Tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
Fevralın 26-da Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə Kompleksində anım mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xatirə Kompleksindəki soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ziyalılar, ictimaiyyətin nümayəndələri də Xocalıda erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.
Anım mərasiminin aparıcıları qeyd etmişlər ki, erməni millətçiləri əzəli Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçirmişlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı faciəsi də bu siyasətin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən Xocalı soyqırımı öz qəddarlığına görə Xatın və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etdi. Dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirildi. Bir gündə 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar idi. Xocalı faciəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər əlil olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərin 150 nəfərinin taleyi indiyədək məlum deyil.
Bu qanlı aksiya nəticəsində bir günün içində Xocalı adlı şəhər Yer üzündən silinmiş, insan yaşamayan xarabazarlığa çevrilmişdir. Soyqırımı aktı zamanı Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmiş, ağbirçək anaya da, ağsaqqal qocaya da, südəmər körpəyə də aman verilməmişdir. Qabaqcadan düşünülmüş qaydada insanların ən qəddar formada və tamamilə məhv edilməsi niyyəti ilə törədildiyinə görə Xocalı faciəsi beynəlxalq hüquqa əsasən, soyqırımı kimi qiymətləndirilir.
Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermişdir. Ulu öndərimiz hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə verdiyi bəyanatda Xocalı soyqırımını törədənləri ittiham etmişdir. Ümummilli liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmiş, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Ulu öndərimiz Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də təsirli tədbirlər görmüş, dünya birliyini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Ulu öndərimiz Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi xalqımızın, millətimizin tarixində qara bir səhifədir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Ulu öndərimizin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Dövlət başçısı Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.
Son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın həyata keçirdiyi bu cinayətin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülmüşdür. Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi tərəfindən “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyası təsis olunmuşdur. 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir. Qətnamədə Xocalı faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı” və “İnsanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir.
Xocalı harayı, Xocalı fəryadı ürəklərimizdə daim qanayan yaradır. Bu gün Xocalı harayı dünyanın hər yerindən eşidilir, Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sənədli materiallar nümayiş etdirilir. Xocalıda ermənilər tərəfindən törədilən soyqırımını beynəlxalq ictimaiyyət hiddətlə qarşılayır, dünyanın hər yerində bu soyqırımına etiraz edənlərin sayı ildən-ilə artır. Artıq Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya və Kanada parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımış və ya bu barədə xüsusi bəyanat qəbul etmişlər. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi, Nyu-Meksiko, Meyn, Texas, Corciya, Massaçusets və Arkanzas ştatlarının qanunverici orqanları da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarmışlar. Uzaq Amerika qitəsində, Asiyada, Avropada, ümumiyyətlə, dünyanın dörd bir yanında Xocalı soyqırımının tanınması haqqın, ədalətin təntənəsidir.
Fevral ayının əvvəlində Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlılar ermənilərin törətdiyi Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində petisiya yerləşdirmişlər. Qısa vaxtda petisiyaya səs verənlərin sayı 100 mini keçmişdir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına qarşı yönəlmiş petisiya da Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Bu petisiya üçün də 100 mindən artıq imza toplanmışdır. Bu bir daha təsdiq edir ki, milliyyətindən və harada yaşamasından asılı olmayaraq, insanlar haqqın, ədalətin yanındadır. Dünya xalqları Xocalıda törədilən soyqırımına və Azərbaycanın tarixi torpaqlarının işğalı faktına biganə qalmamışlar.
Tədbirin aparıcıları belə bir fikir ifadə etmişlər ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı təkcə faciə tariximiz deyil, eyni zamanda ərazi bütövlüyümüzün bərpası və işğala son qoyulması uğrunda mübarizə tariximizin də bir səhifəsidir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və milli mənafeyə uyğun siyasi xətt bütün Azərbaycan xalqının iradəsini əks etdirir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qanını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.
Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti