09 Yanvar 2025, Cümə axşamı

Sentyabrın 15-də – Bilik Günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni təhsil ilinin başlanması – Bilik Günü münasibətilə muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə təhsili məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını və pedaqoji kollektivləri, “Naxçıvan” Universitetinin kollektivini isə həm də yeni universitet şəhərciyinin istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: Hər bir cəmiyyətdə təhsil mühüm rola malikdir. Vaxtilə təhsilin cəmiyyətdəki rolundan danışan görkəmli yazıçı və ictimai-siyasi xadim Nəriman Nərimanov qeyd edirdi ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Yalnız elmin və təhsilin gücünə tərəqqi etmək mümkündür. Bu gün bu fikirlərdəki həqiqətlər bir daha özünü göstərir. Müasir dünyada o dövlət güclü hesab olunur ki, onun güclü təhsil potensialı olsun. Amerika Birləşmiş Ştatlarının politoloqları deyirdilər ki, “Amerika Universitetləri güclüdür, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır, ona görə ki, onun Universitetləri güclüdür”.
Ali Məclisin Sədri demişdir: Hər il təhsil sahəsində həyata keçirilən tədbirlər qarşıda duran məqsədlərə daha da yaxınlaşmağa imkan yaradır. Bu gün Azərbaycan təhsilinin bəhrələri göz qabağındadır. Vətənpərvər, dövlətçiliyə və xalqa sədaqətli gənc nəsil yetişdirilir. Dayanıqlı inkişafın əsas təminatı olan insan kapitalı formalaşdırılır. Muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərində müasir təhsil infrastrukturu, informasiya texnologiyalarına əsaslanan təhsil sistemi qurulur. Distant və elektron tədris tətbiq olunur.

Qeyd etmək lazımdır ki, görülən işlər tarazlı şəkildə təhsilin bütün pillələrini – ümumtəhsil, peşə və orta ixtisas təhsili sahələrini, eləcə də ali təhsil sistemini əhatə etmişdir. Son illər muxtar respublikanın ali təhsil müəssisələri üçün yeni binalar tikilmiş, müasir tədris şəraiti yaradılmışdır. Bu gün “Naxçıvan” Universitetinin yeni universitet şəhərciyinin istifadəyə verilməsi də təhsil sahəsində görülən işlərin tərkib hissəsidir. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 97 ixtisas üzrə 8 mindən artıq tələbə təhsil alır.
Ali Məclisin Sədri demişdir: Biz bu gün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan gənclərimizə baxarkən qürur duyuruq. Ona görə ki, onlar sabahımızın etibarlı təminatçılarıdır. Bu gün fürsətdən istifadə edərək bizi narahat edən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Son vaxtlar ali məktəblərə qəbulla əlaqədar “müəyyən şəxslər” insanlar üçün bu həssas məsələdən sui-istifadə edərək qəbul imtahanlarında 0-100 arası bal toplayan və ya orta ümumtəhsil sənədi olan gəncləri qeyri-qanuni yolla bəzi xarici ölkələrdəki ali məktəblərə təşviq edərək asan qazanc götürmək istəyirlər. Təəssüf ki, bəzi gənclər və valideynlər də belə “şəxslərə” inanırlar. Onların nəzərinə çatdırmaq istəyirik ki, ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili məktəblərinə qəbul yalnız bir yolla – Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılır. Bundan kənarda ölkəmizdə və xaricdə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qeyri-qanunidir.
Bu cür “şəxslərin” yalan vədlərinin təsiri altına düşən gənclər və onların valideynləri bilməlidirlər ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunmayan gənclərin saxta yolla xarici ölkələrdə aldıqları diplomun ölkəmizdə hüquqi qüvvəsi yoxdur. Bu diplomların sahibləri heç bir dövlət orqanında və təşkilatda işlə təmin oluna bilməyəcəklər. Qanunsuz yolla ali təhsil haqqında əldə edilmiş belə sənədin həqiqi adı isə – itirilmiş illər və vəsaitlərdir.
Ümummilli liderimiz Heydər Əliyevin “Ölkə üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gəncin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir”, – fikirlərini diqqətə çatdıran Ali Məclisin Sədri demişdir: Yaxşı təhsil almaq, peşə, sənət sahibi olmaq hər bir gəncin arzusudur. Ali təhsil almaq yalnız müxtəlif elm sahələri üzrə bilikləri mənimsəməkdən, yaxud da diplom sahibi olmaqdan ibarət deyil. Ali təhsil gənclərin ölkə və xalq üçün layiqli vətəndaş və mütəxəssis kimi yetişməsi yolunda mühüm mərhələdir. Hər bir gənc çalışıb ona nail olmalıdır ki, gələcəkdə təhsil aldığı sahələr üzrə ixtisaslı kadr kimi yetişsin. Bu işdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin də üzərinə mühüm vəzifələr düşür. Müəllimlər təhsil verməklə yanaşı, həm də vətənpərvər gənclər yetişdirməlidirlər. Tələbə gənclərdə Azərbaycan xalqının tarixinə, dilinə, adət-ənənələrinə və milli dəyərlərinə sahiblik hissi aşılanmalı, onlar gələcək həyata ailə, cəmiyyət və dövlət qarşısında öz məsuliyyətini dərk edən, müstəqil və yaradıcı düşünən vətəndaşlar kimi hazırlanmalıdırlar.
Qeyd olunmuşdur ki, təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol həmişəki kimi, bu gün də aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin, inkişaf edən iqtisadiyyatın tələblərinə cavab verən insan kapitalını yaratmaq üçün təhsil sisteminin səmərəli olmasına çalışmalıyıq. Təhsil isə o zaman səmərəli olur və nəticə verir ki, o, əməli fəaliyyətə çevrilsin. Universitetlərdə, orta ixtisas və peşə məktəblərində, hərbi liseydə təhsil alan gənclər gələcəkdə cəmiyyət həyatının müxtəlif sahələrində ixtisaslı kadrlar kimi çalışmalı, bilik və bacarıqlarını ölkəmizin inkişafına sərf etməlidirlər.
Ali Məclisin Sədri yeni təhsil ilində muxtar respublikanın tələbə gənclərinə və təhsil kollektivlərinə uğurlar arzulamış, bir daha onları Bilik Günü münasibətilə təbrik etmişdir.
Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru İsmayıl Əliyev çıxış edərək demişdir ki, universitet üçün yaradılan müasir təhsil şəraiti muxtar respublikada bu sahəyə göstərilən qayğının nəticəsidir. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə vardır. 2015-2016-cı tədris ilində universitetdə minə yaxın tələbə təhsil alacaqdır. İndiyədək universitetin 3245 məzunu olmuşdur. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaqdır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Rektor qeyd etmişdir ki, ötən tədris ilində universitetdə 43 elmi-tədqiqat işi yerinə yetirilmiş, Tələbə Elmi Cəmiyyətinin xətti ilə 110 tələbə elmi axtarışlara cəlb edilmişdir. Bu dövrdə universitet əməkdaşları tərəfindən 10 kitab, 132 elmi məqalə və 2 tezis hazırlanaraq nəşr edilmişdir. “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilmişdir. Dünyanın məşhur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılmış, bununla da universitetin əməkdaşlıq etdiyi universitetlərin sayı 51-ə çatmışdır. İsmayıl Əliyev “Naxçıvan” Universiteti üçün yaradılan şəraitə görə professor-müəllim heyəti və tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Universitetin Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi ixtisası üzrə birinci kurs tələbəsi Fəridə Əhmədova demişdir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gəncləri daha yaxşı oxumağa ruhlandırır. Bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin elmli və dünyagörüşlü, intellektli və fiziki cəhətdən sağlam böyüməsi üçün hərtərəfli şərait yaradılmışdır. Buna görə də abituriyentlər ixtisas seçimi zamanı Naxçıvanda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinə üstünlük verirlər. “Naxçıvan” Universitetinin tələbəsi olmaq mənim ən böyük arzum idi. İxtisas seçimində “Naxçıvan” Universitetinin Xarici dil müəllimliyi ixtisasını seçdim və bu ixtisasa qəbul olundum. Düşünürəm ki, bu gün açılışına toplaşdığımız “Naxçıvan” Universitetini seçməklə ən düzgün seçimimi etmişəm. Universitetin maddi-texniki bazasının dünyanın ən qabaqcıl universitetlərinin standartlarına uyğunluğu burada daha mükəmməl təhsil almağımıza şərait yaradacaqdır. Fəridə Əhmədova tələbələr adından söz vermişdir ki, yaradılan şəraitdən səmərəli istifadə edərək Azərbaycan üçün layiqli vətəndaş və mütəxəssis kimi yetişəcəklər.
“Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Liu Jiavel müasir dövrdə informasiya texnologiyalarının təhsildə geniş tətbiq olunduğunu bildirmiş, Naxçıvanda bu sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. “Naxçıvan” Universitetində Huawei İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının yaradılmasının qərara alındığını bildirən Liu Jiavel akademiyanın sertifikatını “Naxçıvan” Universitetinə təqdim etmişdir.
Tədbirdə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan və təhsildə fərqlənən 45 tələbəyə noutbuklar hədiyyə etmişdir. “Huawei Texnologies Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru da bir qrup tələbəyə hədiyyələr təqdim etmişdir.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmiş, “Naxçıvan” Universitetində yaradılan tədris şəraiti ilə tanış olmuşdur.

Bildirilmişdir ki, universitet şəhərciyinə rektorluq binası, 2 tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. 3 mərtəbəli rektorluq binasında hər şöbə üçün ayrıca iş otaqları, arxiv və bufet yerləşir. Otaqların hər biri zəruri avadanlıqlarla təchiz edilmiş, elektron idarəetmə sistemi yaradılmışdır. Yeni sistem vasitəsilə bütün kafedra və bölmələrin işinə nəzarət etmək və elektron sənəd mübadiləsi aparmaq mümkündür.
6 mərtəbəli birinci tədris korpusunda universitetin İdarəetmə, İqtisadiyyat və Pedaqogika fakültələri fəaliyyət göstərəcəkdir. Tədris korpusunda 34 auditoriya, hər birində 66 kompüter olan 2 imtahan mərkəzi, proyektor və elektron lövhə quraşdırılan 11 mühazirə zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi, Coğrafiya, Azərbaycan tarixi, Turizm-informasiya kabinələri, informatika, informasiya sistemləri, texnologiya, server, nəşriyyat və digər otaqlar vardır. Binada elektron təhsilin tətbiqi üçün müasir infra­struktur yaradılmışdır. İmtahan mərkəzlərinin müasir texnoloji sistemi eyni vaxtda bir neçə ixtisas üzrə imtahanların çevik və şəffaf formada aparılmasına, imtahanların gedişini internet üzərindən izləməyə, eləcə də onların video arxivini yaratmağa imkan verəcəkdir. Kompüter otaqlarının hər birində 14 kompüter dəsti və elektron lövhələr quraşdırılmış, sürətli internetə çıxış təmin edilmişdir. Universitet mətbəəsi də ən müasir çap avadanlıqları ilə təchiz olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi vacib məsələdir. Universitetdə fəaliyyət göstərən Heydər Əliyev Dövlətçilik Mərkəzi bu baxımdan mühüm rol oynayır. Mərkəzdə ümummilli liderimizin həyatı və çoxşaxəli fəaliyyəti, zəngin dövlətçilik irsi, müəllifi olduğu inkişaf strategiyası tələbə gənclərə öyrədiləcəkdir. Dahi şəxsiyyətə həsr olunmuş kitabların, filmlərin və digər materialların qoyulduğu mərkəzdə Heydər Əliyev lektoriyaları, ulu öndərə həsr olunmuş konfrans və seminarlar keçiriləcəkdir.
Baxış zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun universitetin Heydər Əliyev Dövlətçilik Mərkəzi ilə əlaqələrinin gücləndirilməsi, tələbələrin iştirakı ilə müxtəlif layihələrin həyata keçirilməsi, ulu öndərin dövlətçilik fəaliyyətinin gənc nəslə hərtərəfli öyrədilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Turizm informasiya kabinəsində Naxçıvanın turizm imkanları araşdırılacaq, turizm obyektləri haqqında məlumatlar veriləcəkdir. Yaradılan şərait tələbələrin muxtar respublikanın turizm obyektləri, zəngin təbiəti ilə yaxından tanış olmasına, onlar haqqında bukletlər, müxtəlif tanıdıcı materiallar hazırlamalarına, Naxçıvanda turizmin nəzəri və təcrübi əsaslarla öyrənilməsinə imkan verəcəkdir.
Azərbaycan tarixi kabinəsində muxtar respublika ərazisində aşkarlanmış ən qədim və orta əsrlərə aid maddi mədəniyyət nümunələri və ədəbiyyatlar qoyulmuşdur. Coğrafiya kabinəsində isə muxtar respublikanın təbiəti, torpaq ehtiyatları haqqında materiallar toplanmış, mineralların tərkibini müəyyən edən elektron mikroskop və müxtəlif süxur nümunələri qoyulmuşdur.
Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, universitetdə biliklərin təcrübə əsasında möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bank işi, biznes mərkəzi və otelçilik kabinələri müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə praktik iş vərdişlərinin öyrədilməsinə imkan verir. Əl işləri qalereyasında universitetin müəllim və tələbələrinin rəsm əsərləri, müxtəlif əl işləri nümayiş etdirilir. Universitetin Kompüter Səviyyə Ölçmə Mərkəzində isə tələbələr üçün kompüter kursları təşkil olunacaq və kursu uğurla bitirən tələbələrə sertifikatlar veriləcəkdir. Bu sertifikatlar dünyanın 150 ölkə­sində tanınır.
Binada 12 terabayt həcmində mərkəzi server quraşdırılmış, universitet şəhərciyindəki bütün binalara fiber-optik kabel xətti çəkilmişdir. Mərkəzi server təhlükəsizlik proqramları ilə təchiz olunmuşdur. Huawei İnformasiya Kommunikasiya Texnologiyaları kabinəsində isə tələbələrə şirkətin istehsal etdiyi məhsulların istifadə qaydaları və ən son texnoloji yeniliklər öyrədiləcəkdir. Həyata keçirilən bu layihə çərçivəsində tələbələrin Huawei şirkətində bir ay müddətində təcrübə keçmələri də nəzərdə tutulub. Bu da informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.
Muxtar respublikada gənclərin xarici dil biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Universitetin xarici dillər korpusunda müxtəlif dünya dillərinin, xüsusilə İngilis, Alman və Ərəb dilinin nəzəri və praktik formada öyrədilməsi üçün müasir şərait yaradılmışdır. Burada multimedia sistemləri və 40 ədəd kompüterlə təchiz olunan 2 linqafon otağı, 20 kompüter quraşdırılan tərcümə mərkəzi, 2 mühazirə zalı, 24 auditoriya, 48 kompüteri olan imtahan mərkəzi və 2 kompüter otağı istifadəyə verilmişdir.
4 mərtəbədən ibarət olan universitet kitabxanasında 15 minə yaxın elmi və bədii ədəbiyyat vardır. Binada kitabxanaçılıq işi müasir tələblər əsasında qurulmuş, elektron dərslik və ədəbiyyatlar verilmişdir. Kitabxanada 6 bölmə, dissertasiya və avtoreferatlar zalı fəaliyyət göstərir. Hər bölmənin ayrıca fondu, oxu və informasiya zallarının olması uyğun materialların qısa zamanda oxucuya çatdırılmasına imkan verəcəkdir. Həmçinin oxucular informasiya zallarındakı kompüterlər vasitəsilə elektron kitabxanalardan və digər internet resurslarından istifadə edə biləcəklər. Binada şahmat zalı və gənclər mərkəzi də fəaliyyət göstərəcəkdir.
Ali Məclisin Sədri tələbələrin kitabxanaya cəlb olunmasının, kitabxana günlərinin və kitab müzakirələrinin keçirilməsinin vacibliyini vurğulamış, kitabxana fondunun elmi və bədii ədəbiyyatlarla zənginləşdirilməsini tapşırmışdır.
Konfrans və idman zalları üçün nəzərdə tutulan ikimərtəbəli bina müasir quruluşa malikdir. 240 yerlik konfrans zalında müasir audio-video və sinxron tərcümə sistemləri quraşdırılmış, proyektorlu elektron lövhə qoyulmuşdur. Bu da distant dərslərin təşkilinə imkan verəcəkdir. Geniş idman zalında isə voleybol, basketbol, badminton, futbol və digər idman növləri üzrə yarışların keçirilməsi mümkündür.
Universitetdə tələbələrin sosial-məişət şəraiti də yaxşılaşdırılmış, onların asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq tədbirlər görülmüşdür. Yeni istifadəyə verilən 302 yerlik yataqxana binasında otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur. İki girişi olan 6 mərtəbəli binada tələbələr üçün ən müasir yaşayış şəraiti yaradılmış, otaqların hər biri internetlə təmin olunmuş, məişət otağı, camaşırxana, mətbəx və istirahət otaqları istifadəyə verilmişdir. 3 mərtəbəli sosial xidmət mərkəzində ərzaq və geyim mağazaları, poçt, qadın gözəllik salonu, bərbərxana, kafe və yeməkxana tələbə və müəllimlərin istifadəsinə verilmişdir.
Universitet şəhərciyində video-nəzarət sistemi qurulmuş, ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, mini-futbol meydançası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR