Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir bölgədə quruculuq, inkişaf daha da sürətlə getməlidir”.
Naxçıvan Muxtar Respublikasında quruculuq işlərinin həcmi ilbəil artır. Şəhər və kəndlərdə yeni sosial obyektlər inşa olunur, xidmət sahələri yaradılır. Kənd yollarının yenidən qurulması, yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi əhalinin rahat yaşayışına səbəb olmuşdur.
Sentyabrın 22-də Babək rayonunun Xal-xal kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Xal-xal kənd yolu müasir tələblərə cavab verir
Hər bir yaşayış məntəqəsinin abadlığını təsdiq edən əsas amillərdən biri də onun yollarının müasir və rahat olmasıdır. Bu gün muxtar respublikada şəhər, qəsəbə və kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu işlər Babək rayonunda da uğurla həyata keçirilir.
Sentyabrın 22-də Xal-xal kənd avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik etmiş, yolda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, tikinti işləri zamanı kənddaxili 3 kilometr yola asfalt örtük salınmışdır. Avtomobillərin, eləcə də piyadaların rahat hərəkəti üçün müvafiq yol-hərəkət nişanları quraşdırılmış, hərəkətin təhlükəsizliyi təmin olunmuşdur. Yolda 50 su keçidi tikilmiş, 1100 metr beton kanal çəkilmişdir.
Xal-xal kənd tam orta məktəbi üçün yeni bina
inşa olunmuşdur
Sentyabrın 22-də Xal-xal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru İlqar Quliyev çıxış edərək demişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində yeni məktəb binaları tikilir, maddi-texniki baza möhkəmləndirilir. Bu gün Xal-xal kənd tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşuldu. Məktəbdə yaradılan şərait gənclərin yaxşı təhsil almasına, onların hərtərəfli inkişafına imkan verəcəkdir. Müasir tədris şəraiti müəllimlərin üzərinə düşən məsuliyyəti daha da artırır. Kollektiv adından minnətdarlıq edən İlqar Quliyev yaradılan şəraitdən istifadə edərək təhsilin səviyyəsini yüksəldəcəklərinə söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir”, – fikrini xatırladaraq demişdir: Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin tövsiyələrinə uyğun olaraq təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Hər il onlarla yeni məktəb binaları, universitet şəhərcikləri tikilərək ölkəmizin gələcəyi olan gənclərin istifadəsinə verilir.
Ali Məclisin Sədri demişdir: Muxtar respublikada məktəblər müasir tədrisin tələblərinə uyğun qurulur. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər çalışmalıdırlar ki, məktəblərdə təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbi bitirən hər bir gənc istər peşə məktəblərində, istərsə də orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirməli, mütləq bir peşə sahibi olmalı, vətənpərvər böyüməlidirlər. Gələcəkdə harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, hər bir gənc, ilk növbədə, dövlətinə və xalqına xidmət etməli, ölkəmizin gələcəyi üçün məsuliyyət daşımalıdır. Bütün bunları isə gənclərə müəllimlər aşılamalı, onlar yalnız təhsilli deyil, həm də vətənpərvər gənclər yetişdirməlidirlər.
Qeyd olunmuşdur ki, Xal-xal kənd tam orta məktəbi uzun müddət uyğunlaşdırılmış və şəraiti olmayan binada fəaliyyət göstərmişdir. Lakin buna baxmayaraq, məktəbin nailiyyətləri olmuşdur. Ötən tədris ilinin nəticələrinə əsasən, məktəbin fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri kollektivin bundan sonra da yaradılan şəraitdən düzgün istifadə edəcəyinə əminliyini bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, üçmərtəbəli məktəb binası 192 yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı istifadəyə verilmiş, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.
Təhsil ocağında şagirdlərin asudə vaxtının səmərəli təşkilinə və biliklərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Məktəbin kitabxana fondunda 1300 latın qrafikalı dərslik və 1550 bədii ədəbiyyat olmaqla 2850 kitab vardır. Şagirdlər dərs saatlarında əldə etdikləri bilikləri burada daha da möhkəmləndirəcək, dünyagörüşlərini artıracaqlar.
Ali Məclisin Sədri tədris prosesində kitabxana işinin düzgün təşkil olunmasının əhəmiyyətini qeyd etmiş, şagirdlərin kitabxanaya cəlb edilməsini tapşırmışdır.
İnformasiya texnologiyalarının tətbiqi təhsildə ən səmərəli vasitədir. Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir tədris sistemi qurulur. Həyata keçirilən tədbirlərin davamı olaraq Xal-xal kənd tam orta məktəbinin kompüter sinfində 17 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Burada informatika fənni nəzəri və praktik əsaslarla öyrədiləcəkdir. Həmçinin şagirdlər müxtəlif fənlərə aid internet resurslarından istifadə edə biləcəklər. İstifadəyə verilən elektron lövhəli siniflər isə elektron dərsliklərdən istifadə ilə yanaşı, distant dərslərin keçirilməsinə də imkan verəcəkdir.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın 212 təhsil müəssisəsi arasında keçirilən distant dərsi izləmişdir.
Məktəbin laboratoriyaları kimya, biologiya və fizika fənləri üzrə keçirilən dərslərin mövzusuna uyğun müasir təcrübə avadanlıqları ilə təchiz olunmuşdur.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, 2015-2016-cı tədris ilində Xal-xal kənd tam orta məktəbində birinci sinfə 13 şagird qəbul olunmuşdur. Uşaqların əvvəlcədən məktəbə hazırlıq məşğələlərinə cəlb olunması onların dərslərdə daha fəal iştirakını təmin etmişdir.
Gənc nəslin intellektual inkişafı ilə yanaşı, sağlam və vətənpərvər ruhda böyüdülməsi də məktəb kollektivinin üzərinə düşən əsas vəzifələrdəndir. Binada geniş idman zalının, hər cür əyani vəsaitlərlə təmin olunan hərbi kabinənin istifadəyə verilməsi kollektivin bu sahədə işini xeyli asanlaşdırmışdır.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı demişdir ki, ölkənin gələcəyi onun gənclərinin hansı səviyyədə yetişməsindən asılıdır. Təhsilli, vətənpərvər gəncləri olan ölkənin gələcəyi də parlaqdır. Ailələrdə uşaqlar məktəbə, məktəblərdə isə ölkənin gələcəyinə hazırlanırlar. Xal-xal kənd tam orta məktəbində də yaxşı təhsil ənənəsi vardır. Kollektiv yaradılan şəraitdən istifadə edərək gələcəkdə nailiyyətləri daha da artırmalı, məktəbdə təhsilli, vətənpərvər gənclər yetişdirilməlidir.
Müəllimlər adından minnətdarlıq edən Məhluqə Kərimova demişdir ki, kollektiv uzun illərdir köhnə, yararsız məktəb binasında dərs keçirdi. Bu gün müasir tələblərə uyğun məktəb binasının istifadəyə verilməsi hər bir müəllimi ürəkdən sevindirir, bunu təhsilə göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirirlər. Bu gün ölkəmizdə müəllimlərin əməkhaqqı artırılır, onların sosial şəraiti ilbəil yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı da bunun bariz nümunəsidir.
Məktəbin həyəti də abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.
Kənd mərkəzində müasir şərait yaradılmışdır
Xal-xal kəndində yeni kənd mərkəzinin istifadəyə verilməsi və dövlət qurumlarının bir binada yerləşdirilməsi sakinlərin rahatlığını təmin etmişdir.
Sentyabrın 22-də Xal-xal Kənd Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vasif İsmayılov demişdir ki, Xal-xal kəndi abad yaşayış məntəqəsinə çevrilmişdir. Bu gün kənddə insanların rahat yaşayışına xidmət edən ən müasir infrastruktur yaradılmışdır. Kənd tamamilə qazlaşdırılmış, bütün mənzillər fasiləsiz elektrik enerjisi ilə təmin olunmuş, təsərrüfatların inkişafı və genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bunlar insanların torpağa bağlılığını daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Xal-xal kəndinin həyatında əlamətdar gündür. Kənddə yeni sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Hər bir kəndin abadlaşması orada insanların rahat yaşamasına xidmət edir. Xal-xal kəndində çəkilən yeni yol, tikilən məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi, poçt bölməsi, baytarlıq məntəqəsi və digər xidmət sahələri əhaliyə daha yaxşı xidmət göstərilməsinə, eləcə də onların rahat yaşayışına imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Bu gün Xal-xal kəndində görülən kompleks quruculuq işləri müasir Azərbaycan kəndinin nümunəsidir. Yaradılan şəraitdən düzgün istifadə isə kənd sakinlərinin və burada fəaliyyət göstərən dövlət qurumlarının üzərinə düşən əsas vəzifələrdir. Ona görə də sakinlər qurulanları qorumalı, yaşıllıqları artırmalı, təmizliyə diqqət yetirməli, yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməlidirlər. Dövlət orqanlarında çalışanlar kəndin abadlaşmasında və inkişafında yaxından iştirak etməli, bu qurumların nizamlı və qanunauyğun fəaliyyətinə diqqət artırılmalıdır. Rayon İcra Hakimiyyəti də kəndlərdə inkişafın təmin olunması üçün lazımi tədbirlər görməli, məskunlaşma artmalıdır.
Ali Məclisin Sədri kənd sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmiş, onları kənddə aparılan kompleks quruculuq işləri münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri kənd mərkəzinin açılışını etmişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və baytarlıq məntəqəsi üçün otaqlar, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və feldşer-mama məntəqələri, kitabxana və iclas zalı yerləşir. Binada dövlət orqanları üçün müasir iş şəraiti yaradılmış, otaqların hər biri zəruri mebel dəstləri ilə təchiz edilmişdir. Kənd mərkəzinin kitabxanasında 10 mindən artıq kitab vardır.
Kənd mərkəzindəki baytarlıq məntəqəsində nümunəvi şərait yaradılmış, lazımi dərman vasitələri və soyuducu qoyulmuşdur.
Baxış zamanı tapşırılmışdır ki, baytarlıq məntəqəsinin əməkdaşları kənddə heyvandarlığın inkişafını, əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təminatını diqqət mərkəzində saxlamalı, yerlərdə maarifləndirici tədbirlər və yoxlamalar aparmalı, mal-qara arasında baş verə biləcək yoluxucu xəstəliklərin qarşısı vaxtında alınmalıdır.
Rabitə evindəki poçt bölməsində lazımi şərait yaradılmışdır. Burada gündəlik mətbuatın, danışıq və internet kartlarının satışı və digər poçt xidmətləri həyata keçirilir.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır. Məntəqə müayinə və ilkin tibbi yardım üçün lazım olan bütün avadanlıqlarla təchiz olunmuş, lazımi dərman preparatları qoyulmuşdur.
Ali Məclisin Sədri insanların sağlamlığının diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirmiş, hamilə qadınların və uşaqların qeydiyyata alınması, onlara vaxtlı-vaxtında tibbi xidmət göstərilməsi barədə tapşırıqlar vermişdir.
Kənddə yeni xidmət mərkəzi tikilmişdir
Həmin gün Xal-xal kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra xidmət mərkəzinə baxmışdır.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Xidmət mərkəzinin fəaliyyətə başlaması sakinlərə göstərilən xidmətlərin səviyyəsini yüksəltmişdir. Burada kənddə yetişdirilən məhsullarla yanaşı, keyfiyyətli ərzaq və sənaye malları da satışa çıxarılır. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
Ali Məclisin Sədri demişdir ki, Xal-xal kəndi müasir yaşayış məntəqəsinə çevrilmişdir. Zəhmətkeş insanları və bərəkətli torpaqları olan bu kənddə aparılan kompleks quruculuq tədbirləri insanların rahat yaşayışına imkan verəcəkdir. Sakinlər yaradılan şəraitdən istifadə etməli, kəndin abadlığı, təmizliyi qorunub saxlanılmalıdır. Ali Məclisin Sədri qarşıdan gələn Qurban bayramı münasibətilə sakinləri təbrik etmiş, onlara firavan həyat arzulamışdır.
Kənd ağsaqqalı Hamlet Bağırov sakinlər adından minnətdarlıq edərək demişdir: Xal-xal kəndində aparılan quruculuq işləri bütün sahələri əhatə etmiş, yollar abadlaşdırılmış, kənd və xidmət mərkəzləri, məktəb binası kəndə qəsəbə görkəmi vermişdir. Bu gün kənddə əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların inkişafı, insanların rahat və firavan yaşaması üçün hər cür şərait vardır. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Bu gün ölkəmiz davamlı inkişaf mərhələsindədir. Sabitlik və firavanlıq şəraitində yaşayırıq. Sakinlər göstərilən qayğının müqabilində daha səylə çalışacaq, ulu öndərimizin siyasi xəttinə daim sədaqət göstərəcək, ölkəmizin inkişafında, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.
* * *
Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 1100 metr yeraltı rabitə, 800 metr fiber-optik, 3 kilometrdən artıq elektrik xətti çəkilmişdir. Həmçinin yeni tikililərə 680 metr uzunluğunda qaz xətti çəkilmiş, 200 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti