Kürkənd Şərur rayonunun abad yaşayış məntəqələrindəndir. Ötən il kənddə quruculuq işləri aparılmış, yeni sosial obyektlər istifadəyə verilmişdir. Həyata keçirilən quruculuq tədbirlərinin davamı olaraq bu il Kürkənddə yeni məscid binası da inşa olunmuşdur.
Oktyabrın 6-da Kürkənd məscidi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Kürçülü kəndində məktəb binası, kənd və xidmət mərkəzlərinin, Kürkənddə isə məscid binası və ehsan evinin istifadəyə verilməsi ölkəmizdə bütün sahələrin inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Kənddə şagirdlərin yaxşı təhsil alması, sakinlərin müasir rabitə xidmətindən istifadə etməsi, onların sağlamlığının qorunması və dövlət qurumlarının səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Bu gün yeni məscid binasının istifadəyə verilməsi isə ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən qayğının davamıdır.
Ali Məclisin Sədri demişdir: Din mənəviyyat deməkdir. İnsanın həyatda düzgün yol seçməsində, mənəvi aləminin zənginləşməsində dini dəyərlərin mühüm rolu vardır. Bu dəyərlərin qorunub yaşadıldığı mənəviyyat ocaqlarından biri də məscidlərdir. Bu müqəddəs yerlərdə insanlar mənəvi saflıq ətrafında birləşirlər.
Ali Məclisin Sədri muxtar respublikada dini-mənəvi dəyərlərin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Kənd ağsaqqalı Fəxrəddin Həsənov sakinlər və dindarlar adından minnətdarlıq edərək demişdir ki, muxtar respublikada dini-mənəvi dəyərlərə xüsusi qayğı göstərilir. İslami dəyərlərə hörmət və ehtiramla yanaşılır. Şəhər və kəndlərdə yeni məscid binaları tikilərək istifadəyə verilir. Kürkəndin quruculuq xəritəsinə daxil olan məscid binasında da lazımi şərait yaradılmışdır. Kənd ağsaqqalları, dindarlar bu qayğını yüksək qiymətləndirirlər.
Ali Məclisin Sədri məscid binasında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 144 kvadratmetr sahəsi olan məscid binası zal və minarədən ibarətdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılmışdır.
Sonra Ali Məclisin Sədri Kürkənddə yeni tikilən ehsan evinə də baxmışdır.
Məlumat verilmişdir ki, ümumi sahəsi 160 kvadratmetr olan ehsan evi zal və mətbəxdən ibarətdir. Binaya su, elektrik və qaz xətləri çəkilmiş, mətbəx zəruri inventarla təchiz edilmişdir. Binanın ətrafında da abadlıq işləri görülmüş, 450 metr yola asfalt örtük salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti