Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Yuha Kahköneni qəbul etmişdir.
Təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Yuha Kahkönen Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu məmnunluqla vurğulayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini də qeyd etdi.
İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edərək, bunu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirdi.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu. Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoji kollektivi ilə görüşdü. Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc