Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Səmimi görüşə görə minnətdarlıq edən Möhsün Pakayin ölkələrimiz arasındakı münasibətlərdən bəhs etmişdir. Səfir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və bu zaman imzalanan sənədlərin əlaqələrin inkişafına töhfə verdiyini vurğulamışdır.
Ali Məclisin Sədri Azərbaycan-İran ikitərəfli əlaqələrinin uğurlu inkişafından danışmış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı münasibətlərin mehriban qonşuluq prinsiplərinə əsaslandığını bildirmişdir. İranın yaxın vilayətlərinə səfərlərini xatırladan Ali Məclisin Sədri münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə etmişdir.
Söhbət zamanı əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunmuş, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti