Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, onu muxtar respublikada görməkdən məmnunluğunu bildirmişdir.
Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə göstərilən səmimi münasibətə görə minnətdarlıq etmişdir. Naxçıvanın inkişaf etdiyini və müasirləşdiyini bildirən ostandar İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırmış, əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Ali Məclisin Sədri İranın Şərqi Azərbaycan Vilayətinə səfərini xatırlatmış, ötən dövrdə əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyini bildirmişdir. Əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və birgə səylərin vacibliyini vurğulayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında əlaqələrin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə etmişdir.
Söhbət zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əli Əlizadə və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti