Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.
Ekmələddin İhsanoğlu ölkəmizə hər gəlişi zamanı böyük inkişaf prosesinin şahidi olduğunu dedi. O, Azərbaycanın təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın bu təşkilatın bütün strukturlarında fəal əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi.
* * *
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
AzərTAc