Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın incisi Ordubad rayonunun da davamlı inkişafını təmin etmişdir. Artıq rayonun kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Müasir yollar çəkilir, məktəb binaları və digər sosial obyektlər istifadəyə verilir, məskunlaşma artır. Rayon mərkəzindən 60 kilometr aralıda yerləşən Tivi kəndi qədim tarixi, özünəməxsus adət-ənənələri, zəngin təbiəti, zəhmətkeş insanları və ziyalıları ilə tanınır.
Bu il aparılan quruculuq işləri Tivi kəndini abad yaşayış məntəqəsinə çevirmişdir.
Oktyabrın 12-də Tivi kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Tivi kənd tam orta məktəbi yenidən qurulmuşdur
Ordubadda bu gün təhsilin inkişafına xüsusi qayğı göstərilir. Gənc nəslin hərtərəfli təhsil alması qayğısına qalınır. Rayonda aparılan quruculuq tədbirlərinin önündə məktəb binalarının tikintisi gəlir. Hər il kəndlərdə yeni məktəb binaları tikilir.
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tivi kənd tam orta məktəbinə gəlmiş, təhsil ocağında aparılan quruculuq işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 216 şagird yerlik məktəb binasında 4-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kompüter və müəllimlər otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kitabxana, idman zalı və açıq idman qurğuları vardır. Məktəb kitabxanasında 5 minə yaxın dərslik və bədii ədəbiyyat şagirdlərin istifadəsinə verilmişdir. Kimya-biologiya və fizika laboratoriyaları ən müasir cihaz və sınaq-təcrübə avadanlıqları ilə təchiz olunmuşdur.
Sinif otaqları və kabinələr yeni tədris avadanlıqları ilə təchiz olunmuş, kompüter sinfində 19 kompüter quraşdırılmış və internetə qoşulmuşdur.
Bildirilmişdir ki, muxtar respublikada elektron tədrisin inkişafına xüsusi diqqət yetirilir. Xüsusilə elektron lövhələrdən istifadə edilməsi tədrisin əyaniliyini təmin edir, keçirilən dərslər şagirdlər tərəfindən daha asan mənimsənilir. Elektron lövhəli siniflərin yaradılması həm də məktəblərlə muzeylər arasında distant dərslərin keçirilməsinə imkan verir, şagirdlər görkəmli şəxsiyyətlərimiz, tariximiz, maddi-mədəni irsimiz, milli dəyərlərimiz haqqında ətraflı məlumat alırlar.
Elektron lövhəli sinifdə muxtar respublikanın 217 təhsil müəssisəsi ilə Hüseyn Cavidin ev-muzeyi arasında videoəlaqə yaradılmış, distant dərs keçirilmişdir.
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, bu il Tivi kənd tam orta məktəbində birinci sinfə 16 şagird qəbul olunmuşdur.
Gənc nəslin sağlamlığının və fiziki inkişafının təmin edilməsində, vətənin müdafiəsinə hər an hazır olan mərd və cəsur vətəndaş kimi yetişməsində idman və hərbi hazırlıq dərslərinin mühüm rolu vardır. Tivi kənd tam orta məktəbinin lazımi əyani vasitələrlə təchiz olunan hərbi kabinəsi, geniş idman zalı və şahmat sinfi gənclərin hərtərəfli inkişafını təmin edəcəkdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Tivi kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır. Məktəbin zəngin təhsil ənənələri bu gün də davam etdirilir. Ötən tədris ilində məktəbin məzunlarından 10-u ali məktəblərə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplamışdır. Bu gün məktəbdə yaradılan şərait təhsilin keyfiyyətinin yüksəldilməsinə və nailiyyətlərin daha da artırılmasına imkan verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəbin ən əsas vəzifəsi xalqımıza və ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. Buna görə də şagirdlərin yaxşı təhsil alması ilə yanaşı, onların layiqli vətəndaş kimi yetişdirilməsi də pedaqoji kollektivin qarşısında duran başlıca vəzifədir. Məktəbi bitirən hər bir gənc gələcəkdə mütləq bir peşə sahibi olmalıdır. Çünki insan o zaman əsl vətəndaş olur ki, o, sahib olduğu peşəsi ilə ölkəsinə və xalqına xidmət etsin.
Ali Məclisin Sədri yaradılan şəraitin bundan sonra da öz bəhrəsini verəcəyinə əminliyini bildirmiş, qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmişdir.
Müəllim Afət Xanəliyeva minnətdarlıq edərək demişdir ki, bu gün Tividə hərtərəfli şəraiti olan məktəb binasının istifadəyə verilməsi ölkəmizdə təhsilin inkişafına və gənclərin hərtərəfli formalaşmasına göstərilən qayğının real ifadəsidir. Kənd məktəbində yaradılan şərait şagirdlərin yaxşı təhsil almasına, vətənpərvər ruhda böyüməsinə geniş imkanlar açmışdır. Müəllimlər müasir tədris vasitələrindən istifadə etməklə kənddə təhsilin səviyyəsini daha da yüksəldəcəklər.
Tivi Kənd Mərkəzinin açılışı olmuşdur
Oktyabrın 12-də Tivi Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tivi kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Ordubad rayonunun ucqar dağ kəndlərindən biri olan Tivi dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Səfalı təbiəti olan Tivi kəndində insanların rahat yaşaması, məskunlaşmanın artması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.
Ali Məclisin Sədri demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin etmişdir. Bu inkişafdan hər bir yaşayış məntəqəsinə pay düşmüşdür. Ucqar dağ kəndi olmasına baxmayaraq, müstəqillik illərində Tivi kəndinin də inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Keçmiş Sovetlər Birliyi dövründə həyata keçirilə bilməyən tədbirlər bu gün kənddə reallaşdırılmış, Tivi müasir Azərbaycan kəndinə çevrilmişdir. Kənddə məktəb binası, həkim ambulatoriyası, xidmət mərkəzi, dövlət qurumlarının fəaliyyət göstərməsi üçün kənd mərkəzi tikilərək istifadəyə verilmiş, yolu abadlaşdırılmış, elektrik enerjisi və təbii qazın verilişi təmin edilmiş, müasir rabitə xidməti yaradılmış, poçt bölməsi istifadəyə verilmişdir. Bir sözlə, Tividə əhaliyə nümunəvi xidmət göstərilməsi üçün bütün imkanlar vardır. Bu da insanların vaxt itkisinə yol vermədən öz problemlərini kənddə həll etməsinə imkan verəcəkdir. Ona görə də sakinlər qurulanları, tikilənləri qoruyub saxlamalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər. Dövlət qurumlarının əməkdaşları yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.
“Tivi kəndinin abadlaşması ölkəmizdə həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının daha bir nümunəsidir. Eyni zamanda bu tədbirlər kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, insanların ucqar dağ kəndlərində də rahat yaşamasına xidmət edir”, – deyən Ali Məclisin Sədri kəndin inkişafında xidməti olanlara təşəkkür etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, üçmərtəbəli binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi və iclas zalı vardır.
Kəndlərdə baytarlıq xidmətinin düzgün təşkili xəstəliklərin qarşısının alınmasında, heyvandarlığın və arıçılığın inkişafında mühüm şərtdir. Kənd mərkəzində baytar həkimlərin fəaliyyəti üçün hər cür şərait yaradılmış, baytarlıq məntəqəsi lazımi dərman vasitələri və soyuducu ilə təmin olunmuşdur.
Baxış zamanı məlumat verilmişdir ki, Tivi kəndində əsas təsərrüfat sahələrindən biri arıçılıqdır. Hər il kənddə bol və keyfiyyətli bal istehsal olunur. Baytar həkimlər mütəmadi olaraq arıçılarla görüşür, onlara dərmanlar verilir. Həmçinin kənddə heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.
Rabitə evi binanın birinci mərtəbəsindədir. Burada 384 yerlik müasirtipli ATS quraşdırılmış, poçt fəaliyyəti və internetin verilməsi təmin olunmuşdur. Mərkəzdə kənd kitabxanası üçün də müasir şərait yaradılmışdır. Hazırda kitabxananın fondunda 12 min 408 kitab vardır.
Tivi kənd bələdiyyəsinin sədri Oruc Hüseynov bildirmişdir ki, əvvəllər insanlar şəhərdə məskunlaşmağa üstünlük verirdilər. Lakin son illər kəndlərin abadlaşması, yeni iş yerlərinin açılması, təsərrüfatların inkişafı üçün dövlət tərəfindən verilən dəstək, bir sözlə, kənddə şəhər rahatlığının yaradılması insanların yurd-yuvalarına bağlılığını artırmışdır. Bu gün Tivi kəndi də insanların rahat yaşadığı, məskunlaşmanın ilbəil artdığı yaşayış məntəqəsidir. Oruc Hüseynov bütün bunlara görə kənd sakinləri adından minnətdarlıq etmişdir.
Kənd mərkəzinin həyəti də abadlaşdırılmış, ətrafında yaşıllıqlar salınmışdır.
Tivi kənd həkim ambulatoriyası üçün yeni bina inşa edilmişdir
Əhalinin sağlamlığının qorunması ölkəmizdə diqqət mərkəzində saxlanılır. Yaşayış məntəqələrində yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilir, sakinlərə müasir tibbi xidmət göstərilir.
Bu tədbirlərin davamı olaraq oktyabrın 12-də Tivi kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Xəstəxanatipli ambulatoriya binası 3 mərtəbədən ibarətdir. Binada 12 xidməti otaq, o cümlədən baş həkim, doğuş, peyvənd, mama, manipulyasiya, feldşer, qeydiyyat, tibb bacısı, sanitar otaqları, stomatoloq üçün kabinə, palata və aptek vardır. Otaqların hər biri təyinatına uyğun tibbi avadanlıqlar və zəruri inventarlarla təchiz edilmişdir. Hazırda ambulatoriyada 5 tibb işçisi sakinlərə xidmət göstərir.
Həkim ambulatoriyasının istifadəyə verilməsi kənddə müalicə-profilaktika işlərinin səmərəli təşkilinə şərait yaradacaqdır. Səhiyyə işçiləri müasir tibbi avadanlıqlardan istifadə edərək sakinlərin sağlamlığını qoruyacaq, əhalinin müalicə və müayinəsi, dərman vasitələri ilə təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.
Ali Məclisin Sədri səhiyyə xidmətinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Əhalinin gündəlik məişət tələbatı xidmət mərkəzində ödəniləcəkdir
Tivi kəndinin sakinlərinin üz tutacağı yeni ünvanlardan biri də xidmət mərkəzidir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin də açılışını etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza və ət satışı yeri fəaliyyət göstərir. Həmçinin burada 2 yerlik bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilmişdir.
Xidmət mərkəzinin istifadəyə verilməsi ilə yeni iş yerləri açılmış, 6 nəfər işlə təmin olunmuşdur.
* * *
Kəndin girişində 4 kilometr məsafədə yol yatağı genişləndirilərək qum-çınqıl qatı verilmiş, 3 selötürücü, 29 su keçidi qoyulmuşdur. Tivi və Parağa kəndləri arasında 8 kilometr məsafədə fiber-optik, kənd daxilində isə 2100 metrlik rabitə və 1 kilometrlik elektrik xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti