çox cüzi səviyyədədir. Bu baxımdan, ölkəmiz haqqında yalnız neftlə bağlı olan təsəvvürləri qırmaq üçün turistlərin Naxçıvan Muxtar Respublikasına səfərləri əla fürsətdir.
Turizm real tələbatlar üzərində yaranıb inkişaf edən və buna görə də turistlərlə iş zamanı reallıqların nəzərə alınmasını tələb edən bir fəaliyyət növüdür. Məsələn, Naxçıvana Orta Asiyadan gəlmiş turistlərə Möminə xatın türbəsini təqdim edərkən onlar öz şəhərlərində belə türbələrin bir deyil, onlarla sayda olduğunu deyə bilərlər. Amma qonaqlara həmin abidələrin ən qədiminin yalnız XIV əsrə, yəni Teymurləng dövrünə aid olduğunu, Naxçıvandakı bu abidənin isə onlardan iki yüz il əvvəl ucaldıldığını çatdırsaq, bu, ən etinasız turisti yerindəcə dondurar. Yəni turistlərimiz Naxçıvanın Şərq memarlıq məktəbinin mərkəzi olduğunu hökmən bilməlidirlər. Və yaxud ola bilər ki, turistlərə qarşı otel və ya restoran xidmətçilərindən kimsə diqqətsizlik etsin. Doğrudur, çox səyahət edən turistlərin əksəriyyəti belə kiçik hallara qarşı sərt reaksiya vermirlər. Amma Naxçıvana gələn turistlər bilməlidirlər ki, burada servis sekto­runda fəaliyyət göstərən personaldan istənilən bir nəfərə bütün məsələlərdə etibar edə bilərlər. Çünki bu diyarın sakinlərindəki dürüstlük əsas insani keyfiyyətlərdəndir.
Naxçıvan şəhərinə gəlmiş qonaqları çox maraqlı tanışlıqlar gözləyir. Hazırda Naxçıvan şəhərini yaxından görmək istəyən turistlərin tələbatlarına uyğun olaraq müxtəlifməzmunlu qısa və bir neçə saatlıq tur gəzintiləri təşkil edilir. Belə ki, bu ildən başlayaraq Naxçıvan şəhərinin görməli yerləri ilə tanışlıq məqsədilə gündə iki dəfə olmaqla, turistlər üçün şəhər turları təklif olunur. Turistlərin maraq dairəsi və boş vaxtlarını nəzərə alaraq onlara təklif olunan belə turların planlaşdırılması zamanı buradakı elm, mədəniyyət, təhsil, istehsal, xidmət və əyləncə müəssisələrinin sırasını müvafiq qaydada tərtib etmək olar. Söz yox ki, mədəni səviyyəsi yüksək olan istənilən qonaq Naxçıvanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olması faktına böyük maraq göstərir. Müxtəlif məqamlarda şəhərimizə gəlmiş əcnəbi turistlərlə söhbətlərimizdə Naxçıvanın Azərbaycan tarixində, xalqımızın mədəniyyətindəki yeri ilə bərabər, həm də milli müstəqilliyimizin əldə olunmasındakı rolunun da çox maraqla dinlənildiyini görmüşük. Odur ki, Naxçıvan şəhəri ilə tanış olmaq istəyən turistlərin ekskursiya pro­qramında Heydər Əliyev Muzeyi ilə tanışlıq çox maraq kəsb edir.
Naxçıvan şəhəri üzrə tanışlıq turunun birinci günündə Heydər Əliyev Muzeyinə ziyarətdən sonra ekskursiya şəhərin cənub-şərq hissəsində yerləşən “Koroğlu” heykəlinə baxış və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi üzrə davam etdirilə bilər. Şübhəsiz, “Naxçıvan” toponiminin Nuh Peyğəmbərin adı ilə bağlı olması və buranın qədim şəhər mədəniyyəti haqqında danışmaq üçün bu kompleksdə kifayət qədər çox maddi-mədəniyyət nümunəsi vardır. Naxçıvanqala cənub-şərq istiqamətdən şəhərin mərkəzinə girəcəkdə yerləşir. Doğrudur, bu kompleksə aparan yol üzərində beynəlxalq dildə heç bir ad yazılmasa da, qalaya daxil olduqda buradakı tarix izləri turistlərə özü hər şeyi deyir. Ümumiyyətlə, təkcə şəhərimizdə deyil, muxtar respublikamızın hər yerində yaşayış məskənlərinə, xüsusən turizm əhəmiyyəti kəsb edən obyektlərə aparan yollarda turistlərin zəruri informasiya tələbatının ödənilməsi üçün beynəlxalq dildə yazılmış yer adlarının olmaması aidiyyəti təşkilatları düşündürməlidir.
Naxçıvanqalada və ona yaxın Nuh Peyğəmbərin məzarüstü türbəsində yaxşı təşkil olunmuş ekskursiya və peşəkar təqdimat vaxtın səmərəli keçməsinə imkan yaradır. Əgər nahar fasiləsi də yaxınlıqdakı “Nuh yurdu” restoranında sifariş olunmuşsa, bu ekskursiya təşkili baxımından uğurlu kompozisiya olacaqdır. Bundan sonra, “Buzxana” tarix-memarlıq abidəsində turistlərə təklif olunan çay süfrəsi, buranın ab-havası qonaqların yaddaşında uzun müddət yaşayacaqdır.
Turun ilk gününün ikinci yarısı turistlərin Naxçıvan Duzdağı ilə tanış olması üçün əla vaxtdır. Təqribən, saat 1800-a qədər, yəni burada müalicə olunan pasiyentlərin gəlişinə qədər tur qrupuna Duzdağın tarixi, onun müalicəvi əhəmiyyəti və imkanları haqda geniş informasiya vermək mümkündür. Bu zaman fasiləsində Duzdağın sərin və oksigenlə zəngin havasında yaxşıca dincəlmiş turistlər axşama yaxın Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki “Araz” yeməkxanasında təndir kababına qonaq ediləcəklər. Beləcə, Duzdağ yolundan, təqribən, 35 kilometrlik məsafə boyu Ağrı dağı mənzərəsi fonunda səyahət edən turistlər muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında təsəvvür əldə edəcəklər.
Naxçıvan şəhəri üzrə turun ikinci günü daha mənalıdır. İlk olaraq şəhərin cənub hissəsində ucaldılmış xalq qəhrəmanı Babəkin atlı heykəli ilə tanışlıq yerinə düşər. Ümumiyyətlə, Naxçıvan şəhərinin meydanları öz atlı heykəlləri ilə diqqəti cəlb edir. Şəhərə doğru dönüşdə “Naxçıvan” Universitetinin müasir kampusu ilə tanışlıq qonaqların təəssüratlarında tarix və müasirlik anlayışının necə sintez olunduğunu möhkəmləndirəcək. Nahara qədər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində keçirilən bir neçə saat vaxt ərzində turistlər Naxçıvanın qədim tarixinə bir daha şahidlik etmək imkanı qazanacaqlar. XII əsr Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Memar Əcəminin yaratdığı bu möhtəşəm əsər və açıq səma altında nümayiş etdirilən qoç heykəllər bu bölgədə analoqu olmayan bir tarixi zənginlikdən xəbər verir. Uzunoba Su Anbarının ətrafındakı restoranda sifariş edilmiş nahar yeməyindən sonra turistlərin Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlığı şəhərin ümumi panoraması ilə tanışlıq üçün əla imkandır. Naxçıvan şəhərində günortadan sonra bazarlar işləmədiyindən turistlərə şəhər mərkəzindəki iri marketlərdə və ya Cahan AVM-də alış-veriş təklif olunur. Qonaqlarımızın şam yeməyi üçün şəhərin Haçadağ səmtindəki “Badaşqan” restoranı əla seçim olardı.
İki gün ərzində həm muxtar respublika, həm də Naxçıvan şəhəri haqqında kifayət qədər məlumat alıb, istirahət etmiş turistlər üçün növbəti gün səhər yeməyindən sonra müqəddəs Əshabi-Kəhf ziyarətgahı bu turun final ekskursiyasıdır. Bu istiqamətdəki səyahət haqqında məlumatlandırılmış və islami qaydalar barəsində əvvəlcədən xəbərdar olunmuş turistlərə hələ Naxçıvan-Culfa yolundan başlayaraq müqəddəs Əshabi-Kəhf haqqında təqdimata başlamaq mümkündür. Bu minvalla, cəmisi 12 kilometrlik yolun sonunda turistlər sanki sonsuzluğa qədər uzun bir yol qət etdiklərinə, amma bu yolun hələ də bitmədiyinə bir daha şahid olacaqlar. Bir də, turistlər arasında bu müqəddəs məkana ilk dəfə ayaq basanlar vardırsa, bu təəssürat Naxçıvana bir daha yenidən səyahətlərinə qədər onlara hakim kəsiləcək.
Üçüncü günün sonunda, naharda “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindəki restoranında vida yeməyindən sonra öz ölkələrinə yola düşən turistlər bu qədim Azərbaycan torpağının digər gəzməli-görməli yerlərini bir daha görə bilmələri üçün indidən vaxt planlaşdıracaqlar. Deməli, şəhərimizlə tanışlıq uğurlu keçmiş, sıradakı Batabat, Əlincəqala, Ordubad istiqamətlərindəki turlarımız üçün yaxşı təcrübə qazanmışıq.

Əli Cabbarov

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR