09 Yanvar 2025, Cümə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin quruculuq xətti Azərbaycanı davamlı inkişaf yoluna çıxarmışdır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri və açılan yeni iş yerləri bu gün ölkəmizin əsas inkişaf göstəriciləridir. Həyata keçirilən tədbirlər yaşayış məntəqələrinin davamlı inkişafını təmin etmiş, əhalinin rifahı yüksəlmişdir.
Son illər Şərur rayonunun quruculuq tədbirləri aparılan kəndləri də öz simasını dəyişərək müasir yaşayış məntəqələrinə çevrilmişlər.
Oktyabrın 6-da Şərur rayonunun Kürçülü kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kürçülü kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək

Oktyabrın 6-da Kürçülü kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Zülfiyyə Məmmədova çıxış edərək demişdir ki, kənddə istifadəyə verilən sosial obyektlər sırasında yeni məktəb binasının da olması müəllimlərin sevincinə səbəb olmuşdur. Bu gün hər bir müəllim muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı ilə fəxr edir, qürur hissi keçirir. Məktəbdə yaradılan müasir tədris şəraiti kollektivin məsuliyyətini daha da artırır. Zülfiyyə Məmmədova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kürçülü kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Azərbaycanda gənclərin təhsilinə və sağlam böyüməsinə ciddi diqqət yetirilir. Dövlət tərəfindən təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, dövlət proqramları qəbul edilərək icra olunur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər il ölkə­mizdə müasir məktəb binaları tikilərək istifadəyə verilir, təhsil sahəsində yeni nailiyyətlər qazanılır. Artıq ümumtəhsil məktəblərini bitirən gənclər Azərbaycanın və dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. Bu tədbirlərlə yanaşı, ölkəmizdə peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır, peşə məktəbləri tikilir, gənclərin peşə sahibi olması istiqamətində ardıcıl tədbirlər görülür.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”, – fikrini xatırladaraq demişdir: Bu gün yetişən gənclik ölkəmizin gələcəyidir. Ona görə də məktəblərdə dərs prosesi, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Şagirdlər müəllimə şəxsiyyət kimi, müəllimlər isə şagirdə gələcəyin qurucusu kimi baxmalıdır. Kürçülü kənd tam orta məktəbində bu proseslərin tənzimlənməsi üçün lazımi şərait yaradılmış, müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Müəllimlər bu avadanlıqlardan səmərəli istifadə etməli, tədrisin keyfiyyəti artırılmalı, şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəməlidirlər.

Ali Məclisin Sədri demişdir: Bu gün ölkə­mizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Kürçülü kənd tam orta məktəbi üçün müasir binanın tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər.
Ali Məclisin Sədri bu vəzifələrin icrasında kollektivə uğurlar arzulamış və təhsil sahəsində qazanılan nailiyyətlərə görə təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 38 şagirdə kompüter dəsti hədiyyə etmiş və açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli bina 234 şagird yerlikdir. Məktəbdə 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 4 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Laboratoriyalarda ən müasir təcrübə avadanlıqları və əyani vasitələr qoyulmuşdur. Məktəbin kitabxanasında 1815 dərslik və 2008 bədii ədəbiyyat vardır.
Muxtar respublikada elektron təhsilin tətbiqi sahəsində ardıcıl tədbirlər görülür. İstifadəyə verilən məktəb binalarında elektron lövhələr quraşdırılır, kompüter sinifləri yaradılır, internetə çıxış təmin olunur. Kürçülü kənd tam orta məktəbində də 4 elektron lövhə quraşdırılmış, kompüter otağında internetə qoşulan 19 kompüter dəsti qoyulmuşdur.
Elektron lövhəli sinifdə muxtar respublikanın 221 məktəbi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında distant dərs keçirilmişdir.
Ali Məclisin Sədri sinif otaqlarında olmuş, dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il Kürçülü kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunmuşdur.
Son illər muxtar respublikada şahmatın tədrisinə xüsusi diqqət yetirilir, gənclərdə erkən yaşdan əqli idman növünə maraq formalaşdırılır. Məktəblərdə istifadəyə verilən şahmat otaqları bu sahədə işlərin daha səmərəli təşkilinə imkan verir. Zəruri avadanlıqlarla təchiz edilən şahmat otağında şagirdlər şahmatın sirlərinə yiyələnəcəklər. Geniş idman zalında isə gənclərin digər idman növləri ilə məşğul olması üçün şərait vardır.
Şagirdlərin hərbi hazırlığının artırılması vacib şərtdir. Kürçülü kənd tam orta məktəbində bununla bağlı lazımi tədbirlər görülmüş, hərbi kabinə əyani tədris vasitələri ilə təchiz edilmişdir.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: Məktəb gənclərə təhsil verməklə yanaşı, həm də onlara müstəqil qərar qəbul etməyi öyrədir. Ümumtəhsil məktəblərini bitirən gənclər gələcəkdə mütləq bir peşə sahibi olmalıdırlar. Bu da müəllimlərin üzərinə düşən əsas vəzifədir. Müəllimlər şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsil verməklə yanaşı, həm də onları gələcəyə hazırlamalıdırlar. Ölkəmizdə bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Təhsilin inkişafına hərtərəfli qayğı göstərilir, müəllimlərin əməkhaqları artırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 2 oktyabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasından olan 4 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 4 müəllim isə “Tərəqqi” medalına layiq görülmüşdür. Bütün bunlar müəllimlərin məsuliyyətini daha da artırmalı, təhsilin səviyyəsi yüksəldilməlidir.
Müəllimlər adından minnətdarlıq edən Rəşadə Seyidova demişdir ki, Şərur rayonunda müasir təhsil infrastrukturu yaradılır. Müasir məktəb binalarının tikilib istifadəyə verilməsi və yeni elektron tədris vasitələrinin tətbiqi təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olub. Bütün bunlar müəllimləri daha səylə işləməyə, intellektli, vətənpərvər və təhsilli gənclər yetişdirməyə ruhlandırır.

Kürçülü Kənd Mərkəzi istifadəyə verilmişdir 

Oktyabrın 6-da Kürçülü kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsmiş və binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan binada kənddə fəaliyyət göstərən dövlət qurumlarının hər biri üçün ayrıca iş otaqları ayrılmışdır. Mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və 51 yerlik iclas zalı vardır.
Birinci mərtəbədəki rabitə evində kənddə 384 nömrəlik ATS quraşdırılmış, yeni poçt bölməsi yaradılmışdır. Binada Kürkənd və Kürçülü kəndlərini əhatə edən polis sahə və baytarlıq məntəqələri üçün yaradılan şərait müvafiq sahələr üzrə xidmətin təşkilinə imkan verəcəkdir.
Zəngin fondu ilə seçilən kitabxanada 4802 kitab vardır. Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də nümunəvi iş şəraiti yaradılmışdır. Baxış zamanı məlumat verilmişdir ki, Yeni Azərbaycan Partiyası Kürçülü kənd ərazi ilk təşkilatının 108 üzvü vardır. Onlardan 42-si gənc, 16-sı isə qadınlardır.
Kənd yaşayış məntəqələrində yeni tibb müəssisələrinin tikintisi, onların müasir avadanlıqlarla təchiz olunması və kadr təminatı muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının mühüm istiqamətlərindəndir. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün lazımi dərman preparatları, müayinə və peyvənd çantaları qoyulmuş, 3 iş otağı istifadəyə verilmişdir.
Ali Məclisin Sədri kənddə tibbi xid­mətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 Kürçülüdə yeni xidmət mərkəzi inşa olunmuşdur

Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənddəki xidmət mərkəzinin də açılışını etmişdir.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunmuşdur.
Baxış zamanı qeyd olunmuşdur ki, xidmət mərkəzinin üstün cəhətlərindən biri də kənddə istehsal olunan məhsulların burada satışa çıxarılmasıdır. Bu da əhalinin keyfiyyətli məhsullarla təminatına imkan verir.
Həmin gün Ali Məclisin Sədri kənd sakinləri ilə də görüşmüşdür.
Sakin Yusif Cəfərov minnətdarlıq edərək demişdir: Hər bir yaşayış məntəqəsinin, xüsusilə kəndlərin inkişafı davamlı olarkən insanlar da rahat və firavan yaşayır. Bu gün muxtar respublikanın kəndlərinə, şəhərlərinə nəzər salarkən inkişafın, müasirliyin və rahat yaşayışın şahidi oluruq. Artıq kəndlərdə şəhər rahatlığı yaradılıb. Kürçülüdə aparılan quruculuq işləri, istifadəyə verilən yeni obyektlər sakinləri sevindirir. Dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Hər bir insan üçün bundan böyük sərvət yoxdur. Ulu öndərimizin siyasi xəttinin davam etdirilməsi ölkəmizi, onunla birlikdə isə doğma Naxçıvanımızı daha böyük inkişafa qovuşdurmuşdur. Ona görə də hər bir sakin qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ulu öndər Heydər Əliyevin yoluna, ölkəmizin davamlı inkişaf və tərəqqisinə səs verəcəkdir.
Ali Məclisin Sədri demişdir ki, Kürçülü kəndində həyata keçirilən tədbirlər, aparılan genişmiqyaslı quruculuq işləri dövlətin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Kənddə insanların rahat yaşaması, öz təsərrüfatları ilə məşğul olması üçün bütün imkanlar yaradılmışdır. Bütün bu tədbirlərin həyata keçirilməsi ümumilikdə ölkəmizin inkişafına və daha da möhkəmlənməsinə xidmət edir. Sakinlər tikilənləri, qurulanları, kəndin bugünkü abadlığını qoruyub saxlamalı, məskunlaşma artmalıdır.

* * *

Kürçülü kəndində 2 kilometr uzunluğunda avtomobil yoluna asfalt örtük salınmış, yolun müxtəlif hissələrinə çınqıl qatı verilmiş, 8 su keçidi və beton kanal tikilmişdir. Kəndin rabitə sistemi yenilənmiş, 2 min metr məsafədə fiber-optik kabel xətti çəkilmişdir. Elektrik enerjisinin və təbii qazın dayanıqlı verilişi də təmin edilmiş, 2200 metr elektrik və 1130 metr qaz xətti çəkilmişdir. Həmçinin ərazilərin qrunt sularından təmizlənməsi məqsədilə qapalı drenaj sistemi də qurulmuşdur.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR