05 Yanvar 2025, Bazar

Martın 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının sədri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Vəli Ələsgərov, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoymuşdur. Həmin il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər həyata keçirilmiş, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır.
“Muxtar respublikada əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın böyük rolu vardır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və yeni idmançılar hazırlamaq aparılan idman siyasətinin əsas məqsədidir. Hal-hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 10 Uşaq-Gənclər İdman Məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları fəaliyyət göstərir. Son illər 40-a yaxın idman obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilmişdir. İstifadəyə verilən ümumtəhsil məktəblərində ən müasir standartlara cavab verən idman zalları yaradılmışdır. Görülən işlərin nəticəsidir ki, muxtar respublika müxtəlif beynəlxalq yarışların keçirildiyi regiona çevrilmişdir.
Ali Məclisin Sədri demişdir: “Hər il aid nazirliklərin, eləcə də idman federasiyalarının gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirələrin keçirilməsi idmanın inkişafına və federasiyaların fəaliyyətinə müsbət təsir göstərmiş, təşkilati işlər mərkəzləşmiş qaydada aparılmışdır. Əldə olunmuş nəticələr arxayınlaşmaq üçün əsas vermir. Bu nəticələrin daha da yaxşılaşdırılması məqsədilə fəaliyyət gücləndirilməli, buraxılmış nöqsan və çatışmazlıqlar aradan qaldırılmalıdır”.
Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında idmanın stend və sportinq atıcılıq növünün inkişafı, bu idman növü ilə yanaşı, hava və ekstremal idman növünün fəaliyyətinin təşkili üçün də hər cür şərait mövcuddur.
Hər iki idman növü üzrə təşkilati işlərin görülməsi və 2 yeni idman federasiyasının yaradılmasının zəruriliyi nəzərə alınaraq müşavirədə Atıcılıq və Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmışdır. Atıcılıq Federasiyasına Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədovun, Hava və Ekstremal İdman Növləri Federasiyasına isə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubovun sədrliyi təklif olunmuşdur.
Müşavirədə qeyd edilmişdir ki, ötən müddətdə muxtar respublikada idmanın kütləviliyi təmin edilməmiş, Basketbol Federasiyası tamamilə diqqətdən kənarda qalmış və öz fəaliyyətini qura bilməmişdir. Basketbol Federasiyasında dönüş yaradılması üçün “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev federasiyanın yeni sədri təqdim olunmuşdur.
Müşavirədə aidiyyəti orqanlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri demişdir: “Faktların təhlili göstərir ki, Gənclər və İdman Nazirliyi ilə idman federasiyaları arasında hələ də birgə fəaliyyət təmin olunmayıb. İşin bu cür təşkili yalnız müxtəlif tədbirlər keçiriləndə yada düşür, sonra isə unudulur. Çalışıb ona nail olmaq lazımdır ki, nazirlik və idman federasiyaları arasında təsdiq olunmuş tədbirlər planı formal xarakter daşımasın. Bu iş nəticəli olmalı, konkret səmərə verməlidir. Gənclər və İdman Nazirliyi və idman federasiyaları ölkə və beynəlxalq yarışlara hazırlığın səviyyəsini artırmalı, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi üçün mövcud imkanlar nəzərə alınmaqla, birgə qrafik tərtib etməlidirlər. Muxtar respublikanın özündə federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün olmayacaqdır. Fəaliyyətin bu qaydada təşkili diqqətdə saxlanılmalı, peşəkar məşqçilərin dəvət edilərək muxtar respublikada seminar və məşğələlər keçirmələri bundan sonra da təmin olunmalı, onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır”.
“Gənc idmançıların yetişməsi xeyli dərəcədə məşqçilərin fəaliyyətindən asılıdır. İstər nazirlik, istərsə də federasiyalar diqqət yetirməlidirlər ki, idman növləri üzrə məşqçi fəaliyyətinə tanınmış, peşəkar şəxslər cəlb olunsunlar”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Gənclər və İdman Nazirliyi bütün idman federasiyaları üzrə məşqçilərin hazırlanmasına, lazım gələrsə, onların əlavə hazırlıq kurslarına göndərilməsinə nail olmalıdır. Bundan başqa, müxtəlif idman növləri üzrə məşqçilərin, hakimlərin və idman üzrə digər mütəxəssislərin attestasiyası davam etdirilməli, bu iş daim nəzarətdə saxlanılmalıdır. Diqqət yetirmək lazımdır ki, ölkə və beynəlxalq səviyyəli yarışlara yalnız xüsusi qabiliyyətli və perspektivli idmançılar göndərilsin. Bu yolla həm ölkə və beynəlxalq təcrübə mənimsənilər, həm də bu yarışlarda idmançıların reytinq göstəriciləri təmin edilmiş olar.
Ali Məclisin Sədri demişdir: “İdmanın kütləviliyinin təmin olunmasında muxtar respublika Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür. Nazirlik Gənclər və İdman Nazirliyi və federasiyalarla, ələlxüsus da Şahmat Federasiyası ilə əlaqəni gücləndirməlidir. Bu gün muxtar respublikada şahmat üzrə ən müasir maddi-texniki baza yaradılıb. Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayonlarda isə Uşaq-Gənclər Şahmat məktəbləri fəaliyyət göstərir. Lakin onlarda hazırlıq səviyyəsi bizi qane etmir. Orta ümumtəhsil məktəblərində də şahmatın tədrisində hələ ki, lazımi nəticə yoxdur. Bu sahədə ciddi dönüş yaradılmalı, şahmat məktəblərinin müasir elektron tədris vasitələri ilə təminatı sahəsində işlər davam etdirilməli, dərslərin internet üzərindən tədrisinə diqqət artırılmalıdır”.
Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəblərinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini bildirərək demişdir: “Yetişməkdə olan gənclərin fiziki sağlamlığının təmin olunması məqsədi ilə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürülməlidir. Şəhər və rayon İcra hakimiyyətləri bununla bağlı fəaliyyətlərini gücləndirməli, təhsil şöbələri ilə birlikdə istər ümumtəhsil, istərsə də uşaq-gənclər şahmat və idman məktəblərində tədrisin vəziyyəti ilə ciddi maraqlanmalıdırlar. Şəhər və rayon İcra hakimiyyətləri qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılmasına nail olmalı, rayon İcra hakimiyyətlərinin başçıları idman federasiyalarının rayonlarda yaradılan şöbələrindən birinə rəhbərlik etməli, idmanın kütləviliyi, müxtəlif idman yarışlarının təşkili və keçirilməsi təmin edilməli, gənc idmançıların hazırlanmasına, yerlərdəki idman qurğu və obyektlərindən, eləcə də olimpiya idman komplekslərindən istifadəyə, bununla yanaşı, onların qorunub-saxlanılmasına da diqqət yetirilməlidir”.
Qeyd olunmuşdur ki, Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində müxtəlif idman yarışları təşkil etməklə istedadlı gənclərin üzə çıxarılmasına nail olmalı, keçirilən idman yarışlarında onların iştirakını təmin etməlidir. Uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi diqqətdə saxlanılmalı, məktəblərdə yay-idman məşğələləri təşkil olunmalıdır. Təhsil Nazirliyi ümumtəhsil və orta ixtisas məktəblərində idman zal və qurğularından səmərəli istifadəyə nail olmalı, idman federasiyaları ilə birgə tədbirlər keçirməli, bədən tərbiyəsi və idman sahəsində pedaqoji fəaliyyətə müvafiq ixtisas təhsili olanları cəlb etməlidir. Bütün təhsil müəssisələrində bədən tərbiyəsinin tədrisinə nəzarət təmin olunmalıdır.
Ali Məclisin Sədri tapşırmışdır ki, Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə hər bir federasiyanın ayrı-ayrılıqda internet saytını yaratmalı, burada istedadlı idmançılar, keçirilən yarışlar, qazanılan uğurlar barədə məlumatlar yerləşdirilməlidir. Muxtar respublikada mövcud olimpiya idman kompleksləri öz fəaliyyətlərini gücləndirməli, yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, bununla yanaşı, olimpiya idman komplekslərinin saxlanılmasına da diqqət artırılmalıdır. Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birlikdə 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa oyunlarında muxtar respublika idmançılarının iştirakı və yüksək nəticələr əldə edilməsi üçün ciddi hazırlıq işləri görməli, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı diqqət mərkəzində saxlanılmalıdır. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tədbirlər keçirməli, əlil idmançıların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası üçün fəaliyyətlərini gücləndirməli, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğu və zallarından istifadələrinə diqqəti artırmalıdırlar.
Ali Məclisin Sədri idmanın kütləviliyinin təmin olunmasında muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, federasiyalar öz işini Azərbaycanda fəaliyyət göstərən müvafiq federasiyalarla qarşılıqlı əməkdaşlıq şəraitində qurmalı, ustad dərslərinin təşkili davam etdirilməli, məşqçilərin peşəkarlığı daha da artırılmalıdır.
Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikada idmanın inkişafı bizim hər birimizi düşündürməlidir. Kütləvi informasiya vasitələri sağlam həyat tərzinin formalaşdırılmasında, əhali sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu barədə tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın kütləviləşməsinə öz töhfəsini verməlidir.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan edilmişdir. “Heydər Əliyev ili” çərçivəsində ulu öndərin 90 illik yubileyinə həsr olunmuş idman yarışları təşkil edilməli, “Heydər Əliyev ili”ndə daha yüksək uğurlar qazanmaq üçün idmançılarımız və aid təşkilatlar səylə çalışmalıdırlar”.
Müşavirədə qeyd olunan tapşırıqların ümumiləşdirilərək icra üçün rəhbərliyə alınması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına tapşırılmışdır.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR