05 Yanvar 2025, Bazar

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı zəngin mədəniyyətimizin, çoxəsrlik milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir”.

Novruz bayramı hər il Naxçıvan Muxtar Respublikasında da geniş qeyd edilir. Artıq 5 ildir ki, Novruz bayramında xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur.

Martın 20-də Naxçıvan şəhərindəki “Əcəmi seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Novruz şənliyində iştirak etmişdir.
Milli geyimli oğlan və qız Ali Məclisin Sədrinə səməni təqdim etmişlər.
Naxçıvan Musiqi Kollecinin xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının ifasında kompozisiya təqdim edilmiş, el ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulamış, xalq qəhrəmanları Babək və Koroğlu xalqımızın vətənpərvərlik, qəhrəmanlığından söz açmışlar.
Bayram şənliyində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və Naxçıvan Musiqi Kollecinin tələbələri “İgidlər” və “Yallı” rəqsini ifa etmiş, uşaqların təqdimatında Novruz bayramına həsr olunmuş şeirlər səsləndirilmiş, qanunçalan qızlar şən musiqi nömrələri ilə çıxış etmişlər.

Xalqımızın çoxəsrlik tarixi və mənəvi mədəniyyətinin tərkib hissəsi olan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Şifahi xalq yaradıcılığının qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində aşıq yaradıcılığının xidməti böyükdür. Tədqiqatlar göstərir ki, ozan-aşıq sənətinin türk dünyasında ən çox inkişaf etdiyi məkan Azərbaycandır. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvanda da ta qədimdən inkişaf etmiş, Naxçıvan aşıqları qəhrəmanlıq, torpağa bağlılıq ruhunda qoşmalar söyləmiş, mahnılar oxumuşlar. Bu gün muxtar respublikamızda aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Aşıq sənətinə göstərilən qayğının nəticəsidir ki, minilliklərdən üzübəri gələn mənəvi zənginlik, xalqın istək və arzularının təcəssümü olan saz havaları Novruz bayramı şənliklərində geniş yer tutur, xalqımız tərəfindən yüksək rəğbətlə qarşılanır. Bayram şənliyində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri saz havaları üstündə təbriklərini çatdırmış, tədbir iştirakçılarına xoş anlar yaşatmışlar.
Dünya mədəniyyətinin beşiyi olan Naxçıvan öz qədimliyi, memarlıq abidələri, etnoqrafiyası və folkloru ilə seçilir. Muxtar respublikamızın bütün bölgələri kimi, Şahbuz rayonunun folkloru da zəngindir. Bayram şənliyində Şahbuz rayonundan gəlmiş folklor qrupu “Hodu-hodu” oyununu təqdim etmişdir.
Şahbuz və Babək rayonlarından gələn tulumçalanların ifasında qədim xalq musiqi nömrələrini tamaşaçılar alqışlarla qarşılamış, tədbir iştirakçıları Naxçıvan Dövlət Tarix Muzeyinin eksponatlarına maraqla baxmışlar.

Naxçıvan Qızlar Liseyində şagirdlərə yüksək tədrislə yanaşı, milli dəyərlərimiz, qədim adət-ənənələrimiz, xalq sənəti nümunələri də öyrədilir. Hazırda məktəbdə “Xalçaçılıq”, “Tikiş-toxuculuq” və “Kulinariya” dərnəkləri fəaliyyət göstərir. Hər il keçirilən Novruz şənliklərində Naxçıvan Qızlar Liseyinin şagirdləri də maraqlı kompozisiyalar təqdim edirlər. Bu il də liseyin şagirdləri “Bayram axşamı – axır çərşənbə” kompozisiyasını tədbir iştirakçılarına təqdim etmişlər.
Bayram tədbirinə toplaşanlar Naxçıvan Dövlət Uşaq Teatrının gənc aktyorlarının ifasında Azərbaycan xalq nağıllarının motivləri əsasında hazırlanmış səhnəciklərə tamaşa etmişlər. Teatrın fəaliyyətini əks etdirən guşədə müxtəlif tamaşalardan fotoşəkillər, afişalar, balaca aktyorlar haqqında məlumatlar öz əksini tapmışdı.
Naxçıvan Musiqi Kollecinin sazçalanlar ansamblı və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivi də öz ifaları ilə tamaşaçıların rəğbətini qazanmışlar.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təqdim etdiyi guşədə müxtəlif əl işləri və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunurdu. Tədbir iştirakçıları mərkəzin dərnək üzvlərinin hazırladıqları maketlərə maraqla baxmışlar. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Estetik Tərbiyə Mərkəzinin üzvləri Azərbaycan milli rəqslərini məharətlə ifa etmişlər.
Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələrin ifasında folklor nümunələri və rəqs nömrələri xoş təəssürat yaratmış, tələbələr xalqımızın incəsənətində mühüm yer tutan ebru sənətinin incəliklərini əyani nümayiş etdirmişlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Arxeologiya Muzeyində qorunub saxlanılan maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixinin izlərini özündə yaşadır. Bayram tədbirində muzeyin eksponatları və bölmə əməkdaşlarının kitabları nümayiş etdirilmişdir. Bildirilmişdir ki, Naxçıvanın 5 min illik şəhər mədəniyyəti tarixi vardır. Arxeoloqların apardıqları qazıntılar nəticəsində sübut olunmuşdur ki, Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycanlılar bu ərazidə minlərlə tarixi abidə yaratmış, bəşər sivilizasiyasına dəyərli nümunələr bəxş edərək xalqımızın zəngin tarixini, elmi və mədəni irsini formalaşdırmışlar.
Milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Naxçıvanda bu sahə daha qədim dövrlərdən təşəkkül tapmış, təbii-coğrafi şəraitə uyğun olaraq formalaşmış, inkişaf etmiş, hər əsrdə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmişdir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün ayrılmış guşədə Naxçıvan mətbəxindən nümunələr nümayiş etdirilirdi. Məlumat verilmişdir ki, mərkəz xarici ölkələrdə keçirilən festivallarda iştirak edərək bir sıra nailiyyətlər əldə etmişdir. Ötən il “Naxçıvan mətbəxi” kitabının çap olunması isə milli yeməklərimizin tanıdılması və təbliğində özünəməxsus yer tutur.
Bayram şənliyində Texniki Yaradıcılıq Mərkəzinin müxtəlif dərnəklərində hazırlanan əl işlərinə baxış olmuş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının hazır­ladığı guşədə muxtar respublikamızdan, onun tarixindən, adət-ənənələrindən bəhs edən kitablar nümayiş etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi sərgidə xüsusi istedada malik olan qadınların muxtar respublikamızın tarixi abidələrini, dövlət atributlarını, təbiət mənzərələrini əks etdirən toxuculuq nümunələri və əl işləri nümayiş olunurdu.

Möminə xatın məqbərəsinin qarşısındakı meydanda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblı “Novruzu” rəqsini tamaşaçılara təqdim etmişdir.
Ali Məclisin Sədri bayram münasibətilə tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini təbrik edərək demişdir: “Hər bir millətin xarakteri onun milli dəyərlərində yaşayır. Novruz bayramı Azərbaycan türklərinin xarakterini, etnoqrafik xüsusiyyətlərini, yaradıcı düşüncəsini və milli ruhunu dolğun şəkildə ifadə edən böyük el bayramıdır”.
Naxçıvan Muxtar Respublikasında builki Novruz bayramının iqtisadi inkişafın artdığı, quruculuq tədbirlərinin dinamik xarakter aldığı bir dövrdə qeyd olunduğunu bildirən Ali Məclisin Sədri demişdir: “Əvvəlki dövrlərdə olduğu kimi, yola saldığımız ildə də muxtar respublikada sabitlik təmin edilmiş, bu əsasda iqtisadiyyatın bütün sahələrində artıma nail olunmuşdur. Sosial-iqtisadi inkişafın əsas göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı əvvəlki illə müqayisədə 17 faiz artaraq 2 milyard 103 milyon manatdan çox olmuşdur. Tikinti-quruculuq işləri də genişlənmiş, əsas kapitala yönəldilmiş investisiyanın həcmi 20 faizdən çox artaraq 982 milyon manat təşkil etmişdir. 14 kənd və 15 xidmət mərkəzi, 16 səhiyyə, 26 mədəniyyət müəssisəsi, 7 mindən çox şagird yerlik 18 məktəb binası, bütövlükdə isə 724 obyekt tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir”.
Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublika iqtisadiyyatının ən mühüm göstəricilərindən biri də xarici ticarət dövriyyəsinin ilbəil artmasıdır. 2012-ci ildə bu sahə üzrə göstərici əvvəlki illə müqayisədə 12 faiz artmış, 451 milyon ABŞ dolları təşkil etmişdir. Görülən tədbirlər nəticəsində təkcə ötən bir il ərzində 8 mindən çox yeni iş yeri açılmışdır. İl ərzində həyata keçirilən tədbirlərin sosial xarakterli olması demo­qrafik vəziyyətə də öz təsirini göstərmiş, bir il ərzində muxtar respublika əhalisinin sayı 8700 nəfərdən çox artaraq 428 min nəfərə çatmışdır.
Bayram günündə ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq öz yaradıcı işi və zəhməti ilə quruculuq tədbirlərinə töhfəsini vermiş bütün insanlara təşəkkürünü bildirən Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada əldə olunmuş nailiyyətlər Novruz bayramı ilə başlanan yeni ilə nikbinliklə baxmaq imkanı yaradır. Biz hamımız əminik ki, 2013-cü ildə – “Heydər Əliyev ili”ndə muxtar respublikamızın inkişafında daha böyük nəticələr əldə olunacaq, Azərbaycanın bu qədim diyarı inkişaf edərək müstəqil ölkə­mizin tərəqqisinə də öz töhfəsini verəcəkdir. Bir daha hamınıza xoş bayram ovqatı arzulayır, torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad edir, onların ailələrini, Silahlı Qüvvələrin Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini, xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm”.

Sonra Ali Məclisin Sədri Novruzun simvolu olan bayram tonqalını yandırmışdır.
Bayram tədbirində “Şərur” Xalq Yallı Ansamblının təqdim etdiyi kompozisiya bir daha xalqımızın birlik və həmrəyliyinin, qədim mədəniyyətinin təcəssümünə çevrilmiş, bayram tədbirinin iştirakçılarında xoş ovqat yaratmışdır.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə geniş yayılmış qədim çalğı alətlərimizin bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tanıdılmasına ciddi ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, kərənay, ney, zurna, balaban kimi çalğı alətlərimizə yeni həyat verilməsi mühüm əhəmiyyət daşıyır. Açıq Səma Altında Muzeydə qədim musiqi alətlərimizin sərgisi və emalatxanası qurulmuş, Naxçıvan Musiqi Kollecinin qədim musiqi alətləri ansamblı rəngarəng musiqi nömrələri ifa etmişdir.
Azərbaycan xalqı milli mədəniyyəti, folkloru, qədim tarixi ilə yanaşı, igid, mərd oğulları ilə də fəxr edir. Azərbaycan oğulları tarixən qılınc vurub, qalxan tutmuşlar. Novruz bayramı şənliklərinin rəmzlərindən biri də igid Azərbaycan oğullarının, pəhləvanlarımızın öz güclərini sınamasıdır. Bayram şənliyində Babək rayonundan gələn pəhləvanın çıxışı maraqla qarşılanmışdır.

Tədbirdə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının təqdimatında səhnəciklər göstərilmiş, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin nağaraçalanlar ansamblı ritmik mahnılar ifa etmişlər.
“Əcəmi seyrəngahı”nın bir hissəsində ictimai-iaşə xidməti və yerli müəssisələrin istehsal etdikləri məhsulların satışı təşkil edilmişdi. Bayram tədbirinə müxtəlif ərzaq məhsulları çıxarılmışdı. “Milli mətbəximiz” adlı guşədə muxtar respublikamızda bişirilən müxtəlif növ plov, küftə, dolma, piti yeməkləri, kükü, tərəh, qəysəva, ləvəngi və digər milli yemək və şərbət növləri bayram tədbirinin iştirakçılarına təklif edilirdi.
Ali Məclisin Sədri Novruz tortunu kəsmişdir.
“Cahan Holdinq” Şirkətlər İttifaqının “Banu” Məişət Evi milli geyim nümunələrimizi nümayiş etdirmiş, burada qədim Şərqin bazar ənənələrini əks etdirən “Baqqal dükanı” təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının qorunub saxlanılmasında, folklorumuzun təbliği və öyrənilməsində, xalq sənətinin, milli geyimlərin, milli mətbəxin yaşadılmasında böyük əhəmiyyətə malikdir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan edilməsi isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. “Milli dəyərlər ili”ndə muxtar respublikamızda beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilmiş, “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır. Bununla yanaşı, elm, təhsil və mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər keçirilmiş, xalçaçılıq, boyaqçılıq, papaqçılıq, misgərlik, dəmirçilik, taxta üzərində oyma kimi qədim xalq sənəti nümunələri canlandırılmışdır. Eyni zamanda bədii yaradıcılıq prosesində milli dəyərlərimizin öyrənilməsi və təbliği üstün istiqamət kimi götürülmüş, kitablar, jurnallar, kataloqlar çap edilmiş, televiziya filmləri hazırlanmışdır. Milli dəyərlərimizin simvolu olan xalq yaradıcılığı öz kökünü ən qədim dövrlərdən götürür. Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.

Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar xalq yaradıcılığının mühüm qolu olan el sənətkarlığının 5-7 min illik inkişaf dövrü keçdiyini sübut edir. Naxçıvan Muxtar Respublikasının indiki və tarixi ərazilərində yaşamış əcdadlarımızın həyat tərzi, inamları və adət-ənənələri xalq sənətində öz əksini tapmışdır. Bayram şənliyində metal üzərində döymə, taxta üzərində oyma, şəbəkə də nümayiş olunurdu. Bu gün muxtar respublikamızda xalq sənətkarlığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin ağac­işləmə, papaqçılıq, dülgərlik, toxuculuq, dəmirçilik, misgərlik, daşyonma sahələrini özündə əks etdirən nümunələr şənlik iştirakçılarının marağına səbəb olmuşdur.

Milli dəyərlər sistemimizdə özünəməxsus yer tutan xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda da qədim dövrlərdən xalçaçılıq sənətinin inkişafı üçün münbit şərait olmuşdur. Orta əsrlər ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən dəyərli incilərdir. Bayram şənliyində Naxçıvan qrupuna aid olan xalçalar, bədii tikmə və parça nümunələri, yun darağı, kirgitlər, ilmə bıçağı nümayiş olunmuşdur.
Milli geyimli oğlanlar tədbir iştirakçılarına şirniyyat və şərbət paylamış, Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyü maraqlı ifaları ilə xoş ovqat yaratmışdır.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin rəsm əsərlərinə baxmışdır. Rəssamların muxtar respublikanın tarixi abidələri, təbiət mənzərələri, görməli yerləri ilə bağlı çəkdikləri əsərlər maraqla qarşılanmış, gənc rəssamlar əyani şəkildə muxtar respublikamızın təbiət mənzərələrinin rəsmini çəkmişlər.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə xalq gəzintisi təşkil olunmuş, bayram şənlikləri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR