Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul etmişdir.
Amangeldi Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Amangeldi Jumabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini dedi.
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxın qonşu, dost və tərəfdaş olduğunu dedi. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
AzərTAc