08 May 2024, Çərşənbə

Gecə yarıdan keçmişdi... Göy üzü ay işığından aydınlaşmış, gündüzün istisindən sonra ətrafa bir sərinlik çökmüşdü. Xəfif meh əssə də, ətraf sakitlik idi və bu səssizliyi hərdən kənd itlərinin səsi pozurdu...
Mustafa kişinin gecənin bu vaxtında kənddən çıxmağının bir çox səbəbi vardı. Əsas səbəb isə ailəsinin təhlükəsizliyi idi. Yox, Qarabağlarda hər kəs onun xətrini istəyirdi, çoxlarına əl tutub çörək vermişdi. Ancaq son günlər xəbər yayılmışdı ki, bəs yeni yaranan şura hökuməti var-dövləti olanların hər şeyini əlindən alıb kasıb-kusuba paylamaq adı ilə dövlətin anbarlarına daşıyır, özlərini isə sorğusuz-sualsız “gedər-gəlməzə” göndərirlər. Əmrə tabe olmayanları isə şəhər qubernatorluğunun zindanında günlərlə saxladıqdan sonra “fəhlə-kəndlilərin qənimi”, “cümhuriyyət qurucularının yardımçısı”, nə bilim “türk əsgərlərinin müdafiəçisi” kimi müxtəlif adlarla damğalayaraq ən yaxşı halda sürgün edirlər. Əslində, Mustafa kişinin şəhərdə yaşayan qohumları ilə bağlı gələn xəbərlər də ürəkaçan deyildi, artıq onlardan bir neçəsi ciddi təqib olunurdu. Hətta həmin qohumlarından da gizlicə xəbər gəlmişdi ki, ən yaxşısı bu aralar ortalıqda görünməməkdir. Buna görə də o, dünəndən bəri hazır­lığını görmüş, heç kim xəbər tutmasın deyə, xanımı və iki yeniyetmə oğlunu da götürərək Şahtaxtıdan İrana keçməyi qərarlaşdırmışdı. Məqsədi də bu idi ki, aradan bir az vaxt keçsin, səs-küy yatsın, yenidən öz evinə geri dönsün. Bəs kim idi bu Mustafa kişi?
Təbiətcə sakit, alicənab, hər kəsə əl tutmağı ilə tanınan Mustafa məşhur xan nəslindən idi. Ata-babalarının Naxçıvan şəhərində və ətraf kənd­lərdə xeyli torpaq sahələri vardı. Onun özünün də maddi imkanları geniş idi. Qarabağlar və Yurdçu kəndlərində əkin sahələri, qoyun və at sürüləri var idi. El arasında böyük hörməti olan Mustafa xanın işlərində ən yaxın köməkçisi Orucəli idi. O, Orucəlini o qədər çox istəyərdi ki, ailə-məişət işlərini də yalnız ona tapşırardı. Mustafa xanın gecə kənddən çıxarkən dörd və yeddi yaşlarında olan Lətifə və Həmidə adlı iki balaca qızını Orucəlinin yanında qoyması da bir tərəfdən tezliklə geri qayıdacağına inamından, digər tərəfdən isə Orucəliyə olan böyük etibarından irəli gəlirdi. Evdən çıxarkən: “Orucəli, qızlarımdan muğayat ol, belə çətin vəziyyətdə onları özümlə apara bilmərəm, tezliklə qayıdacağam”, – deməsi isə sonu bəlli olmayan bu yolçuluqda kiçikyaşlı qızlarının həyatını riskə atmamaqdan qaynaqlanırdı. Yaşca daha kiçik olan Lətifə nə qədər atasının ardınca ağlayıb-sızlasa da, Mustafa xan sonuncu dəfə onun üzündən öpərək atına minmiş və yavaş-yavaş Qarabağlardan Şahtaxtına tərəf yol almışdı. Nə Mustafa xan, nə Orucəli kişi bilməzdilər ki, bu, artıq onların son görüşüdür. Yeni qurulan sovet hökumətinin dəmir sərhədləri bir daha bu ailənin qovuşmasına imkan verməyəcək. Mənsub olduğu kəngərlilər nəslinin bir çox nümayəndələri kimi, Mustafa xanın da qismətinə qürbətdə yaşamaq və dünyasını dəyişmək nəsib olacaq...

Kəngərli rayonunun Qarabağlar kəndində “Daş məhəllə” deyilən bir məhəllə var. Kənddəki məhəllələrin bir çoxu indinin özündə də tayfa, nəsil adları ilə (“Cığallılar”, “Alməhəddilər”, “Bəydillilər” və sair) adlandırılsa da, kəndin yuxarı hissəsində yerləşən məhəllə el arasında “Daş məhəllə” kimi tanınır. Bu məhəllənin ərazisi daha çox daşlıq ərazidir, ancaq burada söhbət yerin dərinliklərinə qədər işləmiş sal daşlardan gedir. Məsələn, adıçəkilən məhəllədə sal yataqlarının yüz metrədək dərinliyə işlədiyi haqda qeyri-dəqiq məlumatlar var. “Sallıx” adlanan meydan ərazisinin kənarlarında isə el arasında xan həyətləri kimi tanınan həyətlər yerləşir. Doğrudur, hazırda xan həyətlərində yaşayanlar vaxtilə burada yaşamış xan nəslinin davamçıları olmasa da, zənnimizcə, bu məhəllənin “Kəngərlilər” məhəlləsi adlandırılmamasında sovet ideologiyasının təsiri də az rol oynamayıb.
Buradakı xan həyətlərindən biri haqqında bəhs etdiyimiz Mustafa xana məxsus olub. Xanın yaşadığı ev sonrakı dövrlərdə bir az müasirləşdirilsə də, əvvəlki tikinti texnikası qorunub saxlanılıb. Evin zirzəmi hissəsi bir neçə bölümdən ibarətdir və bölmələrin hər biri ovalşəkilli formada, eni iki metr, uzunluğu isə binanın eninə bərabər olub, təxminən, səkkiz-doqquz metrə çatır. Mustafa xanın zamanında olduğu kimi, indinin özündə də bu bölmələrdən müxtəlif qış azuqələrinin, məişət əşyalarının saxlanılmasında istifadə olunur. İkimərtəbəli evin görüntüsü “Axırıncı aşırım” filmindəki Kərbəlayinin evi ilə çox bənzərlik təşkil edir. Yaxşı xatirimdədir, ötən əsrin səksəninci illərində qohum­-qonşuda danışardılar ki, bəs “Axırıncı aşırım” filmi burada çəkilib. Filmdə Qəmlo ilə Abasqulu bəyin arasında keçən: “Kimi istəyirsən?!”, “Evin kişisini soruşarlar!” – deyə cavab verilən məşhur dialoqdakı səhnə – balkonlu evin görüntüsü, taxıl çuvallarının çıxarıldığı zirzəmilər, həmçinin Kərbəlayinin oğlu Yadullanın qəbirüstü kiçik türbəsi ilə eyni oxşarlıq təşkil edən kənd qəbiristanlığındakı qəbirüstü türbə və üstəgəl, Qarabağlar kəndinin adının çəkilməsi (filmdə Qərbi Azərbaycanın Vedi rayonundakı Qarabağlar kəndindən bəhs olunur) və sair bir çoxlarında belə qənaət yaratmışdı ki, film bu kənddə çəkilib. Halbuki “Axırıncı aşırım” filmi, ümumiyyətlə, Naxçıvanda çəkilməyib və müasir dövrlə müqayisədə informasiya resurslarının kasad olduğu həmin 70-80-ci illərdə, bəlkə də, zarafat xatirinə deyilən bu sözlərə çoxları inanmışdı...
Hazırda Qarabağlar kəndindəki qədim evlərdən sayılan Mustafa xanın evində onun sadiq köməkçisi və sirdaşı olmuş Orucəli kişinin kiçik oğlu Allahyar Abdullayev yaşayır. 60 yaşlı Allahyar Abdullayev deyir ki, Naxçıvanda sovet hökuməti bərqərar olanda xan, bəy nəslindən olanlara çoxlu haqsızlıqlar edilib. Mustafa xanın ailəsi də bu haqsızlığın qurbanı oldu. Atam Orucəli kişi deyərdi ki, (Orucəli Abdullayev 1967-ci ildə dünyasını dəyişib) Mustafa xanın əmisi uşaqları savadlı, oxumuş insanlar idilər. Onlardan bir çoxu yüksək təhsil alaraq hərbçi, müəllim, həkim olublar. Elə Mustafa xan özü də geniş dünyagörüşə malik biri idi və Qarabağlardan gedəndə, təxminən, 40-50 yaşlarında olub.
Burada bir haşiyə çıxaraq bildirim ki, Mustafa xanın Naxçıvan şəhərində yaşamış və əmisi uşaqları dediyi kəngərlilərdən hansı ilə qohumluq dərəcəsini öyrənmək mümkün olmadı. Böyük ehtimalla Qarabağlar kəndində yaşamış bu və digər Kəngərli nəslinin nümayəndələri haqqında bioqrafik məlumatları 1878-ci ildə aparılan əhalinin kameral siyahıya alınmasından öyrənmək mümkündür. Ancaq düşünürük ki, bu, peşəkarlıq və elmi araşdırma tələb edən sahədir və inanırıq ki, tarixçilərimiz nə vaxtsa buna aydınlıq gətirəcəklər.
Orucəli kişi deyərmiş ki, Mustafa xan təqiblərdən qurtarmaq üçün məcburən İrana gedəndə iki azyaşlı qızını mənə tapşırdı. Mən onlara öz övladlarım kimi baxsam da, bu iki qız uzun illər ata-analarının həsrəti ilə yaşamalı oldular. Sovet hökuməti yeni yarananda o uşaqları bir müddət dövlətdən gizlətdim, sonra isə öz uşaqlarım kimi qeydiyyata aldırdım.
Allahyar Abdullayev deyir ki, Mustafa xanın böyük qızı Həmidə xanım Gəncə şəhərində ailə quraraq ömrünün sonuna kimi orada yaşadı. Lətifə xanımı isə Şərur rayonuna – Cəlilkəndə ərə verdi. Biz həmişə ona “Xan qızı” deyə müraciət edərdik. 1997-ci ildə dünyasını dəyişən Lətifə xanımın övladları hazırda həm Şərur rayonunda, həm də Bakıda yaşayırlar.
Yeri gəlmişkən bir məqamı da vurğulayım ki, Mustafa xanın yaşadığı evin binasında sovet hakimiyyəti qurulandan sonra bir müddət məktəb fəaliyyət göstərir. Sovet ideologiyasına uyğun olaraq o zaman məktəblərdə rus dilinin öyrədilməsi məcburi xarakter daşıyırdı. Hətta Rusiyanın müxtəlif bölgələrindən Naxçıvan şəhəri də daxil olmaqla böyük yaşayış məntəqələrinə pedaqoji kadrlar göndərilirdi. Həmin vaxt bu məktəbə də Nikolay adında bir rus müəllim gəlir. Yerli hökumət qurumlarının da köməyi ilə ev-ev gəzib hər kəsdən uşaqlarını məktəbə qoymaq tələb olunur. Bu prosesə qız uşaqları da cəlb edilir. Nənəm – 2002-ci ildə dünyasını dəyişmiş Nənəxanım Nəcəfova, kənd sakinlərindən Rübabə Məhərrəmova, Gülgəz Hüseynova və digərləri kənd məktəbinin ilk qız şagirdləri olurlar. Nənəm deyirdi ki, o vaxt sinif otaqları indiki kimi deyildi, yəni partalar, stol, stul az idi. Çox vaxt taxtadan düzəldilmiş skamyaya bənzər oturacaqlarda dərs keçirdik. Bir gün gəldik ki, məktəbin divarlarından qara bayraqlar asılıb. Bizə dərs keçən bu Nikolay da başdan-ayağa qara geyinib. O vaxt rəngli paltarlar çox olmasa da, Nikolay bizi də məcbur elədi ki, gedin qara paltar geyinin gəlin. Sonradan səbəbini öyrəndik ki, bəs proletariatın dahi rəhbəri Lenin vəfat edib. Biz də elə fürsət düşmüşkən məktəbdən qaçıb evə gəldik, qara rəngli paltarı bəhanə edib bir daha ora getmədik. Nikolaydan öyrəndiyimiz isə cəmi iki söz oldu: uşqol və uçitel...

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR