Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.
Səfir İmre Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib.
İmre Laslotski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Fövqəladə və səlahiyyətli səfir İmre Laslotski Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı İlham Əliyev Baş nazir Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.
AZƏRTAC