Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Xadim Ərəbbaği ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu ifadə etmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı münasibətlərə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənayenin və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, Araz Azad Ticarət və Sənaye Zonasının əlaqələrin inkişafında geniş imkanlara malik olduğunu bildirmişdir.
Möhsün Xadim Ərəbbaği göstərilən səmimi münasibətə görə minnətdarlıq etmiş, Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Araz Azad Ticarət və Sənaye Zonası haqqında məlumat verən qonaq ikitərəfli əlaqələrin inkişaf perspektivlərini qeyd etmişdir.
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti