05 Yanvar 2025, Bazar

Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəkərabad kənd tam orta məktəbinə gəlmiş, təhsil ocağının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, yenidənqurma işləri aparılarkən binanın döşəməsi, qapıları və pəncərələri dəyişdirilmiş, yeni istilik sistemləri çəkilmiş, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hərtərəfli şərait yaradılmışdır. İki mərtəbədən ibarət olan təhsil ocağı 306 şagird yerlikdir. Şagirdlərin təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Məktəbdə ikisi elektron lövhəli olmaqla, 17 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompyuter otağı, hərbi kabinə və idman zalı vardır. Məktəb lazımi tədris avadanlıqları ilə təmin olunmuş, kitabxanada 1753 dərslik və 1996 bədii ədəbiyyat şagirdlərin istifadəsinə verilmişdir.

Kompyuter otağında internetə çıxışı olan 18 kompyuter quraşdırılmışdır. Burada şagirdlərə informatika dərsləri ilə yanaşı, “şahmat” fənni də tədris olunacaqdır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, yenidən qurulan Şəkərabad kənd tam orta məktəbi müasir təhsil ocağına çevrilmişdir. Məktəbdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron dərsliklərlə təminat tədrisin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin dəqiq elmlərə marağının artmasına səbəb olacaqdır. Pedaqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə intellektli, vətənpərvər gənclər yetişdirilməlidir.
Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətbəxş olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il ali məktəbə qəbul imtahanlarında Şəkərabad kənd tam orta məktəbinin məzunları uğurlu nəticələr əldə etmiş, məzunlardan 9-u ali məktəbə qəbul olunmuş, onlardan 1-i 500-700 intervalında bal toplamışdır. Məktəbin pedaqoji kollektivinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1 müəllim “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Məktəbin müəllimi Sevda Səfərova Şəkərabad kənd tam orta məktəbində yaradılan yüksək şəraitin muxtar respublikada uğurla həyata keçirilən təhsil islahatlarının davamı olduğunu bildirmiş, kollektiv adından minnətdarlıq etmişdir.
Məktəbin həyətində açıq idman qurğuları qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, abadlıq və yaşıllaşdırma tədbirləri aparılmışdır.

*     *     *

Şəkərabad kəndində aparılan quruculuq işləri zamanı bir sıra abadlıq işləri də görülmüş, rabitə, elektrik və qaz xətləri yenilənmişdir. Belə ki, kənddə 4450 metr rabitə və 120 metr fiberoptik kabel, 450 metr yeraltı qaz və 750 metr yeraltı elektrik xətti çəkilmiş, 1 ədəd yeni transformator quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR