05 Yanvar 2025, Bazar

Aprelin 2-də Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin yeni asfalt zavodunun açılışı olmuşdur.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür, şəhərin küçə və məhəllələri abadlaşdırılır. Görülən bu işlər Naxçıvan şəhərinin simasının dəyişməsinə, insanların rahatlığının təmin olunmasına səbəb olmuşdur. Yeni asfalt zavodun istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərə əlavə stimul verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, asfalt zavodun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Bu məqsədlə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir, ulu öndəri­mizin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində yeni istehsal müəssisələri yaradılır, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün istifadəyə verilən asfalt zavodu da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Muxtar respublikamızda yol tikintisi mühüm yer tutur. Magistral, şəhərdaxili və kənd yollarının müasir səviyyədə qurulması, yeni yol infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan şəhərinin ərazisinin böyüməsi tikinti-quruculuq işlərinin, eləcə də yol tikintisinin genişləndirilməsinə səbəb olmuşdur. Yeni asfalt zavodun istifadəyə verilməsi Naxçıvan şəhərində həyata keçirilən yol-tikinti işlərinin miqyasının genişlənməsinə, şəhər yollarına yüksək keyfiyyətli asfalt örtüyün salınmasına, tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir. Zavodda istehsal olunan kilid daş isə Naxçıvan şəhərinin abadlaşdırılmasında istifadə olunacaqdır”.
“Muxtar respublikada istehsal sahələri yaradılarkən yeni iş yerləri də açılır. Yeni iş yerlərinin açılması isə əhalinin məşğulluğunun təmin olunmasına, sosial-rifah halının yüksəldilməsinə xidmət edir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaradılan şəraitin müqabilində kollektiv öz işinə məsuliyyətlə yanaşmalı, keyfiyyətli məhsul istehsal olunmalıdır.

Ali Məclisin Sədri müəssisəni işə salmış, istehsal prosesində istifadə olunan xammal nümunələrinə baxmışdır.
Məlumat verilmişdir ki, zavod asfalt istehsalı sahəsindən və daş-çınqıl karxanasından ibarətdir. Zavodda avadanlıqlar dəstinin quraşdırılmasına 1 milyon 748 min manat vəsait sərf olunmuşdur. İstehsal gücü saatda 125 ton olan zavodun həyətində tutumu 1350 ton olan bitum anbarı yaradılmış, yeməkxana istifadəyə verilmişdir.
Daş-çınqıl karxanasında istehsal gücü saatda 120 kub olan daşdoğrayan aqreqat quraşdırılmış, 4 çeşiddə məhsul istehsalına başlanılmışdır. Yeni texnoloji avadanlıqda istehsal olunan qum və çınqıl öz keyfiyyəti ilə seçilir. Ümumi sahəsi 5100 kvadratmetr olan kilid daş istehsalı sexində də müasir avadanlıqlar quraşdırılmışdır. Burada 6 çeşiddə kilid daş istehsalı həyata keçirilir.
Ali Məclisin Sədri keyfiyyətli məhsul istehsalının həyata keçirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR