18 May 2024, Şənbə

“Mədəniyyət” anlayışı kifayət qədər mürəkkəbdir və o, hər bir insanın dünyaya gəldiyi gündən ömrünün sonuna qədər ona çatmaq üçün bütün mənalı fəaliyyətini sərf etdiyi bir hədəfdir. Mədəniyyətə məhz ona görə belə yanaşmaq da mümkündür ki, o, cəmiyyətdə insanın qarşısına qoyduğu bütün istiqamətlərdəki inkişafın son nəticəsi, onun yekun bir qiymətləndirmə meyarıdır.
Sosial həyatın müxtəlif sahələrində – təhsil, səhiyyə, incəsənət, mətbuat, rabitə, idman, sağlamlıq, ticarət, məişət xidməti, sərnişin nəqliyyatı, turizm, rekreasiya kimi fəaliyyət sahələrində nümunə göstərilən bir çox ölkələrə çox vaxt qısa bir adla mədəni inkişaf səviyyəsi yüksək yerlər kimi də qiymət verilir. Ona görə də mədəniyyətə, sadəcə, hər hansı bir tamaşa, konsert, sərgi tədbiri və ya bunları təqdim edənlərin məsləyi kimi deyil, eyni zamanda cəmiyyətdə hər kəsin öz həyatı boyu görmək istədiyi və bunun üçün də yerinə yetirməli olduğu yüksək dəyərlər sistemi kimi də yanaşmalıyıq. Başqa sözlə, cəmiyyətin idarə olunmasındakı mövcud iqtisadi, sosial və inzibati mexanizmlərdən daha üstün olan bir vasitə vardır ki, bu da hamının qəbul edib hörmətlə yanaşdığı ümumi mədəni normalar məcmusudur. Bu məcmu hər bir fərdin həyat və fəaliyyəti boyunca daim ona əməl etməli olduğu davranış nümunələrindən ibarətdir.

Günümüzün mədəni normalarından biri də, heç şübhəsiz, sürətli informasiya mübadiləsi, adamlara göstərilən xidmətlərin sürət, keyfiyyət və təhlükəsizlik zəmanətidir. Burada söhbət rabitə, nəqliyyat, bank, ticarət və digər sahələrdə insanların ehtiyacının daha tez və zəmanətli şəkildə ödənilməsi, nəticədə, daha çox asudə vaxta qənaət olunmasından gedir. Cəmiyyət inkişaf edib insanların sayı da artdıqca yeni yaranıb dərinləşən bir sıra mədəni tələbatlar kimi, əmtəə və xidmətlərin satışı zamanı mütərəqqi ödəniş formalarına keçid də zamanın tələbi, müasirləşmənin bir şərti kimi ortaya çıxır. Bu, elə bir tələbatdır ki, onu gec-tez başa düşüb zamanında qavramaq və tətbiq etmək lazım gəlir. Yəqin xatırlayırıq ki, bir zamanlar əməkhaqqı və pensiya müavinətləri almaq üçün plastik kartlar da paylananda adamların bəziləri deyil, hətta bir çoxu buna bir “üsuli-cədid” kimi birtəhər baxır, bir parça kartla kimin onlara pul sayıb verəcəyinə də inanmırdı. Sanki uzun illər boyu yaddaşlarda növbələrdə vaxt itirərək bəzi qaşqabaqlı kassirlərin hələ də bir sıra müəssisələrdə və orta məktəblərimizdə davam etdirilən həmin eni uzunundan böyük əməkhaqqı cədvəllərinə adamlara qol çəkdirməsi bir vərdiş kimi qalmışdı. Ancaq o dövrdən sonra plastik kartlara keçid, adamların öz halal vəsaitlərinin, necə deyərlər, bir qəpiyinə qədər ala bilməsi elə bir müsbət effekt yaratdı ki, indi bankomatın qarşısında yaşlı nənənin belə, rahatlıqla ona lazım olan pulu alıb evinə getməsi təəccüb doğurmur. Əhalinin öz pullarını elektron vasitələrlə, həm də dünyanın istənilən yerində və günün istənilən saatında əldə edə bilməsi çox sevindirici hal kimi cəmiyyəti razı salmaqda, ölkəmizdə həyata keçirilən elektron hökumət layihəsinin hər bir vətəndaşın rifahına xidmət etdiyini göstərməkdədir. Ona görə də insanları izafi bürokratiyadan xilas edib, onlara məxsus vəsaitləri rahat və təhlükəsiz yolla çatdıran belə bir mədəniyyətin də bizə gəlib çatmasını yüksələn həyat səviyyəmizin bir parçası kimi qiymətləndirə bilərik.
Ancaq cəmiyyət durmadan inkişaf edir və baxıb görürsən ki, bu da hələ son deyilmiş. Dünyanın o başında yaranan yeniliklər bir anda elə sürətlə həyatımıza daxil olur ki, bir də görürsən, bir zamanlar nə qədər vaxt aparan və əsəb gərginliyinə səbəb olan işlər bir göz qırpımında həll olunarmış. Məsələn, bu gün universitetin birinci kurs tələbəsi bir sənədin surətini elektron poçtla göndərə bilməyib faks və ya hava limanında saatlarca “münasib adam axtaran” bəzi yenilikdən uzaq müəlliminə necə baxırsa, marketdə və ya alış-veriş mərkəzində aldığı malları on saniyədə lazer oxuyucudan keçirəndən sonra dəqiqələrcə ciblərini əlləşdirib kağız və xırda pulları axtaran müştəriyə də, ondan sonra növbədə əlində plastik kartı hazır duran digər adamlar da elə baxır. Çünki o təkcə öz vaxtını deyil, digərlərinin də dəyərli vaxtını alır. Ola bilər ki, kimsə hələ plastik kartlardan istifadə ilə ödənişlər edərək bir stimul əldə etməsin. Məsələn, xırda bir dükandan bir kilo şəkər tozu üçün ya plastik kartdan POS-terminala, ya da nağd olaraq baqqala ödənilən bir manatın ilk baxışda elə bir əhəmiyyəti görünməyə bilər. Ancaq bu və bunun kimi onlarla, yüzlərlə alğı-satqı əməliyyatlarının ilin hər günü, günün də əksər hissəsində edildiyini düşünün. Belə olduqda gün ərzində neçə dəfə nağd pul saymağa vaxtımızın getdiyini, pulun sayıldığını, hesablama əməliyyatları aparılan zaman buraxılan səhvləri və sair riskləri düşündükdə elektron pulların üstünlüyündən istifadə etmək mühüm bir mədəni tələbat hesab olunmalıdır. Çünki cəmiyyətdə öz problemini həll etmək üçün başqalarını narahat etməmək kimi mühüm bir mədəni norma vardır. Yəni tez-tez nağd pulla apardığı əməliyyatlar zamanı çaşbaş düşən, sonra da qarşı tərəflə hay-küy yaradan adamlara da az rast gəlinmir. Halbuki elektron ödəniş hər əməliyyatı saniyəsinədək qeyd etdiyindən bunlara da ehtiyac qalmır. Yüzlərlə insan əlinin toxunduğu pulun üzərində nə qədər mikrob daşıdığını, habelə iri məbləğlərin daşınması, mühafizəsi zamanı yarana bilən xoşagəlməz və riskli hadisələri də nəzərə alsaq, nağd puldan imtina edib elektron pula keçilməsi öz üstünlüyünü bir daha göstərər. Nağd pul dövriyyəsi zamanı əllərdə toplanıb qalmış artıq pul kütləsinin də bank və maliyyə sisteminin normal işləməsi üçün nə qədər problem yaratdığını biliriksə, bu texnoloji yeniliyə biganə qalmağın, ondan istifadə etməməyin, sadəcə, bir vətəndaş məsuliyyətsizliyi olduğu görünür. Bu üsul həm də maaş və təqaüdlərimizin maliyyələşdiyi dövlət büdcəsinin gəlirlərinin artmasına bir töhfədir: elektron ödəniş zamanı ticarət dövriyyəsindən ödənilməli olan vergilər birbaşa, heç bir yayınma olmadan dövlətimizin büdcəsinə köçür ki, bu da hər birimizin xeyrinədir.
İndi muxtar respublikamızda kütləvi olaraq elektron ödənişə keçid üçün kifayət qədər şərait yaradılmışdır. Əhalinin böyük bir qisminə plastik kartlar paylanılmış, mühüm ticarət və xidmət müəssisələri POS-terminallarla təmin olunmuş və bu iş sürətlə davam etdirilməkdədir. Artıq çox yerlərdə adamlar ticarət müəssisəsindən aldıqları malların haqqını avtobusa ödənilən xırda puldan da tez ödəyib işlərinə tələsirlər. Qazanılan isə öz vaxtına qənaət, başqalarının vaxtına hörmət və hər qəpiyin düzgün hesablandığına əminlikdir. Bu, mədəni inkişafda daha bir qazancımızdır.

Əli CABBAROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR