15 May 2024, Çərşənbə

Sonrakı peşmançılıq

Əslində, yazımın qəhrəmanları elə məhz bunu etmədikləri üçün bu yazının “qəhrəmanları”na çevrildilər. Kənardan kifayət qədər xoşbəxt görünməyə çalışan bu cütlük zamanında nikah öncəsi tibbi müayinədən keçsəydi, bu gün nə qeyri-sağlam körpələri ilə günlərini səhiyyə ocaqlarında keçirməyə, nə də hər nə qədər etiraf etməsələr belə, ətrafın qınaq dolu baxışlarının altında əzilməyə məcbur olacaqdılar.
Adlarının gizli qalmasını istəyən qəhrəmanlarım artıq 5 ildir ki, ailə həyatı qurublar. İndi onların 3 yaşında, həm də talassemiyalı bir qızı var. “Biz nə etsək də artıq bunu dəyişə bilmərik. İldə ən azı 8-10 min manat qızımızın müalicəsinə xərcləyirik. Bu, o qədər də asan deyil. Həm maddi, həm də mənəvi-psixoloji çətinliyimiz çoxdu. Onu da bilirik ki, nə qədər çalışsaq da, övladımız ən çoxu 25 il ömür yaşayacaq. Bunu bilmək bizə hər şeydən ağırdır”.

Qəhrəmanlarımın övladlarının talassemiyalı doğulması onların hər ikisinin talassemiya daşıyıcısı olması ilə əlaqədardır. Lakin onlar özləri belə, daşıyıcı olduqlarını bilmirmiş. Gec də olsa, indi etiraf edirlər: “Əgər nikah öncəsi tibbi müayinədən keçməyi bizə kimsə məsləhət görsəydi, yəqin ki, xəbərimiz olardı və həkimlərin dediyinə görə, bu zaman bizim sağlam uşaq dünyaya gətirmək şansımız az da olsa, vardı”.

Sağlam ailələlər dövlətin, dövlət isə sağlam ailələrin qurulmasının qarantıdır

Dəyərli oxucum, heç birimiz qeyri-sağlam uşaq dünyaya gətirməyi, yaxud hər hansı xəstəlik ucbatından ailəmizin dağılmağını istəmərik. Bunu dövlətimiz də istəmir və ölkəmizdə yeni qurulan ailələrin təməlinin sağlam qoyulması üçün mühüm addımlar atılır. Axı ailə həm də kiçik dövlət deməkdir!
Bu addımlardan biri də 1 iyun 2015-ci il tarixdən aparılan icbari tibbi müayinədir. 2014-cü ilin dekabr ayında Ailə Məcəlləsinə dəyişikliklər edilib. Qanuna əsasən, nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə olunub. Başqa sözlə desək, əvvəllər tibb mütəxəssisləri bunu, sadəcə, tövsiyə olaraq insanlarımıza məsləhət görürdülərsə, bu gün nikah öncəsi müayinə məcburi prosedura çevrilib.
Muxtar respublikamızda bu sahədə görülən işlər barədə, ümumilikdə, mövzu ilə bağlı suallarımızı cavablandıran Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva deyir ki, nikahdan əvvəl icbari tibbi müayinə sağlam ailənin qarantı olan bir addımdır. Sağlam nəsil və sağlam gələcək yetişdirmək bu gün aktual məsələlərdəndir. Müsahibimizin sözlərinə görə, icbari tibbi müayinə, əsasən də qanqohumluğu olan şəxslər üçün vacibdir. Çünki bəzi xəstəliklər var ki, genetik yolla, ana və ya atadan yoluxmaqla bir nəsildən digər nəslə ötürülür. Sitat: “Valideynlər, evliliyə hazırlaşanlar unutmamalıdır ki, icbari tibbi müayinə onları gözlənilən təhlükədən qorumaq üçün aparılır. Öz övladının sağlamlığına və taleyinə laqeyd yanaşan insanı təsəvvür etmək çətindir. Övladlara qayğı onlar dünyaya gəldikdən sonra deyil, ailə planlaşdırılması mərhələsində başlamalıdır. Valideynlərin sağlamlığı onların gələcək övladlarının sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Sağlam və möhkəm ailənin yaradılması üçün nikaha daxil olan şəxslər bir-birinin sağlamlığı haqqında məlumatlı olmalıdırlar, əks halda, arzu­olunmaz problemlər meydana çıxa bilər”.

Bəs nikahdan öncə hansı müayinələrdən keçmək lazımdır?

Nikaha daxil olan şəxslər – məsləhət üçün qadınlar ginekoloqa, kişilər isə uroloqa və ya androloqa müraciət etməlidirlər. Bu profilaktik diaqnostika və müalicə üçün imkan yaradır. Nikaha daxil olanlar ultrasəs müayinəsindən və bir sıra infeksiyalar, o cümlədən hepatitlər, sifilis və HİV, hemoqlobinopatiyalar, böyük beta-talassemiya, beta-talassemiya, drepanotalassemiya, oraqvarı hüceyrəli anemiya kimi xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Müayinədən keçmək üçün nikaha düşənlərin hər biri qeydiyyat yeri üzrə yoxlanılmalıdır. Yəni inzibati ərazi faktoru müayinələr üçün xüsusi əhəmiyyət daşıyır və göndərişlər qeydiyyat yeri üzrə verilir. Ancaq qanun bəzi istisnalara da yol verir ki, qeydiyyat yerindən kənarda yoxlamalar aparılsın. Bu da, əsasən, xarici ölkə vətəndaşlarına və hərbi qulluqçulara aid edilir.
Gültəkin Əliyevanın bildirdiyinə görə, Naxçıvan şəhərinin qeydiyyatında olan vətəndaşların müraciət edəcəkləri ünvan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzidir. Müraciət edən şəhər sakinlərinə müayinə üçün göndəriş məhz buradan verilir. Göndəriş alan vətəndaşlar müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hemotologiya şöbəsində müayinələrdən keçirlər.

Tibbi müayinənin nəticələri həkim sirridir

Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılır və buna uyğun olaraq, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir. Lakin son prosedur zamanı, yəni məsləhətlər verilərkən hər iki tərəfin iştirakı vacibdir.
Mütəxəssisin sözlərinə görə, nikaha daxil olan şəxslərin tibbi müayinələrinin nəticələri həkim sirridir və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır. Lakin bir nüans var ki, hər hansı təhlükə törədən xəstəliyin bilərək və ya bilməyərək qarşı tərəfdən gizlədilməsi faktı ortaya çıxdığı halda digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu zaman bilərək gizlədilmə faktı məlum olarsa, şəxs hətta cinayət məsuliyyətinə belə, cəlb oluna bilər.
Statistik rəqəmlər göstərir ki, muxtar respublikada qurulan yeni ailələrin əksəriyyəti nikah öncəsi tibbi müayinədə maraqlıdır. Qanunda edilən dəyişikliyin qüvvəyə minməsindən cəmi 3 aydan bir az artıq müddət keçməsinə baxmayaraq, qısa zaman kəsiyində 480 nəfərdən artıq vətəndaş tibbi müayinədən keçib.
Gültəkin Əliyevanın sözlərinə görə, müayinələrin nəticələrini, ümumilikdə, sevindirici hesab etmək olar: “Muxtar respublika 3 dövlətlə həmsərhəddir. Bunlardan ikisi – Türkiyə və İranla sıx əlaqələrimiz var. Və bu sərbəst gediş-gəliş yoluxucu xəstəliklərin yayılma riskini artırır. Təqribən, 500 nəfərdən cəmi 1-də şübhəli xəstəlik qeydə alınması çox yaxşı nəticədir. Hazırda əksər ölkələrdə bu göstərici 100 nəfərdən 12-də müşahidə olunur.

Xoş olmayan nəticə evliliyi qadağan edə bilərmi?

Bu sualın birmənalı cavabı “xeyr”dir. Heç bir halda nəticədən asılı olmayaraq, qanun evliliyi qadağan etmir. Burda məqsəd hər hansı bir problemi öncədən bilib onun qarşısını almaqdır.
Gültəkin Əliyevanın dediklərindən: “Bir nüansı qeyd edim ki, bəzi hallarda gənclər nikahdan əvvəl tibbi müayinədən keçməyə ehtiyat edirlər. Gəlsələr də, qarşı tərəfin xəbəri olmadan gəlib yoxlanırlar.
Müayinə nəticələrinin necə çıxmasından asılı olmayaraq, ayrılmayacaqlarını, bunun üçün də tibbi müayinəyə ehtiyaclarının olmadığını düşünənlər də var”. Həkim-ginekoloq isə belə halın evlilikdən sonra mövcud problemin həllini qəlizləşdirdiyini deyir: “Nə qədər tez müraciət etsələr, problemləri aradan qaldırmaq bir o qədər asan olar”.

Ailə quran gənclərin məsələyə baxışı

Digər həmsöhbətlərim bu yaxınlarda evlənəcək Samir və İnci idi. Onlar artıq müayinədən keçib və məsləhət üçün həkim-ginekoloq Gültəkin Əliyevaya müraciət ediblər. İnci deyir ki, bu qərarı eşidəndə çox sevindik. Qohum nikahlarının törətdiyi fəsadlar haqqında çox danışılır. Bu, bizi qorxudurdu. Çünki Samir mənim xalam oğludur. Ancaq müraciət etdikdə həkimlər tərəfindən hər bir halda bizə kömək edə biləcəklərini eşitdikdə sevindik. Şükürlər olsun ki, müayinə nəticələri yaxşı çıxdı”.
Gələcək gənc ailə başçısı Samirin fikrincə, ailə quracaq insanların bir-birinin səhhəti barədə tam məlumatı olmalıdır: “Nəticədən asılı olmayaraq, biz yenə də bir-birimizin yanında olacağdıq. Ailə hər şeyi birlikdə etməkdir, həyatı bölüşmək deməkdir”.
Bir sözlə, müayinənin nəticələri nə olursa-olsun, bu, tərəflər arasında münasibətləri dəyişdirməyə əsas ola bilməz. Təbii ki, söhbət sevgi, inam və hörmət üzərində qurulan ailələrdən gedir. Tibbi müayinə evlənəcək şəxsləri, sadəcə, gözlənilən təhlükədən qorumaq üçün aparılır. Düşünəndə ki, gələcək ailə cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır, deməli, insanlıq naminə biz bu müayinələrdən keçməliyik.

Gülnar Yüzbaşıyeva

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR