Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda Qəbələdə keçirilmiş Beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
Ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanda “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda keçirilən konfransı bu əlaqələrin mühüm göstəricilərindən biri kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkələrimizdə fövqəladə hallarla məşğul olan müvafiq qurumların bir-birinə qarşılıqlı dəstək vermələrinin vacibliyini vurğuladı.
Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə səfər etmələrindən məmnunluğunu ifadə edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Navaf əl-Sleybi yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Sonda Navaf əl-Sleybi dövlətimizin başçısına Beynəlxalq Mülki Müdafiə Təşkilatının xatirə hədiyyəsini təqdim etdi.
AzərTAc