Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışında iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, kompleksdə 14 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 4 və mülki işlərin baxıldığı 10 zal fəaliyyət göstərir. Zallarda vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb.
Sonra “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı olub.
Dövlətimizin başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
* * *
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib.
AZƏRTAC