18 May 2024, Şənbə

Müasir insan həyatını avtomobillərsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, təqribən yüz əlli illik bir inkişaf dövründən sonra avtomobilqayırma sənayesi elə bir səviyyəyə gəlib çatmışdır ki, artıq bütün dünyada hər kəs orta hesabla gününün müəyyən bir hissəsini avtomobil nəqliyyatında keçirməklə bir yerdən başqa bir yerə sürətli və rahat hərəkətini təmin edir. Beləliklə, gündən-günə daha çox istifadə olunan avtomobillər müasir dövrümüzün sürət, komfort, rahatlıq, bir çox hallarda isə moda və göstəriş vasitəsinə çevrilmişdir.
Bütün bunlarla yanaşı, avtomobillər həm də potensial bir risk mənbəydir. Hər yerdə sayı sürətlə artan avtomobil nəqliyyatı vasitələrindən istifadə ilə hərəkət zamanı yaranan risklərin minimumlaşdırılması üçün nə qədər infra­struktur yenilənməsi, ciddi qayda-qanun, cərimə və cəzalar tətbiq olunsa da, görülən bütün tədbirlər baş verə biləcək hadisələrin hamısının qarşısını ala bilmir.

Belə ki, avtomobillərdən istifadə zamanı yaranan risk dərəcəsi yüksək olan hadisələr zamanı həm avtomobilin özünə, həm də onun iştirakçısı olduğu hadisənin digər tərəfinə – üçüncü şəxslərin həyatına, onun sağlamlığına, mal və əmlakına zərərlər dəyə bilər. Dünya statistikasına baxsaq, ildə təqribən 1,3 milyon nəfərin, hər gün isə orta hesabla 3300 nəfər insanın avtomobil qəzalarında həlak olması, 50 milyona qədər insanın da bu qəzalarda müxtəlif dərəcəli xəsarətlər alması faktı diqqəti çəkir. Avtomobil qəzalarının daha az başvermə sayına  görə ölkəmiz  dünya statistikasında bir çox inkişaf etmiş ölkələrdən yaxşı göstəriciyə malik olsa da, avtomobil qəzalarına hələ də rast gəlmək mümkündür.
Avtomobil nəqliyyatı vasitələrindən rahatlıqla istifadə olunmasında sığortanın da əhəmiyyəti böyükdür. Çünki sığorta olunmaq bu vasitələrdən istifadə zamanı bəzən qaçılması mümkün olmayan bədbəxt hadisələrin maddi zərərlərinin əvəz olunmasında avtomobil nəqliyyatı sahibinin köməyinə gəlir. Avtomobillərdən istifadə zamanı yaranan arzuedilməyən hadisələr həm avtomobil sahibinə, həm də digər – üçüncü şəxslərə maddi zərərlər vurur. Ölkəmizdə mövcud olan qanuna əsasən, belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari olaraq avtonəqliyyat sahiblərinin mülki məsuliyyətin sığortası, avtomobilin özünə dəymiş zərərləri ödəmək üçün isə könüllü tam (kasko) sığorta müqaviləsi bağlanılır. Avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və həyatına vura biləcəyi zərərlə əlaqədar   avtomobil sahibinin çıxılmaz vəziyyətə düşə biləcəyi nəzərə alınaraq mülki məsuliyyətin sığortası hər kəs üçün icbari qaydada tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi gün zərərvuran avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərər isə bu hadisəyə qədər onun tam (kasko) sığorta müqaviləsi olduğu halda ödənilir. Ona görə də bəzi avtonəqliyyat vasitələri sahibləri bir çox hallarda təkcə mülki məsuliyyətlərini sığortalamaqla hər cür dəymiş zərərlərin ödəniləcəyini düşünürlər. Halbuki mülki məsuliyyətin icbari sığortası ola biləcək qəza halında digər, yəni avtomobil sahibinin özü və daşıdığı sərnişinlərdən başqa, üçüncü şəxslərin həyatına, sağlamlığına, mal və əmlakına vurduğu zərərlərin onun özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsini təmin edir. Tam və ya başqa adı ilə kasko sığorta isə avtomobil sahibinin sərxoşluğu və hadisənin qəsdən törədildiyi hallardan başqa, ola biləcək bütün zərərlər, hətta təbiət hadisələri və təsadüflər nəticəsində həmin avtomobilin sahibinə dəymiş zərərlərə təminat verir. Ona görə də avtonəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətin icbari sığortası ilə yanaşı, kasko sığorta müqaviləsini bağlamaqla sığorta zəmanətlərindən faydalana bilərlər.
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması üçün konkret qaydalar vardır. İlk olaraq göstərmək lazımdır ki, mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası icbaridir. Bundan sonra isə tətbiq olunan icbari sığorta haqqı baza məbləğinə əmsallar tətbiq olunmaqla aparılır. Hazırkı sığorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir ki, bu da mühərrikinin həcmi 50 sm3-dən 1500 sm3-dək olan minik avtomobillərinə tətbiq olunur. Mühərrikinin həcmi 1500 sm3-dən yuxarı həcmli olan minik avtomobillərinin sığorta haqqı əmsallar tətbiq olunmaqla hesablanır. Məsələn, mühərrikinin həcmi 1500 sm3-2000 sm3 olan minik avtomobilləri üçün 1,5 əmsal tətbiq olunaraq sığorta haqqı 75 manat müəyyənləşdirilir. Mühərrikinin həcmi 2000 sm3-dən 2500 sm3-dək olan minik avtomobilləri üçün 2,0 əmsal tətbiq olunmaqla, 100 manat sığorta haqqı müəyyən edilir. Mühərrikin həcmi artdıqca tətbiq olunan əmsalla  sığorta  haqqının məbləği də yüksəlir.  
Yük avtomobilləri və onların bazasında istehsal olunmuş digər avtomobil nəqliyyatı vasitələri üçün icazə verilən maksimum kütləsinə görə, 3500 kiloqram olduqda 3,0 əmsalı tətbiq olunmaqla, 150 manat, 3500 kiloqramdan 7000 kiloqramadək olduqda 4,0 əmsal tətbiq olunmaqla, 200 manat, 7000 kiloqramdan artıq kütləyə görə isə 5,0 əmsal tətbiq olunmaqla, 250 manat sığorta haqqı hesablanır. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələri üçün minik və yük nəqliyyat vasitəsi olmasından asılı  olmayaraq, 1,2 əmsalı əlavə olunur.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilə müddətində sığorta hadisəsi baş verdikdə mövcud qanuna görə üçüncü şəxs olan fiziki şəxslərin həyat və sağlamlığına dəyən zərərə görə bir şəxs üçün 5 min manat, ümumilikdə isə 50 min manatdan çox olmamaq şərtilə, əmlakına dəyən zərərə görə isə 5 min manat məbləğində sığorta ödənişləri verilir. Avtomobillərin kasko sığortası isə qəbul olunmuş qaydalara görə avtomobilin sığorta məbləğinin 2,5 faizlik tarifə nisbətdə sığorta haqqı hesablanıb ödənilməklə həyata keçirilir. Bütün bu ödənişlər isə faktiki dəymiş zərər məbləğinə görə sığorta məbləğindən yüksək olmamaq şərti ilə ödənilir.

Əli CABBAROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR