09 Yanvar 2025, Cümə axşamı

Oktyabrın 17-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanovun anadan olmasının 145-ci ildönümü qeyd olunmuşdur.
Tədbir başlanmazdan əvvəl görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki büstü önünə gül qoyulmuşdur.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məruzə edərək demişdir: Bu gün görkəmli dövlət xadimi, böyük ədib Nəriman Nəriman­ovun 145 illik yubileyini qeyd edirik. Nəriman Nərimanov ötən əsrin əvvəllərində Azərbaycan naminə fədakarlıqla çalışan və bu yolda həyatını qurban verən böyük şəxsiy­yətlərdən biridir. Aradan uzun bir dövr keçməsinə baxmayaraq, bu gün də Nəriman Nərimanov deyəndə gözlərimiz önündə işıqlı insanın, ləyaqətli vətəndaşın, böyük istedada malik ziyalının və qətiyyətli dövlət xadiminin obrazı canlanır. Xalqımızın yetişdirdiyi bu böyük şəxsiyyətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. ... Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir...”
Nəriman Nərimanovun həyat və fəaliyyəti ictimai-siyasi fikir tariximizin mürəkkəb və ziddiyyətli bir dövrünə təsadüf edir. 1870-ci ilin aprelində Tiflisdə anadan olan Nəriman Nərimanov 1890-cı ildə Qori Müəllimlər Seminariyasını, 1908-ci ildə isə Odessada Tibb Universitetini bitirmişdir. 1919-cu ildə Rusiya Xalq Xarici İşlər komissarının müavini vəzifəsinə təyin edilən Nəriman Nərimanov 1920-ci ildən Azərbaycan Xalq Komissarları Sovetinin sədri, 1922-ci ildən ömrünün sonunadək – 1925-ci ilədək keçmiş Sovetlər Birliyinin ali qanunverici orqanının – Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri olmuşdur. 54 il ömür yaşayan Nəriman Nərimanov Azərbaycana düşmən qüvvələrin təzyiqi altında yaşamış və işləmiş, lakin Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkinməmiş, öz missiyasını axıradək yerinə yetirmişdir.
Ali Məclisin Sədri demişdir: Nərimanovun missiyası nədən ibarət idi? Nəriman Nərimanov mənsub olduğu xalqın maariflənməsini, insanların nadanlıqdan və cəhalətdən xilas olmasını istəyirdi. Dini xurafatın aradan qaldırılması və cəmiyyətin sağlamlığı üçün tibbi təhsilin, nadanlığın və cəhalətin aradan qaldırılması üçün isə dünyəvi təhsilin vacib olduğunu görən gənc Nəriman Nərimanov müəllimlik və həkimlik peşəsinə yiyələnmişdi. Xalq arasında maarifçiliyin yayılması yollarını axtaran Nərimanov Borçalı qəzasında və Bakıda müəllimlik etmiş, bununla yanaşı teatrın da roluna üstünlük vermiş, Borçalıda müəllim işləyərkən ilk qələm təcrübəsi olan “Nadanlıq” pyesini yazmışdı. Maarifçilik işini genişləndirmək məqsədilə 1894-cü ildə Bakıda ilk kütləvi kitabxana yaradan Nərimanov imkansız adamların müalicəsi üçün xəstəxana da açmış, Azərbaycanda səhiyyə mədəniyyətinin formalaşmasına çalışmışdır.
Qeyd olunmuşdur ki, Nərimanovun ədəbi-publisistik fəaliyyəti də maarifçi məzmun daşımış, cəmiyyəti nadanlıqdan qurtarmaq, ictimai problemləri diqqətdə saxlamaq məqsədinə xidmət etmişdi. Realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəriman Nərimanov ədəbiyyatımızın mütərəqqi keyfiyyətlərlə zənginləşməsində müstəsna rol oynamışdır. O, ədəbiyyatımızda ilk roman və tarixi faciə janrının banisi kimi də böyük xidmətlər göstərmiş, özünün dövlət və idarəetmə fəlsəfəsinə uyğun gələn “Nadir şah” kimi qiymətli dram əsərini yaratmışdır. Nərimanovun yaradıcılığında publisistikanın da özünəməxsus yeri vardır. On doqquzuncu əsrin sonlarından Azərbaycan və yaxın Şərq mətbuatında nəşr olunan felyeton, ədəbi-tənqidi və elmi-publisist məqalələrində o, milli demokratik mövqedən çıxış etmiş, xalqın azadlığı, tərəqqi və səadəti yolları barədə düşüncələrini bölüşmüşdür.
Ali Məclisin Sədri demişdir: Ziyalı o şəxsdir ki, öz zamanında millətin mənəvi ehtiyaclarını görsün, inkişafa mane olan problemlərin aradan qaldırılmasında, ictimai birliyə nail olunmasında nümunə göstərsin. Bu nümunəni biz Nəriman Nərimanovun ədəbi-bədii, ictimai-siyasi və publisistik fəaliyyətində görürük. O yazırdı ki: “Bir millət özünü tanımayınca hüququnu düşünməz. Tanımaq üçün də dil, milli məktəb, milli mətbuat, milli ədəbiyyat lazımdır. Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır”. Hürriyyətin, millətlərin azadlığının əldə olunması üçün digər millətlərin hərəkətə keçdiyini görən Nəriman Nərimanov azərbaycanlıların da yeni yaranmış ideyalardan kənarda qalmamaları məqsədilə siyasi fəaliyyətə qoşulmuş, 1905-ci ildə “Hümmət” adlı sosial-demokrat təşkilatın rəhbərliyinə daxil olmuş, 1917-ci ildə isə bu təşkilatın sədri seçilmişdir. Siyasi fəaliyyətə maarifçi və sosial-demokrat kimi gələn Nəriman Nərimanov iyirminci əsrin əvvəllərində sosializm ideyasının Azərbaycanın dövlət müstəqilliyini təmin edəcəyinə inanmış və Sovet Azərbaycanını Şərq üçün nümunəvi respublikaya çevirmək istəmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanın rəhbəri təyin edilən Nərimanov yaranmış imkanlardan ölkənin müstəqilliyi üçün maksimum faydalanmağa çalışmışdır. Buna görədir ki, onun dövlətçilik fəaliyyətində Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması xüsusi yer tuturdu.
Nərimanov Azərbaycan dilinə və dinə qayğı ilə yanaşmışdır. Onun fərmanı ilə Azərbaycan dili dövlət dili statusu almışdı. Bakıdakı Təzəpir məscidini bərpa etdirən Nərimanov on birinci ordu tərəfindən tutulmuş məscidləri boşaltdırmış, müqəddəs yerlərin və ziyarətgahların qorunması, Novruz, Qurban və Ramazan bayramlarının istirahət günü elan edilməsi barədə xüsusi sərəncam vermişdi. Azərbaycanın görkəmli din xadimlərinin, çar və müsavat ordusunun azərbaycanlı generallarının bolşeviklərin ölüm təhlükəsindən qurtarılmaları, yaradıcı insanların xüsusi qayğı ilə əhatə olunmaları Nərimanovun mənəviyyata və hərbi kadrların yetişməsinə göstərdiyi diqqətin ifadəsi idi. Nərimanov Azərbaycanın müstəqil xarici siyasət aparmasının tərəfdarı olmuşdur. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyini yaratmış, imzaladığı mandatla Xalq Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Rusiyada danışıqlar aparmaq üçün Azərbaycanın fövqəladə və səlahiyyətli müvəkkili təyin etmişdir. Nərimanov–Behbud ağa Şahtaxtinski birliyi taleyüklü məsələlərə münasibətdə, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunmasında çox mühüm fayda vermişdir.
Ali Məclisin Sədri demişdir: Azərbaycanın ərazi bütövlüyünün qorunması Nərimanovun qarşısında dayanan əsas məsələlərdən biri idi. O, Azərbaycanda hakimiyyətə gələrkən İrəvan və Dərbənd artıq itirilmişdi. Naxçıvan, Zaqatala, Zəngəzur, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Nəriman­ovun səyi nəticəsində Naxçıvan, Qarabağ və Zaqatala Azərbaycanın tərkibində saxlanmış, Bakı Azərbaycanın paytaxtı kimi tanınmışdı. Naxçıvan məsələsində Nəriman Nərimanovun tutduğu mövqe, xüsusilə onun adından Behbud ağa Şahtaxtinskinin Mos­kvada atdığı addımlar, Moskva danışıqları ərəfəsində Türkiyə nümayəndəliyi ilə aparılan müzakirələr Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi kimi saxlanmasını təmin etmişdir. Azərbaycanın dövlətlərarası münasibətlərində mühüm tarixi əhəmiyyəti olan Moskva və Qars müqavilələri məhz Nəriman Nərimanovun və Behbud ağa Şahtaxtinskinin ideya və əməl birliyinin mühüm tarixi hadisəsidir. Nərimanovun dövlətçilik baxışlarında özünü göstərən millilik və türkçülük, ağır maliyyə sarsıntıları keçirən Türkiyəyə maliyyə və maddi yardım göstərməsi o dövr üçün çox riskli məsələ idi. Bu siyasətin hakim partiya rəhbərləri ilə Nərimanov arasında ixtilaf yaratmasına baxmayaraq, o, öz mövqeyindən geri çəkilməmişdir.
Qeyd olunmuşdur ki, Nərimanovun milli siyasəti çoxlarını narahat edirdi. Hətta o vaxt erməni mətbuatı açıq-aşkar yazırdı ki, Nəriman Nərimanov kommunistliyini çox tez-tez unudur və özünün milli türk simasını çəkinmədən nümayiş etdirir. Göründüyü kimi, bolşevik həmkarları ilə Nəriman Nərimanov arasında dərin fikir ayrılığı yaranmışdı. Bolşeviklər Azərbaycanın Rusiyanın muxtar əyaləti olmasını istəyirdilər, Nərimanov isə əksinə, Azərbaycanın müstəqil sovet respublikası olmasına çalışırdı; bolşeviklər beynəlmiləlçilik ideyasına söykənərək Azərbaycanda əksər vəzifələrin qeyri-azərbaycanlılara verilməsini tələb edirdilər, Nərimanov isə vəzifələrdə Azərbaycanın öz milli kadrlarının olmasında israrlı idi; bolşeviklər xalqların dostluğunu əsas götürərək Naxçıvanın və Qarabağın ermənilərə verilməsini təkid edirdilərsə, Nərimanov bunun əleyhinə çıxır, Mərkəzi hakimiyyətə ən sərt formada öz etirazını bildirir, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında əlaqənin itirilməməsi üçün Mehridən yol açılmasını şərt kimi irəli sürürdü; bolşeviklər rus dilinin yeganə rəsmi dil olmasında, Nərimanov isə rus dili ilə yanaşı müttəfiq respublikaların milli dil və mədəniyyətlərinin də nəzərə alınmasında qərarlı idi. Bolşeviklər Nərimanovun Azərbaycanla bağlı siyasəti ilə razılaşmır, bu siyasəti “milli təmayülçülük”, yaxud “Nərimanovçuluq” adlandırır, buna görə Nərimanovun partiya sıralarından xaric olunmasını, hətta güllələnməsini tələb edirdilər. Nəriman Nərimanov milli təmayülçülüyün yaranma səbəblərindən danışaraq deyirdi ki, “Müqabil tərəfin millətçilik təmayülü olduqda, bu tərəfin də milli təmayülü olacaqdır”. Bu mənada özünün milli düşüncə sahibi olduğunu danmayan Nərimanov Stalinə məktubunda hiddətlə soruşurdu ki, nə üçün “Yerli mənafeyin müdafiəsi Mərkəz müvəkkillərinin dilində milli təmayül, lakin ucqar respublikaların zərərinə sovet Rusiyasını müdafiə həmin dildə beynəlmiləl akt adlandırılır?”
Nərimanov Azərbaycana elə bir dövrdə rəhbərlik etmişdir ki, qismətinə taleyüklü problemlərin həlli kimi ağır vəzifələr düşmüşdür. O, sovet rejiminin yaratdığı imkan daxilində bu vəzifənin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanın gələcəyini düşünmüş, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışmışdır. 6 yaşlı oğlu Nəcəfin də özü kimi tərbiyə olunmasını istəyən Nəriman­ov, ona yazdığı məktubda “Bəlkə də sən bu məktubu oxuyarkən bolşevizm olmayacaq. Əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm ki, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən”, – deyirdi.
Ali Məclisin Sədri demişdir: Görkəmli siyasi xadim Nəriman Nərimanovun Azərbaycan xalqına və mədəniyyətinə yenidən qaytarılması ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Ulu öndərimizin təşəbbüsü ilə 1972-ci ildə Nərimanova siyasi bəraət verilərək 100 illik yubileyi keçirilmiş, Bakıda möhtəşəm abidəsi ucaldılmış, ev- muzeyi yaradılmışdı. Bununla yanaşı, “Pravda” qəzetində ümummilli liderimizin Nəriman Nərimanov haqqında geniş məqaləsi dərc edilmişdi. 1977-ci ildə ulu öndər Heydər Əliyevin səyi ilə Ulyanovsk şəhərində Nərimanova abidə ucaldılmış, 1982-ci ildə isə Moskvada xatirə lövhəsinin açılışı olmuşdur. Naxçıvanda da görkəmli dövlət xadiminin xatirəsi əbədiləşdirilmiş, büstü qoyulmuş, Naxçıvan şəhərindəki küçələrdən birinə və Şərur rayonundakı bir nömrəli tam orta məktəbə onun adı verilmişdir.
“Nərimanov qısa, lakin mənalı ömür yaşadı. O, öz həyatını Azərbaycan naminə mübarizəyə həsr etmiş, Azərbaycanı müstəqil dövlət kimi görmək istəmişdir”, – deyən Ali Məclisin Sədri bu gün müstəqillik şəraitində yaşadığımız dövrdə xalqımızın azadlıq ideallarını yaşadanların hamısının xatirəsini yad etmiş, çıxışını ümummilli liderimizin 1972-ci il iyun ayının 6-da Bakıda Nəriman Nəriman­ovun əzəmətli abidəsinin açılışında söylədiyi fikirlərlə tamam­lamışdır: “Nəriman Nərimanov siyasi rəhbər və təşkilatçı kimi özünün bütün istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir. O, bu gün də bizimlədir”.
Sonra Nəriman Nərimanovun “Nadanlıq” pyesi əsasında hazırlanmış “Nadanlıq və ya qəfil telefon zəngi” tamaşasına baxış olmuşdur.
Quruluşçu rejissoru Tofiq Seyidov olan ikihissəli tamaşanın səhnə tərtibatçısı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı isə Çingiz Babayevdir. Xalq artistləri Həsən Ağasoy, Rövşən Hüseynov, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Behruz Haxverdiyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev, aktyorlardan Elnur Rzayev, Nazlı Hüseynquliyeva, Fidan Qasımova, Nurbəniz Niftəliyeva, Zəminə Baxşəliyeva, Rəhman Dünyamalıyev və digərləri əsərdəki hadisələrin açılmasında əsl peşəkarlıq nümayiş etdirmişlər. Tamaşa savadsız yaşlı nəsillə bilikli-novator gənclik arasında olan qarşıdurma zəminində dünyəvi təhsilin, müasir məktəbin əhəmiyyətini ön plana çəkir. Azərbaycan ədəbiyyatında nadanlığı ilk dəfə tənqid obyektinə çevirən bu əsərin insanları yeniliyə, işıqlı ideyalara səsləmək ideyası rejissor ustalığı və aktyorların məharəti ilə mükəmməl səhnə həllini tapmışdır.
Tamaşada görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun obrazı yaradılmış, onun Azərbaycanı müstəqil görmək arzuları əsərin əsas ideyası kimi tamaşaçıya çatdırılmışdır.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür.
Ali Məclisin Sədri uğurlu tamaşaya görə kollektivə təşəkkür edərək demişdir: Tamaşada hər bir aktyor sadəcə olaraq öz rolunu ifa etmədi, həm də obrazı yaşadı. Nəriman Nərimanovun “Nadanlıq” əsəri təkcə yazıldığı dövrlə deyil, həm də bu günlə səsləşir. Nəriman Nərimanov ictimai-siyasi xadim, böyük yazıçı, millətini və Azərbaycanı sevən insan olmuşdur. Ona görə də bu gün Nəriman Nərimanovun həyat və fəaliyyətinə bir daha nəzər salınması, tariximizi onun əsəri ilə göstərmək gələcəyimiz üçün də faydalıdır.
Ali Məclisin Sədri demişdir: Tarix o zaman tarix olur ki, o həm yazılır, həm də yaşadılır. Bu gün tamaşaya qoyulan əsər də yazıldığı dövrün tarixini yaşadaraq bu günə çatdırmışdır. Əsər bu gün olduğu kimi, gələcəkdə də öz aktuallığını qoruyub saxlayacaqdır. Ona görə ki, millətin inkişafını, irəli getməsini göstərən əsərlər tarixə qovuşmur. Onlar tarixi özündə yaşadır və gələcəyə yol açır. Bu gün Nəriman Nərimanovun əsərinə müraciət olunması da təsadüfi deyil. Çünki Azərbaycan Nəriman Nərimanovun arzuladığı müstəqil dövlətdir. Bu dövlətin qurucusu ulu öndər Heydər Əliyev daim Azərbaycanın inkişafı yolunda çalışmış, Sovetlər Birliyinin tərkibində belə ancaq Azərbaycanı, xalqının mənafeyini düşünmüşdür.
Ali Məclisin Sədri tamaşanın 18 oktyabr Müstəqillik Günü ərəfəsində göstərilməsinin əhəmiyyətini qeyd etmiş, bu münasibətlə teatrın kollektivini təbrik etmiş, onlara ya­radıcılıq uğurları arzulamışdır.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev Naxçıvan teatrının inkişafına göstərdiyi diqqətə görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonda Ali Məclisin Sədri kollektivlə xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR