08 May 2024, Çərşənbə

(Əvvəli qəzetin 16 yanvar tarixli nömrəsində)

… Ermənilərin iddiaları böyükdür. Bəzən düşünürsən ki, bu iddiaları başa düşmək üçün onlar kimi düşünmək lazımdır. Düşünə bilmirsənsə, özünü buna məcbur etməlisən. Heç olmasa bir anlıq. Məsələn, onlar bütün dünyaya car çəkirlər ki, “seçilmiş millətdirlər”. Elə bu “seçilmiş olmaları” səbəbindən Tanrı onları Nuh tufanı ilə sınağa çəkib və ermənilər bu sınaqdan uğurla çıxaraq əzmli bir xalq olduqlarını ortaya qoyublar. İkinci sınaqları isə onların “soyqırıma məruz qalmalarıdır” və bu “hadisə”dən sonra da onlar həyatda qalmağı bacarıblar. Birinci sınaqda səbəb tufandırsa, ikinci sınaqda səbəb türklərdir. Bu üzdəniraq millətə görə, onlara “dənizdən-dənizə Böyük Ermənistan” qurmaq üçün torpaqlar vəd edilib (?!). Ona görə də hər bir erməni nəfəs aldığı müddətcə bu mübarizəni davam etdirməlidir. Belə xəstəliyə yoluxmuş millət torpağa, geyimə, mətbəxə, ümumiyyətlə, hər şeyə iddia edir. Məsələn, təxminən, bir ay bundan əvvəl Ermənistanda türkcə yayımlanan “Western Armenian” telekanalı Türkiyənin İqdır vilayətini Qərbi Ermənistan şəhəri kimi təqdim etmişdi. İqdırda yaşayan əhalinin böyük hiddətinə səbəb olan bu hadisəyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən sərt reaksiya verilmişdi. Yaxud qonşu Gürcüstanda Samsxe-Cavaxetiya və Abxaziya bölgələrinə də ermənilər zaman-zaman torpaq iddiası irəli sürürlər. Rusiya Federasiyasının Krasnodar və Stavropol vilayətlərinə də iddialar ara-sıra mətbuatda öz əksini tapıb. Yaxud başqa misal: ermənilərə görə, Nuh Peyğəmbər quruya çıxdıqdan sonra ilk üzüm kolunu becərib və ondan ilk şərabı hazırlayıb, buna görə də üzüm və şərab ermənilərə aiddir və onların əli ilə bütün dünyaya yayılıb. Və yaxud ərik. Bu xəstə təxəyyüllü millətə görə, ilk əriyi ermənilər yetişdirib. Rusdilli Vikipediyanı zəbt etmiş ermənilər yazırlar ki, ərik bizdən Avropa və Asiyaya yayılıb. Bu meyvənin narıncı rəngdə olması bizim bayrağımızda da əks olunub. Çünki həmin narıncı rəng bizim “zəhmətkeş, bolluq torpaqlara malik olduğumuzu” göstərir. Buna görə ərik milli simvolumuzdur.

Ermənilərin digər “milli simvolları” isə nardır. Son illərdə onlar bu meyvənin üzərində daha çox təbliğat qururlar. Hətta qədim yunanları, romalıları bu meyvənin ilk dəfə yetişdirilməsi ilə bağlı məlumatlarına görə ittiham da edirlər. Əslində, onların narla bağlı iddiaları sovet dövründən başlayır. Hətta 1968-ci ildə bununla bağlı “Nar rəngi” adlı sənədli film də çəkmişdilər və iddia edirdilər ki, nar Ermənistanın yenilməz ruhudur. Bir neçə il bundan əvvəl Rostov şəhərində ermənilərə məxsus böyük bir restoranın adının dəyişdirilərək “Nar” (“Qranat”) qoyulması da belə iddiaların təbliği məqsədini daşıyır. Sevindirici haldır ki, 2018-ci ildə Rostovda ilk dəfə Azərbaycan diasporunun təşkilatçılığı ilə “Nar” festivalı keçirilir. Festivalda şəhərdə yaşayan digər xalqların nümayəndələri də iştirak edir. Hətta yerli “Canlı Rostov” (“Jivoy Rostov”) saytı bu haqda məqalə də yayımlayır və sonda qeyd olunur ki, Azərbaycan dünyada yeganə ölkədir ki, orada narın bütün növləri yetişdirilir.
Bir sözlə, ermənilərin istənilən əşyaya, torpağa, mətbəx və mədəniyyət nümunələrinə iddiaları tükənməzdir və onlar bir mərkəzdən – kilsədən idarə olunur. Hətta o kilsədən ki yazının birinci hissəsində də qeyd olunduğu kimi, 2007-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri onun ermənilər tərəfindən “Yeni Naxçıvan” adlandırılmasına görə Moskva şəhər meriyasına rəsmi etiraz məktubu da göndərmişdi. Çünki 2013-cü ildə Moskvada istifadəyə verilmiş Rusiya və Yeni Naxçıvan yeparxiyasının Erməni Apostol Kilsəsi (Rossiyskoy i Novo-Naxiçevanskoy yeparxii Armyans­koy Аpostolskoy Tserkvi) dünyada Eçmiədzin kilsəsindən sonra ən böyük kilsə kompleksidir və ermənilərin Rusiya məkanında yalan üzərində qurulmuş ictimai, siyasi, mədəni, tarixi təbliğatını həyata keçirir. 2015-ci ildən isə burada erməni muzeyi fəaliyyət göstərir. Muzeydən isə danışmağa dəyməz. O ki qaldı bu mənfur millətin Rostovdakı “Naxiçevan”la bağlı təbliğatlarına…
Hazırda burada fəaliyyət göstərən “www.Hахичевань.ru” adlı portal “Don ermənilərinin həyatı, tarixi, mədəni zənginlikləri”nin təbliğatını həyata keçirir. Rus dilindəki bu informasiya portalında erməni müəlliflərin (bəzi hallarda rus) “Naxiçevandakı qədim erməni tarixini, mədəniyyətini, incəsənətini” gənc nəslə çatdıran məqalələri dərc olunur. Onlardan biri Georgi Baqdıkovdur. İxtisasca həkim-cərrah olan Baqdıkovun 20 il bundan əvvəl fəaliyyətə başlayan “www.Naxiçevan.ru” saytının yaradılmasında da əməyi çox olub. İki ay bundan əvvəl – 2019-cu ilin noyabr ayında isə “Naxiçevan-na Donu”nun yaradılmasının 240 illiyi burada böyük təntənə ilə qeyd olunub. Baqdıkovun bu yubileyə hədiyyəsi isə “www.Hахичевань.ru” adlı yeni kitabını təqdim etməsi idi. Kitabda “Naxiçevan-na Donu”da doğulmuş erməni elm və sənət adamları, Rusiyanın məşhur insanlarının bir neçəsinin vaxtilə burada olması haqqında, həmçinin “Naxiçevan”ın Rostov elmi və mədəni mühitinə “verdiyi töhfələrdən” ibarət məlumatlar toplanıb.

Burada yaşayan yerli ermənilərin mühüm təbliğat vasitələrindən biri də “Ноев-Ковчег” – “Nuhun gəmisi” qəzetidir. Bu qəzet 1997-ci ildən nəşr olunur və ayda bir dəfə olmaqla, 104 500 tirajla çıxır. Təbii ki, qəzetin əsas ideoloji xəttini Azərbaycan tərəfindən “daim hədələrə məruz qalan məzlum ermənilər”, erməni və rus xalqlarının “minilliklərə” gedib çıxan dostluğu, “zəngin erməni mədəniyyəti”nin Rusiyada təbliği və sair təşkil edir. Bu qəzetin səhifələrində ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında baş verən mühüm hadisələrə də anındaca “reaksiya verilir”. Xüsusilə son illərdə Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi bütün təlimlər “təhlil olunur”, “Günnüt əməliyyatı”ndan, burada yaradılmış ordu birləşmələrindən, muxtar respublikanın Azərbaycan və Türkiyə üçün mühüm strateji dəhliz kimi əhəmiyyətindən, azərbaycanlıların “Köçəri” yallısını “özününküləşdirməsindən” və digər bu kimi mövzulardan bəhs olunur. Bu cür erməni maraqlarına xidmət edən təhlili reportajlara erməni politoloqlarından tutmuş bəzi hallarda bu yalanların təsir dairəsinə salınmış yerli rus “ekspertlər” də cəlb olunur. Buna görə də saxta təbliğatlar daim bu qəzetin ana ideologiyasını təşkil edir. Məsələn, bir müddət bundan əvvəl qəzetin Vadim Arutyunov adlı xüsusi müxbiri bir sənədli filmin çəkilişləri üçün İrəvandan Təbrizə qədər “Şərqi Azərbaycan vilayətində erməni izi”nin sorağı üçün gəlir. İran ərazisində “xeyli sayda belə tarixi izlərə”, mədəni abidələrə “rast gələn” müxbir sonda Culfaya da baş çəkməli olur. Və İran ərazisindəki Culfadan Naxçıvan ərazisindəki “qədim erməni şəhəri Culfaya” bir xeyli tamaşa etdikdən sonra artıq 30 ildən çoxdur ki, burada heç bir erməninin yaşamadığını və bu şəhərdə heç bir erməni izinin qalmadığını söyləyir öz oxucularına. Burada öz marağına uyğun “müsahiblər”lə söhbətləşən müxbir reportajında Araz çayının kənarından da xeyli fotoşəkillər paylaşır. Yəni butipli materialları qəzetin səhifələrində tez-tez görmək mümkündür.
Ümumiyyətlə, bu gün Rostov-Don şəhərində – onun bir bölgəsi olan Proletarnı rayonunda erməni toplumun əsas məqsədi bu ərazilərdə hər addımbaşı öz “məzlumluqlarını” yaşatmaqdır. 5 il bundan əvvəl “erməni soyqırımının 100 illiyi” münasibətilə üzərində “Soyqırıma yox deyirik!” adlı abidəni və yaxud 2 il bundan əvvəl həmin rayonun Yerevan küçəsində, “Sevan” oteli ilə üz-üzə binanın üzərinə vurulmuş (bu otel binasının bir hissəsində Ermənistanın buradakı konsulluğu yerləşir) “Osmanlı imperiyasının zülmündən qaçıb canını qurtarmış məzlum ermənilərin” xatirəsini yaşadan lövhəni buna misal göstərə bilərik. Üzərinə lövhə vurulmuş bu bina vaxtilə “Naxiçevan” şəhərinin idarəetmə binası olub və binada yerli erməni cəmiyyəti tərəfindən Türkiyədən guya məcburən qaçıb gəlmiş ermənilərin həyati məsələləri ilə bağlı toplantılar keçirilir, onlara köməkliklər edilirmiş. Bir sözlə, Proletarnı rayonunda, yəni ermənilərin bu qondarma “Naxiçevan”ında belə mövzularla tez-tez rastlaşmalı olursan.
Ancaq Rostov vilayətində bir abidə kompleksi də var ki, bu abidə ilə hər bir azərbaycanlı fəxr edə bilər. Bu, Taqanroq şəhəri yaxınlığında 130 və 416-cı Azərbaycan diviziyalarının şərəfinə ucaldılmış abidə kompleksidir. Bu abidə 1980-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə diviziyanın Taqanroq şəhərinin faşistlərdən azad edilməsində göstərdiyi şücaətin şərəfinə ucaldılmışdır. Ulu öndərin açılış mərasimində şəxsən iştirak etdiyi, Neklinovski rayonunun Sambekski qəsəbəsindəki “Sambek yüksəkliyi” adlanan yerdə qoyulmuş bu abidə 2011-ci ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə təmir olunub. 2018-ci ilin may ayından isə burada xalq hərbi tarix muzey kompleksinin yaradılmasına başlanılıb. Kompleksin bu il mayın 9-da – faşizm üzərində qələbənin 75-ci ildönümündə istifadəyə verilməsi nəzərdə tutulur. Ancaq həqiqət budur ki, ermənilərin də kompakt yaşadığı Rostov vilayəti, o cümlədən Taqanroq bölgəsini faşistlərdən xilas edən bu qəhrəman diviziyaların Azərbaycanda yaradılması və döyüşçülərinin 90 faizdən çoxunun azərbaycanlılardan təşkil olunduğu haqqında heç bir erməni mediasında rast gələ bilməzsən…

Səbuhi HƏSƏNOV
Naxçıvan-Rostov-Don-Naxçıvan

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR