02 May 2024, Cümə axşamı

Muxtar respublikamızda təhsilin və səhiyyənin inkişafı sahəsində aparılan genişmiqyaslı tədbirlər ixtisaslı tibbi kadrların hazırlanması işində mühüm rol oynayır. Diyarımızda ixtisaslı həkim hazırlığında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan Tibb fakültəsinin rolu danılmazdır. 

 Ötən 20 ildə fakültədə lazımi şərait yaradılıb, yeni xəstəxana inşa olunub, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulub, müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası kollektivin istifadəsinə verilib. Burada təhsil alan tələbələr ixtisaslarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edirlər. Kliniki dərslərin əksəriyyətini xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri onlarda praktik vərdişlərin formalaşmasına müsbət təsir göstərir. Fakültənin məzunları səhiyyə müəssisələrinin həkim kadrlarına olan tələbatını ödəyir, onlar dünyanın bir çox ölkələrində də həkim kimi fəaliyyət göstərirlər. Tibb fakültəsinin beynəlxalq əlaqələri xarici ölkə vətəndaşlarının da burada təhsil almaq üçün müraciətlərinin sayını artırır. 

Bu gün Tibb fakültəsinin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığının aparılması isə peşəkar həkim kadrların yetişdirilməsində əhəmiyyətli rola malikdir. Naxçıvanda rezidentura təhsilinin təşkili barədə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, rezidentura üzrə məsul şəxs Elsevər Əsədovla həmsöhbət olduq.

Müsahibim bildirdi ki, Naxçıvan Dövlət Universitetində rezidentura təhsil pilləsi üzrə qəbul 2012-ci ildən aparılır. Qəbul edilən həkim-rezidentlərlə əmək müqaviləsi bağlanır və onlar 1 həkim ştatına müvafiq əməkhaqqı ilə təmin olunurlar. Hər bir rezidentin fəaliyyəti ona təhkim olunan kuratorun rəhbərliyi ilə həyata keçirilir. Rezidentlər ixtisaslarına aid proqramlara və iş planlarına müvafiq olaraq fəaliyyətlərini qurur, rotasiyalarını həyata keçirirlər. Rezidentura təhsili dövrü həkim-rezidentlərimiz iş planlarına müvafiq olaraq ölkəmizin və Türkiyə Respublikasının yüksəksəviyyəli xəstəxanalarında təcrübədə olurlar ki, bu da onların öz bilik və bacarıqlarının artırılmasında çox mühüm əhəmiyyət daşıyır. 2020-ci ildə Almaniyada təcrübə keçən həkim-rezidentimiz də olub. Gələcəkdə xarici ölkələrdə rotasiyaların daha da genişləndirilməsinin həkim-rezidentlərimizin dünyada tibb elminin yeniliklərinə yiyələnməsində çox faydalı olacağını düşünürük. Bu, xüsusilə Türkiyə Respublikasının əməkdaşlıq etdiyimiz universitetləri ilə bağlanmış müqavilələrdə öz əksini tapmaqdadır.
Müsahibim onu da vurğuladı ki, Naxçıvan Dövlət Universitetindən bu günə qədər 50-dək rezident məzun olub. Onlar Səhiyyə Nazirliyinin təyinatı əsasında müvafiq işlə təmin edilirlər. Rezidentlər məzunlarımız müxtəlif xəstəxanalarda çalışmaqla, xüsusilə pandemiya dövrü fəallıq göstərmiş, infeksion xəstəliklə mübarizədə həkim kollektivi ilə çiyin-çiyinə çalışmışlar. Hazırda ali təhsil müəssisəsinin rezidentura pilləsində 21 ixtisas üzrə kadr hazırlığı aparılır. 2020-ci ildə rezidentura təhsil pilləsinə daxil olan 16 nəfər həkim-rezident adını qazanıb. Cari ilin oktyabrında rezidenturaya qəbul olunanlarla birlikdə, hazırda 65 həkim-rezidentimiz var. Eyni zamanda bu il 13 rezident məzun olacaqdır ki, bunlardan 3-ü muxtar respublika sakinidir. Məzunların 14 nəfəri isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı əsasında respublikamızın müxtəlif regionlarında ixtisaslı həkim kimi fəaliyyətlərini davam etdirəcəklər. Noyabr ayında məzun olan rezidentlərin yekun attestasiyası keçirilib. Yaxın gələcəkdə Tibb ixtisası məzunu olan əcnəbi vətəndaşların da rezidenturaya qəbulunun aparılması nəzərdə tutulur.

Rezidentura üzrə təhsilini davam etdirən və ya başa vuraraq müxtəlif səhiyyə müəssisələrində çalışan həkim-rezidentlərlə də həmsöhbət olduq.
Sarita Qənbərli Şahbuz rayonundandır. Müsahibim adıçəkilən təhsil ocağının Tibb fakültəsində Müalicə işi ixtisası üzrə ali təhsil alıb. Onun dediklərindən: – Rezidentura təhsili hər kəsin istədiyi ixtisası seçməsi və ona mükəmməl yiyələnməsi üçün elmi və praktik cəhətdən çox əlverişlidir. Mən Anesteziologiya və reanimatologiya ixtisası üzrə rezidentura təhsili almışam. Həmin ixtisas üzrə hazırlanmış proqramın əsas məqsədi praktik təbabət üçün sərbəst fəaliyyət göstərən və gələcəkdə elmi-tədqiqat fəaliyyətini davam etdirə bilən həkim-mütəxəssis yetişdirməkdir. Təhsil aldığım 3 il müddətində Naxçıvan Muxtar Respublika Xəstəxanasında işləyib həm elmi, həm də praktik vərdişlərə yiyələndim. Naxçıvan Dövlət Universitetinin və təcrübədə olduğum xəstəxananın təşkil etdiyi elmi-praktik konfranslarda iştirak etdim. Bütün bunlar elmi cəhətdən daha çox bilik əldə etmək, öyrəndiklərimi təcrübədə möhkəmləndirmək baxımından çox faydalı oldu. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq vəzifəsində çalışıram. Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə peşəkar səviyyədə xəstələrimizə tibbi yardım göstəririk. Bu sahə üzrə yenilikləri öyrənib tətbiq etmək üçün çalışıram, peşəkar həkim kimi formalaşıb insan sağlamlığına töhfə verməyə çalışıram.
Azərbaycanın Şirvan bölgəsindən olan Mahmud Nəsirov isə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin məzunudur. O deyir ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Travmatologiya-ortopediya ixtisası üzrə təcrübə keçməyə başlayıb. bu sahə əzələ-skelet sisteminin qazanılmış və ya travmalarla əlaqədar xəstəliklərini tanımaq, onların həllini tapmaq, müalicə etmək və xəstələrin səhhətinə qovuşmasını təmin etmək üçün lazım olan elmi-təcrübi bilikləri özündə birləşdirir. Rezidentura təhsilim müddətində Türkiyənin Kocaeli Təhsil və Araşdırma Xəstəxanasında ixtisasartırma kursunda olmuşam, müxtəlif elmi-praktik konfranslarda iştirak etmişəm. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-travmatoloq vəzifəsində çalışıram.
Müsahibim deyir ki, Naxçıvanda həkim hazırlığı prosesində yalnız nəzəri biliklər öyrədilmir. Burada təhsil alan tələbələr muxtar respublikanın səhiyyə müəssisələrində və fakültənin xəstəxanasında təcrübələrə cəlb olunur, praktik dərslərdə iştirak edir, bir sıra şəhərlərdə, eləcə də Türkiyə, Almaniya kimi xarici ölkələrin müxtəlif xəstəxanalarında təcrübə keçməklə peşə vərdişlərini artırırlar. Bu, Naxçıvanda rezidentura təhsilinin əsas üstünlüyüdür. Onu da deyim ki, muxtar respublikanın səhiyyə müəssisələrində, eləcə də Tibb fakültəsində ən son tibbi texnologiyalar tətbiq olunur. Belə ki, biz gələcəyin həkimi kimi müasir tibbi avadanlıqlardan istifadə vərdişlərinə də yiyələnir, müayinə və müalicə prosesində yeni texnologiyaların tətbiqini öyrənmək imkanları əldə edirik. Yaradılan müasir şərait gələcəyimizə göstərilən böyük qayğıdır.
Digər bir həkim-rezident Rəmziyə İsmayılova Şəki şəhərindəndir. 2009-cu ildə Azərbaycan Tibb Universitetini Terapevt ixtisası üzrə bitirib. Müsahibim bildirir ki, terapiya səhiyyənin geniş sahəsi olduğundan gələcəkdə bu sahə üzrə yaxşı mütəxəssis kimi formalaşmaq üçün rezidentura təhsili almaq qərarına gəldim. 2019-cu ildə imtahan verərək Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində rezidentura pilləsi üzrə Şüa diaqnostikası ixtisasına daxil oldum. Hazırda həmin ixtisas üzrə II kursda təhsil alıram. Bu özündə tibbin kompleks diaqnostik müayinələrini birləşdirən bir sahədir. Bu müayinələr damar, sümük, yumşaq toxuma, beyin və digər daxili orqanların vəziyyəti, funksiyası haqqında ətraflı məlumat əldə etməyə imkan yaradır. Burada təhsil almağımın əsas səbəbi isə ixtisasıma dərindən yiyələnmək üçün yaradılan müasir şəraitdir. Muxtar respublikanın səhiyyə müəssisələrində, istərsə də Tibb fakültəsində yaradılan şərait səmərəli fəaliyyət göstərməyə, peşəkar həkim kimi formalaşmağa imkan verir. Tibb fakültəsinin şəxsi heyəti, klinika rəhbərləri və kuratorları daha yaxşı öyrənməyim üçün əllərindən gələni əsirgəmirlər. Bizim gələcəyə hərtərəfli hazırlanmağımız, peşəkar kadr kimi formalaşmağımız üçün şərait yaradanlara minnətdaram. Bu şəraitdən düzgün və səmərəli istifadə etmək, yaxşı bir həkim kimi formalaşıb xalqımızın sağlamlığı keşiyində dayanmaq isə ən böyük arzumdur.
Müsahiblərimizin də söhbətlərindən aydın oldu ki, muxtar respublikamızda səhiyyənin inkişafına göstərilən davamlı dövlət qayğısı öz peşəsinə məsuliyyətlə yanaşan təcrübəli həkimlərin sayını artırır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR