18 May 2024, Şənbə

İnsanlar hər zaman sağlam yaşamağın, ağrısız-acısız ömür sürməyin marağında olublar. Ancaq bu cür həyatı yaşamaq çox az insanlara nəsib olub. Səbəb isə indiyədək tək və dəyişilməz olaraq qalır: Ana Təbiətdən aralı düşmək. Ədəbiyyatsevərlər bu yerdə belə ifadə işlətməyi sevirlər: “Təbiət insanı cəzalandırır”. Mənsə təbiəti heç zaman “cəzaverən” kimi qəbul edə bilmirəm. Sadəcə, insan etdiklərinə görə özü özünü cəzalandırır, həm də bunu istəmədən.

Sağlam həyat tərzi bəşəriyyəti hər zaman düşündürüb. Elə buna görədir ki, indiyədək bununla bağlı dünyanın müxtəlif ölkələrində yüzlərlə elmi əsərlər yazılıb, saysız-hesabsız araşdırmalar aparılıb. Yeganə gəlinən nəticə yenə də ondan ibarətdir ki, təbiətlə məsafəni nə qədər uzaqlaşdırsan, bir o qədər də əziyyət çəkəcəksən. Bu fikrin kökündəsə belə bir fəlsəfi sual durur: “Təbiətdən yaranan (torpaqdan, sudan) təbiətdən necə aralı düşə bilər?” Fikrimizi belə bir sadə misal üzərində izah etməyə çalışaq. Avtomobili insan ixtira edib və düzəldərkən də onun “qidasının” benzin, yağ və sudan ibarət olacağını düşünərək mühərrikin hərəkət funksiyasını ona görə tənzimləyib. İndi təsəvvür edək ki, həmin avtomobil bir müddət sonra benzindən “imtina edir”. İşləmək üçün daha “yaxşı qidalar” “tələb etməyə” başlayır. Sizcə, bu, mümkündürmü? Uzağa getməyək, avtomobilə aldığımız benzinin tərkibinə az miqdarda fərqli bir maye qarışdırsaq belə, o, hərəkət edə bilməyəcək. Bəziləri fikirləşəcək ki, bu, avtomobildir – cansız əşyadır, burada hər şey insan əli ilə yaradılıb, başqa cür də ola bilməz.

O zaman başqa bir misal. Təbiətdə yüzlərlə müxtəlif heyvan yaşayır. Lakin bu heyvanların hər biri yalnız ona uyğun qidanı yeyir. Çünki hər heyvanın orqanizmi ona uyğun olan qidaya ehtiyac duyur. Yeganə canlı insandır ki, o, qida seçimində bütün təbiət qanunlarını pozaraq hər qida ilə qarnını doyurmağa çalışır. Bir müddət sonra isə bunun cəzasını almağa başlayır. Deməli, Uca Tanrı tərəfindən insan orqanizmi elə mükəmməl yaradılıb ki, bu orqanizm yalnız təbiətdən qidalanmalıdır. Həm də qədərində. Əgər bu qidalara insan əli ilə nə isə qarışdırılıb “gözəlləşdirilirsə”, o zaman həmin həssas orqanizm özü özünü cəzalandırır – xəstəliklər baş qaldırır. Təbiətdən qidalanma və ya təbii qidalanma fikrini, sadəcə, təbiətdən əldə edilən meyvə, giləmeyvə, tərəvəz və sairə aid etmək düzgün deyil. Təbii qidalanma əldə edilən məhsulların birbaşa və ya təbii tərkibinə təsir etmədən ondan hazırlanan müxtəlif yemək növlərinin istifadəsini nəzərdə tutur. Unutmaq lazım deyil ki, insan orqanizmi yalnız təbii tərkibli qidaların mənimsənilməsinə uyğun yaradılıb və bu, İlahi hikmətdir! Bunun əksi, az əvvəl qeyd etdiyimiz kimi, müxtəlif fəsadlarla nəticələnir. İndi gəlin məsələyə bir də digər rakursdan baxmağa çalışaq.
Tarixə azdan-çoxdan bələd olan adamlar yaxşı bilirlər ki, keçmişdə uzun­ömürlü insanların sayı çox olub, lakin zaman keçdikcə onların sayı azalmağa başlayıb. İndi alimlərin bir çoxu bunu elmi-texniki tərəqqinin yeniliklərinin gətirdiyi fəsadlar kimi qiymətləndirir. Reallıq ondan ibarətdir ki, o zaman süfrələrimizin “zənginliyi”  də indiki qədər olmayıb. Hətta 70 il bundan əvvəl – 1941-1945-ci illər müharibəsi dövründə ölkəmizdə, həmçinin muxtar respublikamızda insanların sosial vəziyyəti ağır olsa da, ərzaq qıtlığı yaşansa da, çox az sayda insanlar müxtəlif xəstəliklərdən dünyasını dəyişiblər. Ancaq indi əksinə. İnsanların sosial rifahı, dolanışığı həmin dövrdən qat-qat yaxşı, ərzaq bolluğu kifayət qədər olsa da, müxtəlif xəstəliklərdən vəfat edənlərin sayı da kifayət qədərdir.
Naxçıvanda milli və mənəvi dəyərlərə diqqət yüksək səviyyədədir. Muxtar respublika rəhbərinin bu dəyərlərə sadiqliyinin nəticəsidir ki, indi şəhərimizdə fəaliyyət göstərən məscidlərin hamısında yas mərasimləri təşkil etmək üçün xüsusi otaqlar ayrılaraq hərtərəfli şərait yaradılıb. Yaxşı ənənədir ki, vəfat edəni tanıyıb-tanımamasından asılı olmayaraq, şəhər əhli bu yas mərasimlərinə baş çəkir. Hər yolunuz düşdüyündə mərhumun yaşı və ölüm səbəbini öyrənməyiniz  yuxarıda söylədiklərimizin gerçək mənzərəsini ortaya qoyacaqdır. Dünyasını dəyişənlərin çoxunun heç 70 yaşı yoxdur.
İstənilən canlının orqanizmi, əslində, onun qidalanması yolunda instinkt rolunu oynayır. Acı reallıq ondan ibarətdir ki, ağıllı insanın beyni çox zaman bədən üzərində hakimiyyəti qura bilmir. Çünki tamahkarlıq buna imkan vermir və nəticədə, insanlar faydalı yox, ləzzətli qidalara üstünlük verirlər.
Düşünürəm ki, yazının bu hissəsinə qədər sağlam qidalanmanın zəruri tərəfləri ilə bağlı fikirlərimizi sizinlə bölüşə bildik. Dəyərli oxucular, nəzərinizə çatdırmaq istərdim ki, dünyada cansağlığından böyük var-dövlət yoxdur. Hər birimizin fərdi sağlamlığı ailələrimizin sağlamlığı, ailələrimizin sağlam olması isə bütövlükdə, cəmiyyətimizin sağlam olması deməkdir. Məsələyə real yanaşaq. Adını çəkməsəm də, qeyd edim ki, indi dünyada əhalisinin 70 faizə qədəri köklükdən əziyyət çəkən, hər üç gəncindən birinin narkotika və ya alkoqol aludəçisi olan ölkələr var. Yaddan çıxarmayaq ki, sağlam gəncliyi olmayan ölkənin sağlam gələcəyi də ola bilməz. Bir ölkənin sağlam cəmiyyəti həmin ölkənin bütün təbii sərvətlərindən, iqtisadi və siyasi potensialından daha üstündür. Dolayısı ilə sağlam vətəndaşlar istənilən ölkənin ən böyük var-dövlətidir.
Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər təqdir olunur. Son 18 il ərzində regionda 200-dən çox səhiyyə ocağının, şəhər və rayon mərkəzlərində onlarla müxtəlif  idman müəssisələrinin tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi dediklərimizin sübutudur. Bundan əlavə, muxtar respublikada mütəmadi olaraq aparılan yaşıllaşdırma tədbirləri, su hövzələrinin, göllər və çayların təmiz saxlanılması üçün həyata keçirilən profilaktik tədbirlər, flora və fauna zənginliyinin artırılması və qorunması istiqamətində görülən işlər buranın uzun­ömürlülər diyarı olması yolunda geniş üfüqlər açır. Yaddan çıxarmayaq ki, ötən yazıda da qeyd etdiyimiz kimi, muxtar respublikamızda meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qəbul edilmiş dövlət pro­qramlarında da əsas məqsəd əhalini yerli və təbii məhsullarla təmin etməkdən ibarətdir. Muxtar respublika əhalisinin il boyu yerli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini nəzərdə tutan əsas layihələrdən biri də soyuducu anbarların yaradılması idi. Artıq bu gün muxtar respublikada 16 soyuducu anbar fəaliyyət göstərir. Və nəhayət, bu gün dünyada Günəş işığından yetərincə yararlanmayan, təmiz içməli su problemləri yaşayan, gündəlik istifadə olunan kənd təsərrüfatı məhsullarını istehsal edə bilməyən və ya bir qismini istehsal edən, bir sözlə, sağlam yaşamaq üçün bizdəki kimi geniş imkanları olmayan ölkələr var. Ölkəmizdə insanların sağlamlığının qorunması üçün yaradılan şəraitdən istifadə edib sağlam və təbii məhsullarla qidalanmaq hər kəsin bir nömrəli vəzifəsi olmalıdır. Gəlin zəngin keçmişə malik xalqımızı dünyada həm də sağlam xalq kimi tanıdaq: “uzun­ömürlülər diyarı” statusunu heç zaman bu regionun əlindən almayaq.

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR