04 May 2024, Şənbə

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qədim tarixə malik olan və yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epiqrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışıb. Bildirib ki, Culfanın ərazisi orta əsrlərin müxtəlif dövrlərində həkk olunmuş epiqrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə də, Əlincəçay mahalı ərazisində bu günə qədər gəlib çatmış kitabələr tam və sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Abidələrin əksəriyyətinin açıq havada olması, təbii qüvvələrin təsirinə daha çox məruz qalması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.

Diqqətə çatdırılıb ki, yeni tədqiqat əsərində Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə çoxlu görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orada yaşamış dövlət xadimlərinin, hərbçi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.
Nəşrin Naxçıvanın orta və son orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərini aydınlaşdırmaq üçün zəngin material olduğunu deyən bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov və Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək ictimaiyyətə təqdim olunan monoqrafiyanın elmi dəyərindən danışıblar. Qeyd olunub ki, monoqrafiya Əlincəçay mahalına məxsus epiqrafik abidələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, diyarımızın tarixinin tədqiqatçıları üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslığa qiymətli töhfədir. Bildirilib ki, mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə və qoç heykəltipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə – bədii daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiq edən sanballı qaynaqlardır ki, həminməlumatlar da yeni nəşrdə öz əksini tapıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində epiqrafik abidələrin yayılması xəritəsi, o cümlədən kitabələrin fotosu və qrafik təsvirlərin də əlavə edildiyi monoqrafiyadan tarixçilər, doktorantlar, magistrlər, tələbələr, ümumilikdə, Azərbaycan tarixi ilə maraqlananlar faydalana bilərlər.
Sonda müəllif, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli çıxış edərək 1995-2019-cu illərdə çap olunan elmi əsərlərin statistikasına nəzər salıb. Alim muxtar respublikada elm adamları, tədqiqatçılar üçün yaradılan hərtərəfli şəraitə, diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR