Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır. İnsanların yaşaması və işləməsi üçün bütün imkanlar vardır. İş yerləri açılır, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir”.
Bu gün Naxçıvan Muxtar Respublikası öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən islahatlar Şərur rayonunda da sosial tədbirlərin əhatə dairəsini genişləndirmişdir. Rayonun Yuxarı Yaycı kəndi də quruculuq tədbirlərindən sonra abadlaşmış, müasir infrastruktur yaradılmışdır.
Yuxarı Yaycı kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurulmuşdur
İnsan kapitalının formalaşmasında təhsilin xüsusi rolu vardır. Təhsil olmadan savadlı, hərtərəfli inkişaf etmiş gənclik yetişdirmək mümkün deyil. Bu səbəbdən də muxtar respublikada təhsilin davamlı inkişafı ilə bağlı tədbirlər görülür, məktəb binaları müasir tədrisin tələblərinə uyğun qurulur, informasiya texnologiyaları ilə təminat diqqət mərkəzində saxlanılır. Bu il Yuxarı Yaycı kənd tam orta məktəbinin binasında da yenidənqurma işləri aparılmışdır.
Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Yaycı kənd tam orta məktəbinə gəlmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan 144 yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Məktəbin həyətində isə açıq idman qurğuları qoyulmuşdur.
Binada müasir tədris-texniki avadanlıqlar quraşdırılmış, zəngin fondu olan kitabxana istifadəyə verilmişdir. Məktəbin kitabxanasında 1210 dərslik və 2046 bədii ədəbiyyat vardır. Şagirdlərin kitabxanaya cəlbi üçün müxtəlif tədbirlər görülür, “Kitabxana günləri” və “Mütaliə saatları” keçirilir.
Yaycı kənd tam orta məktəbindəki sinif otaqları və fənn kabinələri ən müasir tədris avadanlıqları ilə təchiz olunmuş, kompüterlər internetə qoşulmuşdur. Kompüter otağında informatika dərslərinin keçirilməsi ilə yanaşı, digər fənlərə aid elektron dərsliklərdən istifadə də mümkündür. Elektron lövhələr isə şagirdlərin dərsdə fəal iştirakını təmin edir.
Elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə muxtar respublikanın 207 ümumtəhsil məktəbi arasında distant dərs keçirilmişdir.
Kimya-biologiya laboratoriyasında müasir tədris və təcrübə avadanlıqları qoyulmuşdur. Qeyd olunmuşdur ki, məktəbdə şagirdlərin dəqiq elmlərə marağı artırılır. Bunun nəticəsidir ki, ali məktəblərə qəbulda bir şagird yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur.
Muxtar respublikanın ümumtəhsil məktəblərində idman dərslərinin tədrisinə xüsusi diqqət yetirilir. Yuxarı Yaycı kənd tam orta məktəbində də geniş idman zalı yaradılmışdır.
Məktəblərdə şagirdlərin hərb sənətinə marağının artırılması vacib məsələdir. Gənclərdə ilkin hərbi biliklərin formalaşdırılması, onlarda hərbi-vətənpərvərlik hislərinin gücləndirilməsi bu sahədə kadr hazırlığına mühüm töhfə verir. Məktəbdə elektron lövhəli hərbi kabinənin istifadəyə verilməsi çağırışaqədərki hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.
Ali Məclisin Sədri çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi zamanı elektron dərsliklərdən istifadənin əhəmiyyətini vurğulamışdır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə məktəb işinə xüsusi diqqət yetirmişdir. Ulu öndər deyirdi ki, “Hər birimizə təhsil, bilik verən, yüksək intellektual səviyyəyə çatdıran məktəblərdir”. Ona görə bu gün ölkəmizdə məktəblər müasir tələblər səviyyəsində qurulur. Yuxarı Yaycı kənd tam orta məktəbində də müasir şərait yaradılmışdır. Tədris prosesində informasiya texnologiyalarının imkanlarından istifadə olunacaqdır. Bu da şagirdlərin hərtərəfli hazırlanmasına imkan verəcəkdir.
“Məktəb yalnız savadlı gənclər deyil, həm də ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməlidir”, – deyən Ali Məclisin Sədri Yuxarı Yaycı kənd tam orta məktəbinin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirmiş, bu münasibətlə kollektivə təşəkkür etmişdir.
Gənc müəllim Mirsədi Nemətov minnətdarlıq edərək demişdir: Yuxarı Yaycı kənd məktəbində tədris imkanlarının müasir tələblərə uyğunlaşdırılması, müəllimlərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, onların əməkhaqlarının artırılması muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir. Bu da ölkəmizin gələcəyinin daha da etibarlı olmasına təminat verir. Çalışacağıq ki, gənclər dövlətçiliyimizə sədaqət ruhunda böyüsünlər, yaxşı təhsil alaraq ölkəmizə və xalqımıza layiqli vətəndaş kimi yetişsinlər.
Məktəbin həyətində də geniş abadlıq işləri görülmüşdür.
Dövlət qurumları üçün müasir iş şəraiti yaradılmışdır
Oktyabrın 21-də Yuxarı Yaycı Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında tikinti-quruculuq işləri geniş miqyas alıb. Bu işlər Şərur rayonunda da davam etdirilir. Son illər rayonun kənd yaşayış məntəqələrində məktəb, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, Şərur şəhərində geniş abadlıq işlərinin aparılması əhali tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar, bütövlükdə, rayon əhalisinin sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Cari ilin ötən dövrü ərzində rayonun 7 yaşayış məntəqəsində tikinti-quruculuq işləri aparılmışdır. Artıq Şərur rayonunun 40 kəndi kompleks abadlaşdırılmışdır. Yuxarı Yaycı kəndində yaradılan infrastrukturlar da kəndin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. İbrahim Məmmədov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Yaycı kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Ölkəmizdə hər bir sahənin inkişafı qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq həyata keçirilir. Bu gün muxtar respublikada aparılan quruculuq tədbirləri də ölkəmizdə icra olunan dövlət proqramlarının tərkib hissəsidir. Bu il muxtar respublikanın ucqar dağ kəndlərindən olan Yuxarı Yaycı kəndi tamamilə abadlaşdırılmış, əhalinin rahat yaşaması üçün lazımi infrastruktur yaradılmışdır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir tədrisin tələblərinə cavab verən məktəb binası, dövlət strukturlarının fəaliyyəti üçün kənd mərkəzi tikilmiş, xidmət mərkəzi sakinlərin istifadəsinə verilmiş, yollar abadlaşdırılmış, təbii qazın və elektrik enerjisinin fasiləsiz verilişi təmin olunmuşdur. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən bu kənddə əməkhaqqı və təqaüdə əlavə olaraq 20 faiz yüksəklik pulu da ödənilir. Bir sözlə, bu gün 1132 nəfərin yaşadığı Yuxarı Yaycı kəndində sakinlərin rahatlığı üçün lazım olan bütün tədbirlər görülmüşdür. Bu da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir.
Ali Məclisin Sədri demişdir: Bu gün ölkəmizdə dövlət-cəmiyyət münasibətləri üstün mövqeyə malikdir. Dövlət əhaliyə lazımi qayğı göstərir, onların yaşayış şəraitini yaxşılaşdırır, maddi rifah halını yüksəldir. Vətəndaşlar da bunun qarşılığında dövlətin möhkəmləndirilməsi və inkişafı üçün səylərini əsirgəmir. Sərhəd və dağlıq yaşayış məntəqəsi olan Yuxarı Yaycı kəndində aparılan quruculuq işləri, lazımi infrastrukturun yaradılması, əhalinin rahat yaşayışının təmin olunması da dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsinin daha bir ifadəsidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunmalı, torpaqlar əkilməli, heyvandarlıq və arıçılıq inkişaf etdirilməlidir. Dövlət strukturları kəndin inkişafına, təmizliyin, yaşıllığın və abadlığın qorunub saxlanmasına diqqəti artırmalıdırlar.
Ali Məclisin Sədri kəndin zəhmətkeş insanlarının bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəklərinə və kənddə məskunlaşmanın artacağına əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli binada dövlət qurumlarının fəaliyyəti təmin olunmuş, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, rabitə evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana və mədəniyyət evi üçün iş otaqları ayrılmış, 45 yerlik iclas zalı istifadəyə verilmişdir.
Kənd kitabxanasının fondunda 4606 kitab vardır. Kitabxanada mütəmadi olaraq tədbirlər keçirilir, guşələr yaradılır, oxucu marağı artırılır. Hazırda kitabxanada “Cəmşid Naxçıvanski-120” və “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı guşələr yaradılmışdır.
Kənddə baytarlıq xidmətinin təşkili üçün də nümunəvi şərait yaradılmış, baytarlıq məntəqəsi istifadəyə verilmişdir. Bildirilmişdir ki, hazırda Yuxarı Yaycı kəndində heyvandarlıq və arıçılıq inkişaf etdirilir. Hazırda təsərrüfatlarda min başdan artıq iribuynuzlu və xırdabuynuzlu heyvan, 500-ə yaxın arı ailəsi saxlanılır.
Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyası Yuxarı Yaycı kənd ərazi ilk təşkilatının iş şəraiti ilə tanışlıq zamanı demişdir ki, bu gün ölkəmizdəki mövcud inkişafı və sabitliyi Yeni Azərbaycan Partiyası yaratmışdır. Yuxarı Yaycı kəndində aparılan quruculuq işləri, insanların rahatlığının təmin olunması da ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Yuxarı Yaycı kənd ərazi ilk təşkilatının sədri Vaqif Rəhimov minnətdarlıq edərək demişdir ki, insanlar kənddə aparılan quruculuq işlərini ulu öndərin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər. Gənclər, ziyalılar Yeni Azərbaycan Partiyasının sırasına qoşulur, kəndin inkişafında yaxından iştirak edirlər.
Rabitə evində poçt bölməsi yaradılmış, kommunal ödənişlərin qəbulu, dövri mətbuatın, gündəlik danışıq və internet kartlarının satışı təşkil olunmuşdur. Həmçinin kəndə 6 kilometr uzunluğunda fiber-optik xətt çəkilmiş, sürətli internetdən istifadə imkanları yaradılmışdır.
Muxtar respublikada əhalinin sağlamlığına xüsusi diqqət yetirilir, kəndlərdə müasir tibb məntəqələri və həkim ambulatoriyaları tikilib istifadəyə verilir. Yuxarı Yaycı Kənd Mərkəzində feldşer-mama məntəqəsinin fəaliyyəti üçün yaradılan şərait də həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsidir. Məntəqədə müdir, mama və manipulyasiya otaqları vardır. Burada ilkin tibbi yardım avadanlıqları qoyulmuşdur.
Ali Məclisin Sədri kənddə səhiyyə maarifi işinə xüsusi diqqət yetirilməsi, hamilə qadınların və uşaqların sağlamlığının qorunması barədə tapşırıqlar vermişdir.
Binanın ətrafı da abadlaşdırılmış, gülkarlıqlar salınmışdır.
Yuxarı Yaycıda yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır
Oktyabrın 21-də Yuxarı Yaycı kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. Binada bərbərxana və mağaza fəaliyyət göstərir. Ticarət və məişət xidmətlərinin təşkili sakinlərin rahatlığını təmin etmişdir. Mağazada zəruri ərzaq və sənaye malları ilə yanaşı, kənddə istehsal olunan məhsullar da satışa çıxarılır. Xidmət mərkəzində 2 nəfər işlə təmin olunmuşdur.
Yuxarı Yaycı kənd avtomobil yolu istifadəyə verilmişdir
Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil artır. Bu il Yuxarı Yaycı kənd avtomobil yolu da yenidən qurulmuşdur.
Oktyabrın 21-də avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.
Məlumat verilmişdir ki, 5,7 kilometr uzunluğunda yol genişləndirilmiş, asfalt örtük salınmış, 1 selötürücü, 48 su keçidi tikilmiş, 390 metr beton kanal çəkilmişdir. Yolun müasir tələblər səviyyəsində yenidən qurulması nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə imkan verəcəkdir.
* * *
Aparılan tikinti-quruculuq işləri zamanı kəndin rabitə, içməli su, elektrik və təbii qaz təchizatı da yaxşılaşdırılmış, 4800 metr rabitə, 1400 metr elektrik və 300 metr məsafədə qaz xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti