Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident İlham Əliyev bu il dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəmizə qarşı əsassız təzyiqlərə və bəzi hallarda təxribatlara baxmayaraq, ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarov bu ilin 9 ayında görülən işlərlə bağlı məruzə ediblər.
Yekun nitqində Prezident İlham Əliyev bildirib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəmizi 40-cı yerdə qərarlaşdırıb.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizinin tikintisi ilə bağlı tədbirlərin vaxtında həyata keçirilməsinə dair tapşırıqlarını verib, ilin sonuna qədər nəzərdə tutulan bütün tədbirlərin uğurla reallaşacağına əminliyini ifadə edib.
AZƏRTAC