Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Feridun Sinirlioğlunu Türkiyə Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb. Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlətimizin başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib.
Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirib.
AZƏRTAC