09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası ilbəil gücləndirilir, fövqəladə hadisələr zamanı şəxsi heyətin çevik və operativ hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları təqdim olunmuşdur.
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəlmişlər.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri məlumat vermişdir ki, Almaniya istehsalı olan “İVECO MAGİRUS” markalı yanğınsöndürən və xilasedici-yanğınsöndürən avtomobillər yüksək texniki xüsusiyyətlərə malikdirlər. 6 nəfər heyətlə hərəkət edən yanğınsöndürən avtomobil 9 ton su və 1 ton köpükyaradan maye, xilas­edici-yanğınsöndürən avtomobil isə 3 ton su və 500 kiloqram köpükyaradan maye tutur. Avtomobillərin hər biri 3 siyirtməli nərdivan, mühərrikli tüstüqovucu, 4 projektor, generator, istiyə davamlı 4 dəst xilasetmə paltarı, eləcə də digər yanğından mühafizə vasitələri ilə təchiz olunmuşdur. Xüsusi kəsici aparatla təchiz olunmuş xilasedici-yanğınsöndürən avtomobil həm də yol-nəqliyyat hadisələri zamanı istifadə olunacaqdır.
Səfərbərlik ehtiyatlarına baxış zamanı bildirilmişdir ki, hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bazasında kifayət qədər səfərbərlik ehtiyatı yaradılmışdır. Yeni gətirilən 100 dəst çadır, 2 generator, 12 nasos və digər məişət avadanlıqları da baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların yaşayışının normal təşkilinə imkan verəcəkdir. Asanlıqla daşınan və qurulan çadırların hər biri 6 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulmuşdur.
Tədbirdə fövqəladə hallara hazırlığın vəziyyətinin yüksəldilməsinin davam etdirilməsinin vacibliyi bildirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR