Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikaya yeni alınıb gətirilmiş kommunal təyinatlı avtomobillərə və yol-tikinti texnikalarına baxmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması, şəhərin təmiz saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə “Mercedes” markalı 1 ədəd qarkürüyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 3 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.
Tullantıdaşıyan maşının bunkeri 13 ton yük götürə bilir və sürücü kabinəsindən asanlıqla idarə olunur. Silindr formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının ətrafa dağılmasının qarşısını alır. Qarkürüyən və qumsəpən avtomobil qış aylarında Naxçıvan şəhərində yolların qar və buzdan təmizlənməsində, yoltəmizləyən maşınlar isə yolların təmizlənməsində və yuyulmasında istifadə ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxış zamanı məlumat verilmişdir ki, yüksək texniki göstəricilərə malik olan 2 “CAT” markalı yükləyici ekskavator muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulması və müasir yolların çəkilməsi işlərində istifadə olunacaqdır. Yüksək texniki göstəricilərə malik olan “CAT” markalı vərdənə yol yatağının möhkəmləndirilməsi və yeni salınan asfalt örtüyünün bərkidilməsi üçün nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti