“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq kəndlərin inkişafı, bu yaşayış məntəqələrində infrastrukturun və sosial xidmətlərin səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə müasir şərait yaradılır. Belə kəndlərdən biri də Culfa rayonundakı gözəl təbiətə malik ucqar dağ kəndlərindən olan Galdır. Uca zirvələrin əhatəsində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən bu kənddə geniş quruculuq işləri aparılmış, məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunmuşdur.
Gal kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək
Sentyabrın 30-da Gal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri Culfa rayonunun kəndlərini də əhatə edib. Hazırda rayonun Saltaq və Qızılca kəndlərində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Yeni məktəb binalarının tikilməsi rayonda təhsilin inkişafına səbəb olmuş, ali məktəblərə qəbulda yüksək nəticələr qazanılmışdır. 2014-2015-ci tədris ilində rayon məktəblərini bitirən məzunlardan 172-si ali məktəblərə, 33-ü isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bu gün Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi də təhsil quruculuğu sahəsində görülən tədbirlərin davamıdır. Şükür Babayev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, – fikrini diqqətə çatdıraraq demişdir: Ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Gələcəyin təminatçıları olan gənc nəsil isə məktəblərdə yetişir. Ona görə də hər bir təhsil ocağında, ailədə gənclərin hərtərəfli hazırlanması diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə ardıcıl tədbirlər görülməlidir.
Ali Məclisin Sədri demişdir: Ulu öndərimizin tövsiyələrinə uyğun olaraq bu gün ölkəmizdə təhsilin inkişafına qayğı göstərilir. Hər il yeni təhsil müəssisələri tikilərək gənclərin istifadəsinə verilir. Bütün bunlar sağlam gənc nəslin yetişdirilməsində vacib şərtdir. Çünki ölkə o zaman inkişaf edir ki, onun təhsilli, vətənpərvər və peşə sahibi olan gəncliyi olsun. Bu gün ölkəmizdə gənclərin hərtərəfli yetişdirilməsi, ailə, cəmiyyət və dövlət üçün yararlı vətəndaş olmaları üçün təhsilin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. İstər ümumtəhsil məktəblərində, istərsə də peşə, orta ixtisas və ali təhsil müəssisələrində müasir tədris şəraiti vardır.
Ali Məclisin Sədri demişdir: Təhsil sahəsində yaradılan şərait müəllim və şagirdlərin üzərinə mühüm vəzifələr qoyur. Şagirdlər yaxşı təhsil almalı, gələcəkdə xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar. Müəllimlər isə gənclərə yaxşı təhsil verməklə yanaşı, həm də onları vətənpərvər böyütməlidirlər. Məktəbdə dərs prosesi müasir tədrisin tələbləri səviyyəsində qurulmalı, müəllim-şagird münasibətlərində fərdi yanaşmaya üstünlük verilməli, hər bir gəncin marağına və bacarığına uyğun peşə seçiminə köməklik göstərilməlidir. Gal kənd tam orta məktəbində bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Qarşıda duran əsas vəzifə bu şəraitdən düzgün istifadə etməkdən ibarətdir. Çünki bu gün muxtar respublikanın istər şəhər və rayon mərkəzlərində, istərsə də Gal kəndi kimi ucqar yaşayış məntəqələrində tikilən məktəblər bir-birindən fərqlənmir. Bütün məktəb binalarında eyni tədris şəraiti yaradılır, müasir avadanlıqlar quraşdırılır.
Ali Məclisin Sədri kollektivin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə əminliyini bildirmiş, məktəb binasının açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, 3 mərtəbəli və 96 şagird yerlik məktəb binasında tədris, idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait vardır. Binada 3-ü elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır. Kitabxana fondunda 1266 ədəd dərslik və bədii ədəbiyyat vardır.
Kompüter sinfində şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün lazımi imkanlar yaradılmış, kompüterlər internetə qoşulmuş və elektron dərsliklərlə təmin edilmişdir.
Elektron lövhəli sinifdə Gal kənd tam orta məktəbi də daxil olmaqla muxtar respublikanın 203 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında distant dərs keçirilmişdir.
Məktəbdə tədris zamanı nəzəri biliklərlə yanaşı, təcrübi məşğələlərə də üstünlük verilir. Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə təchiz edilmişdir. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə vasitəsilə keçilən mövzulara dair elektron dərsliklərdən və internet resurslarından istifadə etmək mümkündür.
Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır. İdman zalında mini-futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün şərait vardır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün bütün imkanlar yaradılır, hərbi kabinələr istifadəyə verilir. Gal kənd tam orta məktəbinin hərbi kabinəsində də plakatlar, stendlər və digər əyani vəsaitlər qoyulmuşdur.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: İnsan o zaman cəmiyyət üçün yararlı olur ki, o, başqalarına fayda versin. Gənclərin hərtərəfli yetişdirilməsi, ölkəmiz üçün yararlı vətəndaşlar kimi böyüdülməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Gal kənd tam orta məktəbində yaradılan şərait müasir tədrisin tələbləri səviyyəsindədir. Bu şəraitdən səmərəli istifadə olunmalı, şagirdlər yaxşı təhsil almalı, gələcəkdə peşə sahibi olmalıdırlar.
Gənc müəllim Vüsal Abbasov yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər, istifadəyə verilən yeni məktəblər şagirdlərlə yanaşı, biz gənc müəllimləri də sevindirir. Mən bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında iştirak edərək Gal kənd tam orta məktəbinə təyinat almışam. Hazırda məktəbdə coğrafiya fənnini tədris edirəm. Məktəb binasının müasir maddi-texniki bazası dərslərin mütərəqqi metodlar əsasında keçirilməsinə imkan verir. Müasir məktəbdə işlə təmin olunmaq, çalışmaq gənc müəllim kimi həm mənim, həm də pedaqoji kollektivin məsuliyyətini daha da artırır. Vüsal Abbasov göstərilən qayğı və etimadın müqabilində daha səylə çalışacaqlarına, vətənpərvər və bilikli gənclər yetişdirəcəklərinə söz vermişdir.
Məktəbin həyətində də geniş abadlıq işləri görülmüşdür.
Galda kənd mərkəzi istifadəyə verilmişdir
Muxtar respublikanın müasir kənd modelinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olan kənd mərkəzləri vasitəsilə yaşayış məntəqələrində vahid idarəetmə sistemi formalaşdırılır.
Sentyabrın 30-da Galda yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsmiş və binada yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları ayrılmış, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və iclas zalı istifadəyə verilmişdir.
Mərkəzin kitabxanası zəngin fondu ilə diqqəti cəlb edir. Burada 6 mindən çox kitab vardır. Kitabxanada bədii ədəbiyyatla yanaşı, kənd həyatını əks etdirən, təsərrüfat sahələrinin inkişafı ilə bağlı onlarla elmi-publisistik materiallar da əldə etmək mümkündür.
Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olunmuşdur ki, kəndin geniş əkinəyararlı torpaqları və otlaq sahələri vardır. Torpaqlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır, fərdi təsərrüfatlar genişləndirilir. Bütün bunlar baytarlıq xidmətinin günün tələbləri səviyyəsində təşkilini zəruri edir. Ona görə də mərkəzdə xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmış, baytarlıq məntəqəsi lazımi dərman vasitələri ilə təmin edilmişdir.
Yeni Azərbaycan Partiyası Gal kənd ərazi ilk təşkilatının sədri Təhminə Şəkərəlisoy minnətdarlıq edərək demişdir ki, ərazi ilk təşkilatının üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Kənd ictimaiyyətinin nümayəndələri, gənclər ulu öndər Heydər Əliyevin siyasi xəttinə daim sədaqət göstərir, partiya üzvlərinin sayı ilbəil artır. Kənd mərkəzində yeni iclas zalının və ərazi ilk təşkilatı üçün iş otağının istifadəyə verilməsi daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəkdir. Bundan sonra da səylə çalışacaq, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəyik.
Rabitə evində 384 yerlik yeni ATS quraşdırılmış, poçt bölməsi fəaliyyətə başlamışdır.
Əhalinin sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edir. Hər il yaşayış məntəqələrində müasir tibb ocaqları tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Gal kəndində müasir avadanlıqlarla təchiz edilən feldşer-mama məntəqəsinin istifadəyə verilməsi də bunu bir daha təsdiq edir. Məntəqə müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.
Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanmış, müvafiq tapşırıqlar vermişdir.
Binanın həyəti də abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.
Kənddə yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır
Ucqar dağ kəndlərində yaşayan sakinlərin zəruri məişət tələbatlarının yerində ödənilməsi vacib məsələdir. Muxtar respublikanın yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzləri bu mənada mühüm əhəmiyyət kəsb edir.
Həmin gün Galda yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.
Məlumat verilmişdir ki, əvvəllər kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarına olan tələbatlarını ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə üz tuturdular. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu. Lakin yeni xidmət mərkəzinin istifadəyə verilməsi ilə bu problem öz həllini tapmışdır. Mərkəzdə ərzaq-sənaye malları mağazası və bərbərxana fəaliyyətə başlamış, 2 nəfər işlə təmin olunmuşdur.
Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Kənd ağsaqqalı Qadir Həsənov sakinlər adından minnətdarlıq edərək demişdir: Gal kəndində heç vaxt müasir məktəb binası, kənd və xidmət mərkəzləri olmamışdı. Lakin bu il aparılan quruculuq işləri kəndin simasını dəyişmiş, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılmış, yeni iş yerləri açılmışdır. Yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi sakinlərin böyük sevincinə səbəb olmuşdur. Artıq dağların əhatəsində yerləşən bu kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq xeyli asanlaşmışdır. İnsanlar dövlətin yaratdığı imkanlardan istifadə edərək təsərrüfatlarını genişləndirir, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu şərait, göstərilən qayğı ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Ölkəmizdəki sabitliyin, dinamik inkişafın daha bir ifadəsidir. Sakinlər bütün bunların qədrini bilərək bundan sonra da səylə çalışacaq, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklər.
Ali Məclisin Sədri demişdir ki, Gal muxtar respublikanın səfalı təbiəti və geniş təsərrüfat imkanlarına malik olan kəndlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycanda torpaq islahatına ilk dəfə Gal və Şurud kəndlərində başlanılmış, təsərrüfatlar özəlləşdirilmişdir. Gal kəndinin ərazisi heyvandarlığın, o cümlədən arıçılığın inkişaf etdirilməsi üçün çox əlverişlidir. Kənddəki bütün mənzillər daimi elektrik enerjisi, qaz və içməli su ilə təmin olunur. Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşamasına xidmət edir. Bunun müqabilində isə sakinlər yaradılanları qorumalı, onlardan səmərəli istifadə etməli, təsərrüfatları genişləndirməli, kənddə bol məhsul istehsal olunmalıdır.
* * *
Gal kəndinin yolları da abadlaşdırılmış, 14 kilometr məsafəyə çınqıl örtük verilmiş, 1 selötürücü və 56 su keçidi tikilmiş, kənd daxilində 300 metrlik beton kanal çəkilmişdir. Kəndin elektrik, rabitə, su və təbii qaz təchizatı da yaxşılaşdırılmış, 2100 metr elektrik, 1310 metr rabitə, 650 metr fiber-optik kabel xətti çəkilmiş, yeni tikililər qazlaşdırılmışdır. Kənddəki mövcud artezian quyusunda və “Anabat” kəhrizində də təmir-bərpa işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti