2012-2015-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, muxtar respublikada unudulmaqda olan məhsuldar meyvə sortları bərpa olunur, yeni meyvə bağları salınır. Keçirilən iməciliklərdə də meyvə bağlarının salınması, relyefə və iqlim şəraitinə uyğun meyvə sortlarının yetişdirilməsi diqqət mərkəzində saxlanılır.
Aprelin 13-də Naxçıvan şəhərində keçirilən növbəti iməciliklərdə də yeni meyvə bağları salınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Sədərək avtomobil yolunun kənarında – Şorsu ərazisində keçirilən iməcilikdə iştirak etmişlər.
İməcilik keçirilən 3 hektarlıq ərazidə yeni bağ salınmış, 3500 ədəd müxtəlif meyvə tingi əkilərək suvarılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.
Ali Məclisin Sədri iməciliklərin davam etdirilməsi və salınan meyvə bağlarına aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti